Sərbəst vəsaitlərin xərclənməsi üzrə öhdəliklər
Qanunda nağdsız ödənişlərlə bağlı konkret limitlər müəyyənləşdirilib. Təcrübədə vergi ödəyicisi gəlirdən çıxılmayan xərclər üzrə və ya qeyri-sahibkarlıq fəaliyyəti üzrə ödənişlər edərkən həmin məbləğlərin qanunda göstərilən limit məbləğinə aid edilib-edilməməsi ilə bağlı suallar yaranır. Mövzuya iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.
“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Təcrübədə vergi ödəyicilərinin tez-tez qarşılaşdıqları məsələləri konkretləşdirmək üçün misallara nəzər salaq:
Misal 1: “A” MMC mənfəət hesabına yeni il tədbiri keçirir və restorana 2.500 manat nağd ödəniş edir.
Misal 2: “A” MMC vergi ödəyicisi olmayan təsisçiyə 3.000 manat divident ödəyir.
Hər iki misalda ödəniş gəlirdən edilir. Lakin buna baxmayaraq, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində belə bir xüsusi hal, istisna nəzərdə tutulmur. Qanunun 3.3-cü maddəsində konkret göstərilir ki, hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Bundan əlavə, bir məqamı da qeyd edək ki, vergi ödəyicisinin nağdsız hesablaşmalarla bağlı qanunvericiliyin tələblərini pozaraq nağd şəkildə apardığı əməliyyatlar nəticəsində yaranan xərclər gəlirdən çıxılan xərclərə aid edilir.
Misal 3: “A” MMC mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir və aylıq nağd limiti 15.000 manat olmasına baxmayaraq, 20.000 manatlıq mal alır. Bəzi vergi ödəyiciləri düşünürlər ki, 5.000 manatlıq (20.000 manat – 15.000 manat) mal qaydalara uyğun alınmadığına görə gəlirdən çıxılan xərclərə aid edilmir. Ancaq bu, belə deyil!
Bir daha qeyd edirik ki, qanunvericiliyin tələbləri, təsir dairəsi sırf hesablaşmalara aiddir və bu pozuntuların xərc maddəsi ilə əlaqəsi yoxdur. O səbəbdən də 20.000 manatlıq malın hamısı gəlirdən çıxılan xərclərə aid ediləcək.
Fiziki şəxslər müvafiq vergi öhdəliklərini yerinə yetirdikdən sonra sərbəst vəsaitlərdən istifadə hüququna malikdirlər. Amma bu, fiziki şəxs olan vergi ödəyicisinin tipindən asılı olaraq, sərbəst vəsaitlərdən limitdən artıq nağd qaydada xərcləmək hüququnun olması anlamına gəlmir. Eyni halda, hüquqi şəxsin mənfəəti hesabına aparılan əməliyyatlar da qanunvericiliyin tələblərinə uyğun icra olunmalıdır.
Mənbə: vergiler.az
Bax: