Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?

Müəssisə Neftçala rayonunda 2020-ci ildən balıqyetişdirmə fəaliyyəti ilə məşğuldur və yetişdirdiyi balıqları həm dondurulmuş şəkildə, həm də hisə verməklə satışını həyata keçirir. Vergi Məcəlləsinə balıqyetişdirmə ilə bağlı dəyişikliklər edilənədək qeyd olunan məhsulların satışı vergilərə cəlb olunurdu. 2026-cı ildən etibarən balıqçılıq fəaliyyətinin kənd təsərrüfatına bərabər tutulduğuna görə müəssisəyə qeyd olunan fəaliyyətlər üzrə vergi güzəştləri aid ediləcəkmi? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı ilin yanvarın 1-dən Vergi Məcəlləsində kənd təsərrüfatı sahəsinə verilən güzəştlərin balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil edilməsi ilə bağlı dəyişikliklər edilib. Belə ki, emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları bu Məcəllənin məqsədləri üçün kənd təsərrüfatı məhsullarına bərabər tutulur. Buna əsasən, balıqyetişdirmə fəaliyyətini həyata keçirən müəssisə tərəfindən digər emal əməliyyatları istisna olmaqla, yalnız kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları kənd təsərrüfatı məhsullarına bərabər tutulur və müəssisənin bu fəaliyyətinə Vergi Məcəlləsində kənd təsərrüfatı fəaliyyətinə aid vergi güzəştləri tətbiq edilir.

Müəssisə tərəfindən hisə verilməklə emal əməliyyatlarına məruz qalan balıq məhsulları kənd təsərrüfatı məhsullarına aid edilmir və bu məhsulların satışı Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada vergilərə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı maddəsi.

Banner

Mənbə: vergiler.az