Xaricdə icarə xidmətinin vergiyə cəlb olunması

Rezident vergi ödəyicisinə xarici dövlətdə qeyri-rezident tərəfindən göstərilən icarə xidməti hər hansı vergiyə cəlb edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Azərbaycan mənbəyindən əldə olunan gəlirlər dedikdə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində qeyd olunan gəlirlər nəzərdə tutulur.

Bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir, o cümlədən bu əmlakda iştirak payının təqdim edilməsindən gəlir Azərbaycan mənbəyindən əldə olunan gəlir sayılır.

Banner

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Əlavə olaraq bildirilib ki, müraciətdə qaldırılan məsələlərə konkret hal üzrə dəqiq münasibət bildirilməsi üçün aparılan əməliyyat üzrə işin faktiki halları və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etmək tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 169-cu maddəsi.

Mənbə: vergiler.az

Nağdsız ödənişlərin qəbulu mütləq POS-terminallar vasitəsilə həyata keçirilməlidir