Vergi Məcəlləsinin 175-ci maddəsi büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən əlavə dəyər vergisinə (ƏDV) həsr olunub. Bu maddənin müddəaları ilə bağlı maraq doğuran məsələləri iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Vergi Məcələsinin 175.1.3-cü maddəsində qeyd edilir ki, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.
Misal 1: ƏDV ödəyicisi olan “A” MMC qarşı tərəfdən yanvar ayında 1.000 manatlıq mal alıb. “A” MMC yanvar ayında bank hesabına həmin malın 600 manatını və müvafiq olaraq 108 manat (600 manat x 18 faiz) ƏDV-ni ödəyib. Fevral ayında bank hesabına 400 manat və ona mütənasib 72 manat (400 x 18 faiz) ƏDV-ni isə depozit hesabına ödəyib. Bu halda, “A” MMC yanvar və fevral ayında müvafiq olaraq 108 manatlıq və 72 manatlıq ƏDV-ni əvəzləşdirə biləcək.
Misal 2: Vergi ödəyicisi mart ayında qarşı tərəfdən 4.000 manatlıq mal almasına baxmayaraq, 8 aprel 2020-ci tarixində bank hesabına 3.000 manat əsas məbləğ ödəsə də, həmin tarixdə aprel ayı üçün cəmi 200 manat ƏDV məbləğini depozit hesabına ödəyib. Bu zaman, vergi ödəciyisi 3.000 manata görə hesablanan ƏDV-ni, yəni 540 manatı (3.000 manat x 18 faiz) əvəzləşdirə bilməyəcək.
Bir məsələni qeyd edək ki, vergi ödəyicisi ödənişləri misalımıza uyğun həyata keçirdikdə ona maliyyə sanksiyası tətbiq olunacaq. Çünki Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq 175.8-ci maddədə göstərilən vergi ödəyicisi tərəfindən ƏDV məbləğinin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi ödəyicisi 3.000 manat ödəniş etdiyi zaman 540 manat yox, 200 manat ödədiyinə görə vaxtında ödənilməyən 340 manatın (540 manat – 200 manat) 50 faizi həcmində – 170 manat miqdarında maliyyə sanksiyasına məruz qalacaq.
Misal 3: Vergi ödəyicisi təqdim olunan mallara görə qarşı tərəfin bank hesabına 4.000 manat nağdsız ödənişlə yanaşı, əlavə dəyər vergisini depozit hesabına 1.000 manat ödəyib. Bu zaman, vergi ödəyicisinin əvəzləşdirəcəyi məbləğ 1.000 manat yox, 720 manat (4000 manat x 18 faiz) olacaq.
Misal 4: Vergi ödəyicisi aprel ayında göstərilən xidmətlərə görə digər vergi ödəyicisinə nağd şəkildə 3.000 manat ödəniş edib. Müvafiq olaraq əlavə dəyər vergisi depozit hesabına da 540 manat köçürüb. Bu halda, xidmətin dəyəri nağd formada ödənildiyi üçün vergi ödəyicisi əvəzləşdirmə hüququnu itirir.
Misal 5: Vergi ödəyicisi may ayında malların alınması üçün digər vergi ödəyicisinə nağdsız formada 3.000 manat ödəniş edib, müvafiq olaraq qarşı tərəfin depozit yox, bank hesabına da 540 manat köçürüb. Bu halda, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi əvəzləşdirmə həyata keçirə bilmir.
Mənbə: vergiler.az
Bax:
-
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
-
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
-
Təsisçi avadanlığı borc yoxsa əvəzsiz qaydada verməlidir?
-
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
-
Sosial xarakterli xərclər hansılardır?
-
Kommunal xərclərə görə icarəyə verənə təqdim edilən e-qaiməni icarəçi xərc kimi nəzərə ala bilər?