Əmək Məcəlləsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Məcəllənin 90-cı maddəsinə görə, normal iş vaxtına uyğun olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
Bəs altıgünlük iş həftəsində gündəlik iş vaxtının müddəti necə tənzimlənir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bildirib ki, həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtı 7 saatdan çox ola bilməz.
Həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtı 6 saatdan çox ola bilməz.
Həftəlik norma 24 saat olduqda isə gündəlik iş vaxtı 4 saatdan çox ola bilməz.
Mənbə: vergiler.az










