Xarici ölkədə izlədiyim və bəyəndiyim bir animasiya filmini Azərbaycanda tərcümə etdirərək kinoteatrlarda nümayiş etdirmək istəyirəm. Filmin istehsalçısı deyiləm, lakin əlaqələrim vasitəsilə nümayiş hüququna ödənişsiz icazə almışam. Bu, sınaq məqsədi daşıyır və uğurlu olacağı təqdirdə növbəti seriyaların nümayişi ilə bağlı danışıqlar aparılacaq. Kinoteatrla müqavilə bağlanacaq və bilet satışından əldə olunan gəlir tərəflər arasında 50/50 nisbətində bölüşdürüləcək. Fərdi sahibkar kimi VÖEN-mi aktivləşdirmək üçün hansı fəaliyyət kodunu seçməli, hansı vergi rejimi üzrə vergi ödəməliyəm? Həmçinin, bu fəaliyyətlə bağlı hər hansı vergi güzəşti nəzərdə tutulubmu?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Ödənişsiz həyata keçirilən uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində aparılır.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda, əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Bununla belə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş verginin ödəyicisi olmaq hüququnuz saxlanılır.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Həmçinin, Vergi Məcəlləsinin 102.1.43-cü maddəsinə əsasən, filmin istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır.
İqtisadi fəaliyyət növlərinin 7 rəqəmli kodları üçün bu linkə daxil ola bilərsiniz:
Hər hansı əməliyyat üzrə yarana biləcək vergi öhdəliklərinin müəyyən edilməsi bilavasitə həmin əməliyyatlar üzrə ilkin sənədlərə, işin xarakterinə və vergi ödəyicisinin fəaliyyətinə bağlı olduğundan, vergitutma baxımından ətraflı məlumat üçün əməliyyatların xarakteri tam açıqlanmaqla, ilkin sənədlərlə və vergi ödəyicisinin fəaliyyəti haqqında ətraflı məlumat verilməklə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 33.4, 102, 220-ci maddələri
Mənbə: vergiler.az










