2025-ci ildə Azərbaycanda dövlət büdcəsinin sərbəst qalıq vəsaitlərinin idarəedilməsindən daxilolmalar proqnozu əhəmiyyətli dərəcədə üstələyib.
Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, hesabat ilində müstəqil kredit sərəncamçılarının vəsaitlərindən də istifadə edilməklə il ərzində vahid xəzinə hesabının qalıq vəsaitləri hərrac yolu ilə, 28, 30, 32 gün və 3 ay müddətində, illik 6,42-7,25%-lə kommersiya banklarında depozitə yerləşdirilib.
Təqdim edilmiş məlumatlara əsasən 2025-ci ilin yanvar-mart aylarında qalıq vəsaitlərin idarə olunması əsasən borc və yaxud ssuda mexanizmləri vasitəsilə həyata keçirilib, idarəetməyə yönəldilən vəsaitlərin həcmi qalıqla müqayisədə az olub.
Eyni zamanda, iyun, iyul və noyabr aylarında idarəetməyə yönəldilən vəsaitlərin məbləği faktiki sərbəst qalığı üstələib (müvafiq olaraq 1 milyard 196 milyon manat, 70,4 milyon manat və 14,9 milyon manat).
Dövlət büdcəsinin icrası barədə hesabatlara əsasən, noyabr ayının sonuna kommersiya banklarında yerləşdirilmiş depozitlərin məbləği 2 milyard 640 milyon manat təşkil edib, ilin sonunda isə sıfırlanıb.
Dövlət büdcəsinin icrası barədə hesabatlara əsasən, 2025-ci ildə sərbəst qalıq vəsaitlərinin idarəedilməsindən daxilolmalar proqnozdan (10 milyon manat) 13,6 dəfə, 2024-cü ilin müvafiq göstəricisindən (77,3 milyon manat) isə 1,8 dəfə çox olmaqla 136 milyon manat icra edilib ki, bunun da 14,6 milyon manatı əvvəlki ildə Dövlət Neft Fonduna idarəetməyə verilmiş vəsaitlər üzrə hesablanmış gəlirlərdən ibarətdir.
May ayından başlayaraq dekabr ayı istisna olmaqla, digər bütün aylarda Azərbaycan Mərkəzi Bankında cari hesabdakı manatla qalıq mənfi olub. Bu da sərbəst qalıq vəsaitləri ilə yanaşı, müstəqil kredit sərəncamçılarının vəsaitlərinin də kommersiya banklarında depozitə yerləşdirildiyini deməyə əsas verir. Hesabat ilinin ilk yarısında bu prosesin hüquqi tənzimləməsi mövcud olmasa da, “Büdcə sistemi haqqında” Qanuna 2025-ci il 14 iyul tarixli dəyişikliklərlə büdcə ili ərzində vahid xəzinə hesabının qalığının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunması və (və ya) idarəetməyə verilməsi barədə maddə əlavə edilib.
Mənbə: report.az









