Maliyyə sanksiyaları tətbiq edilərkən hansı məqamlara diqqət yetirilməlidir?

təhtəlhesab əməliyyatlar, Zərərin keçirilməsi, Kassa çeki, Vergi Məcəlləsinə dəyişikliklər, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Təmir xərcləri, Vergi Məcəlləsində dəyişiklik, Vergi elementləri, Nağdsız hesablaşmalar, Zərərin növbəti illərə keçirilməsi, səyyar vergi yoxlaması, Ezamiyyə xərci, vergi məcəlləsi, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Bəyannamə və Vergitutma, Mənfəət vergisi üzrə güzəşt, vergi məcəlləsi, Nizamnamə kapitalı,Maliyyə sanksiyaları vergi ödəyicilərinin arzulamadıqları haldır. Bəs praktikada bu hal yarandıqda hansı məqamlar nəzərdən qaçırılmamalıdır? Məsələni vergi və mühasibat mütəxəssisi Xəyal Feyzullayev şərh edir.

Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda – aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Burada Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tətbiqi ilə əlaqədar bu Məcəlləsinin 65.2-ci maddəsinin müddəaları ilə nəzərdə tutulan sərəncamın “dondurulma” və ya icra sənədi olan “alınmalı” sərəncamın qoyulmasına diqqət yetirmək lazımdır. Vergi Məcəlləsinin 65.2.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə qoyulmuş sərəncam tarixindən Mülki Məcəllənin 965.2-ci maddəsilə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 58.3-cü maddəsi ilə nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilir. Lakin pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam (dondurulma) qoyulduğu halda, bu Məcəllənin 58.3-cü maddəsi tətbiq edilmir.

Belə ki, Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə görə, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə, kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edildiyi göstərilib.

Bundan əlavə, Məcəllənin 65.2.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.

Banner

Misal 1: Tutaq ki, “AA” MMC-nin 2021-ci ilin mart ayı üçün təqdim etdiyi ƏDV bəyannaməsi üzrə 5.000 manat vergi öhdəliyi yaranıb. Lakin müəssisə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində vergi borcunu ödəməyib və bunun üçün ona Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, 5 gün müddətində vergi borclarının ödənilməsi barədə bildiriş təqdim edilib. Bildirişdə göstərilən müddət ərzində vergi öhdəliyi yerinə yetirilmədiyi səbəbindən şəxsin bank hesabına “alınmalı” sərəncam qoyulub. Sərəncamın qoyulduğu tarixdən Mülki Məcəllənin 965.2-ci maddəsilə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada 20.000 manat məbləğində kassa məxaric əməliyyatları aparılıb. Bu halda səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 10.000 manat maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: “BB”MMC-də aparılan kameral vergi yoxlaması ilə 2021-ci ilin mart ayının ƏDV bəyannaməsi üzrə 5.000 manat məbləğində əlavə vergi hesablanıb. Tutaq ki, vergi ödəyicisinin həmin məbləğ qədər vergi öhdəliyi yaranıb. Vergi ödəyicisinə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam qoyulub. Vergi ödəyicisi isə hesablanmış vergilər barədə yuxarı vergi orqanına şikayət edib. Yuxarı vergi orqanı tərəfindən şikayətə inzibati qaydada baxılıb və qərar qəbul edilib.

Vergi borcunun yarandığı tarixdən qərarın qəbul edildiyi icra tarixinədək “BB” MMC tərəfindən Mülki Məcəllənin 965.2-ci maddəsi ilə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada 20.000 manat məbləğində kassa məxaric əməliyyatları aparılıb. Qərarın vergi ödəyicisinin xeyrinə və ya mənfi həll edilməsindən asılı olmayaraq, “BB” MMC tərəfindən qeyd olunan kassa məxaric əməliyyatlarının aparılmasına baxmayaraq, bank hesabında həmin dövrdə “dondurulma sərəncam” olduğu üçün səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 58.3-cü maddəsi ilə nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilmir.

Müəllif: Xəyal Feyzullayev


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun