Azərbaycanda tətbiq olunan “Startap” şəhadətnaməsi və onun təqdim etdiyi vergi güzəştləri yeni yaranan texnoloji bizneslərin ilkin inkişaf mərhələsində maliyyə yükünün azaldılmasına və sahibkarlıq fəaliyyətinin təşviqinə xidmət edir. Qüvvədə olan qanunvericiliyə əsasən, bu şəhadətnaməni əldə edən mikro və kiçik sahibkarlıq subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən azad olunurlar. 2027-ci il yanvarın 1-dən isə güzəşt müddətinin 3 ildən 7 ilədək artırılması nəzərdə tutulur.
Bu vergi təşviqi startaplara ilkin mərhələdə əldə etdikləri maliyyə resurslarını layihələrin inkişafına, komandanın formalaşdırılmasına, texnoloji infrastrukturun qurulmasına və bazara çıxış imkanlarının genişləndirilməsinə yönəltməyə şərait yaradır, eyni zamanda yerli startapların fəaliyyətini genişləndirməsi və beynəlxalq bazarlara çıxması üçün əlavə imkanlar formalaşdırır.
“Startap” şəhadətnaməsindən yararlanan yerli layihələr müxtəlif sektorlarda ənənəvi biznes proseslərinin rəqəmsallaşdırılmasına, xidmətlərin daha çevik və səmərəli təşkilinə töhfə verirlər. Bu istiqamətdə fəaliyyət göstərən layihələrdən biri də fərdi sahibkarlar və hüquqi şəxslər arasında müqavilələrin elektron qaydada hazırlanması, imzalanması və arxivləşdirilməsi imkanlarını təqdim edən “E-Müqavilə” platformasıdır.
Startapın təsisçisi Fərid Qəhrəmanov “E-Müqavilə”nin indiyədək biznes proseslərinin rəqəmsallaşdırılmasına verdiyi töhfə və qarşıdakı dövr üçün planlarından danışıb.
Müqavilə sayı 4 mini ötüb
“E-Müqavilə” platforması üzərindən imzalanan müqavilələrin sayı 4.081-ə, aktiv istifadəçilərin sayı isə 4.582-yə çatıb. Sadə interfeysə malik platformada qarşı tərəfin tapılmasından müqavilənin hazırlanaraq elektron imzalanmasına qədər bütün proses cəmi bir neçə dəqiqə ərzində tamamlanır. Təxminən 5 dəqiqə çəkən imzalanma prosesi zamanı ucdan-uca şifrələmə texnologiyasından istifadə olunur. Müqavilələrin imzalanması isə “ASAN İmza” və “SİMA İmza” vasitəsilə həyata keçirilir.
F.Qəhrəmanov bildirib ki, platforma üzərindən bağlanan müqavilələr formal deyil, məhkəmələrdə hüquqi qüvvəyə malik sənədlər kimi tanınır. Azərbaycan qanunvericiliyinə əsasən, elektron imza ilə imzalanmış müqavilələr əl imzası ilə təsdiqlənmiş müqavilələrlə eyni hüquqi qüvvəyə malikdir.
Platformada müqavilənin göndərilməsi, ona baxılması və imzalanması daxil olmaqla, hər bir əməliyyat vaxt möhürü ilə qeydə alınır. Bu qeydlər zərurət yarandıqda hüquqi mübahisələr zamanı sübut kimi istifadə oluna bilər. Bununla yanaşı, bütün sənədlər saxlanılarkən və ötürülərkən şifrələnir. İstifadəçi məlumatları Azərbaycanda yerləşən serverlərdə qorunur. İmzalanmış sənədlərin məzmununa sonradan müdaxilə etmək mümkün deyil və onlar elektron arxivdə saxlanılır.
