Azərbaycan Respublikasında qeydiyyatda olan rezident şirkət agent xidməti ilə məşğuldur. Rezident şirkət qeyri-rezident şirkəti ilə beynəlxalq yükdaşıma xidmətinə görə müqavilə bağlayır və bu müqaviləyə əsasən qeyri-rezident yükdaşıma xidmətinə görə rezident şirkətə vəsait ödəyir. Rezident şirkət agent fəaliyyəti ilə məşğul olduğuna görə daxil olan vəsaitdən müəyyən bir miqdarda faiz gəlir əldə edir. Eyni zamanda, rezident şirkət başqa yükdaşıyan qeyri-rezident şirkətlə də müqavilə bağlayaraq beynəlxalq daşımalara görə ona vəsait ödəyir. Belə bir əməliyyat aparıldığı halda, Azərbaycanda qeydiyyatda olan rezident şirkətin qeyri-rezidentə Azərbaycan Respublikasına daxil olmadan digər ölkələrarası beynəlxalq daşımalara görə ödədiyi məbləğlərdən hansı vergilər tutulmalıdır?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Vergi ödəyicisinin bütün gəlirləri dedikdə onun həm Azərbaycan Respublikasında, həm də Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirləri nəzərdə tutulur.
Vergi Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.
Xidmətdən bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.
Azərbaycan mənbəyindən əldə olunan gəlirlər dedikdə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində qeyd olunan gəlirlər nəzərdə tutulur.
Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri 6 faiz vergiyə cəlb olunur.
Bildirilib ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri vergitutma obyekti deyildir.
Sorğuda qeyd olunan xidmət ödəmə mənbəyində vergiyə cəlb olunmur.
Əlavə olaraq nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə əsasən, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük, sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə 0 dərəcə ilə cəlb olunur.
Tranzit və beynəlxalq daşıma anlayışları Vergi Məcəlləsinin 13.2.33-cü maddəsi ilə tənzimlənir.
Azərbaycan Respublikası ərazisindən tranzit – gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhəddindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınmasıdır.
Beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.
Sorğuda qeyd olunan daşıma beynəlxalq daşıma və tranzit daşıma sayılmır. ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 96-cı, 125-ci, 165-ci maddələri.
Mənbə: vergiler.az