“E-Müqavilə” dövlətin rəqəmsal resursları ilə inteqrasiya olunub
“E-Müqavilə” 2026-cı ilin mayında KOBİA-nın (indiki Mikro, Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – red.) təqdim etdiyi “Startap” şəhadətnaməsini əldə edib. Bununla yanaşı, şirkətə “SİMA İmza” və “AzInCloud” bulud serverinin infrastrukturundan istifadə imkanı yaradılıb.
Startapçının sözlərinə görə, layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq lisenziyasını əldə edib, həmçinin Milli Kibertəhlükəsizlik Agentliyində dövlət qeydiyyatından keçib. Dövlət qurumlarının startap layihəsi çərçivəsində göstərdiyi dəstək nəticəsində “myGov” və “ASAN İmza” dövlət resursları da platformaya inteqrasiya olunub.
Müvafiq icazələrin alınmasından sonra platformanın funksionallığı genişləndirilib. Hazırda VÖEN-ə malik fərdi sahibkarlar və hüquqi şəxslər platforma üzərindən istənilən məzmunda xidmət, alğı-satqı və icarə müqavilələri hazırlaya, həmçinin bu müqavilələrə aid qiymət razılaşdırma protokolları, hesab-fakturalar və təhvil-təslim aktları yarada bilirlər. Bütün bu sənədlər elektron qaydada hazırlanaraq elektron imza ilə təsdiqlənir.
Beləliklə, sahibkarların müqavilələrin hazırlanması, imzalanması və əlaqəli sənədlərin rəsmiləşdirilməsi üzrə əməliyyatları vahid platformada, şəxsi istifadəçi kabineti vasitəsilə həyata keçirilir.
Yeni mobil tətbiq hazırlanır
2027-ci ildə platformanın funksionallığının daha da genişləndirilməsi nəzərdə tutulur. Belə ki, mobil tətbiqin istifadəyə verilməsi, müqavilələrin iki dildə hazırlanması və imzalanmazdan əvvəl tərəflər arasında razılaşdırılması funksiyalarının əlavə edilməsi planlaşdırılır. İstifadəçilərin işini asanlaşdırmaq məqsədilə müqavilə sənədlərinin süni intellekt texnologiyalarının köməyi ilə hazırlanması imkanı da yaradılacaq.
Hazırkı mərhələdə isə sənəd çeşidinin artırılması və platformanın mobil cihazlardan istifadəyə uyğunlaşdırılması istiqamətində işlər aparılır. Gələcək mobil tətbiqdə sənədlərin hazırlanması, elektron imzalanması və bildirişlərin idarə olunması imkanlarının vahid mühitdə birləşdirilməsi nəzərdə tutulur.
Vergi güzəştlərindən əldə olunan qənaət texnoloji inkişafa yönəldilir
F.Qəhrəmanov vurğulayıb ki, “Startap” şəhadətnaməsi layihənin hüquqi və institusional nüfuzunu artırmaqla yanaşı, tərəfdaşlar qarşısında etibarlılığını da gücləndirib. Onun sözlərinə görə, şəhadətnamənin əldə edilməsi layihəyə əlavə status qazandırıb.
Vergi güzəştləri hesabına əldə olunan maliyyə qənaətinin isə birbaşa məhsulun inkişafına yönəldilməsi nəzərdə tutulur. Qarşıdakı dövrdə bu vəsaitin əsasən mobil tətbiqin və texnoloji infrastrukturun təkmilləşdirilməsinə, süni intellekt əsaslı funksiyaların hazırlanmasına, istifadəçi təcrübəsinin və informasiya təhlükəsizliyinin artırılmasına sərf edilməsi planlaşdırılır.
Komanda bütün bu yeniliklər vasitəsilə müqavilə bağlama prosesini daha da sadələşdirərək bir neçə dəqiqə ərzində tamamlanan əməliyyata çevirməyi hədəfləyir.
Qeyd edək ki, platformada qeydiyyat və ilkin istifadə ödənişsizdir.
Mənbə: vergiler.az










