Təsisçi olmaq üçün tələblər (bank, BOKT, sığorta, lisenziyalaşdırılan şəxslər üzrə analiz)

Düzgün istiqamətə yönəldilən investisiya gəlirin təməlidir. Hər bir investor müxtəlif sahələrdə fəaliyyətə üstünlük verdiyi üçün bu yazımızda Azərbaycan Respublikası qanunvericiliyi ilə bəzi sahələrdə təsisçilərə dair başlıca tələbləri qeyd edəcəyik.

Banklar

Qanunvericiliyə görə banklarla bağlı təşkilati-hüquqi forma açıq səhmdar cəmiyyət formasında olmalıdır. Bankların təsisçilərinə dair tələblərə aiddir:

  • Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil olmaqla, siyahısı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və xarici hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz.
  • Məqbul və lazımi keyfiyyətlərə malik şəxs – vətəndaş qüsursuzluğuna malik olan, habelə ictimai mövqeyinə görə vicdanlı və etimada layiq sayılan və peşəkar keyfiyyətləri, təcrübəsi, işgüzar mənafeləri olmalıdır. Bu, bankın mühüm iştirak payının sahibi üçün tələbdir.
  • Vətəndaş qüsursuzluğuna, yəni qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması əsas tutulur. Bu da mühüm iştirak payına sahib şəxs üçün tələbdir.
  • Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatlan bankın səhmdarı ola bilməzlər.

Bank olmayan kredit təşkilatları

BOKT-lar qadağan edilməyən istənilən təşkilati-hüquqi formada təsis edilə bildiyi üçün birbaşa tələblər nəzərdə tutulmamışdır. Bu səbəbdən də təsisçilərlə bağlı başlıca qeydlər aşağıdakı kimidir:

  • Azərbaycan Respublikasının və (və ya) xarici dövlətlərin fiziki və hüquqi şəxsləri, habelə beynəlxalq təşkilatlar tərəfindən təsis edilə bilərlər.
  • Qeyri-kommersiya BOKT-lari yalnız fond formasında, Azərbaycan Respublikasının bağladığı müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən təsis edilə bilərlər.

Sığorta şirkətləri – sığortaçılar

Sığortaçılar üçün də təşkilati-hüquqi forma açıq səhmdar cəmiyyəti formasında olduğu üçün təsisçilər səhmdarlar sayılır.

Banner

Sığortaçıların təsisçisi ola bilməyəcək şəxslərin qanunvericiliklə dairəsi müəyyən edilmişdir. Belə ki, aşağıdakı şəxslərdən başqa hər kəs təsisçi ola bilər:

  • vətəndaşlığı olmayan şəxslər;
  • Siyasi partiyalar;
  • Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar);
  • Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları istisna olmaqla, digər beynəlxalq təşkilatlar.

Fiziki şəxs təsisçilər üçün tələblərə aiddir:

  • müvafiq səhmləri almaq üçün kifayət qədər maliyyə vəsaitinin olması (əslində bu şərtin xüsusi vurğulanması zəruri deyil. Təbiidir ki, maliyyə vəsaiti olmadan sığortaçıların kapital tələblərinə cavab verilə bilməz);
  • mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda – vətəndaş qüsursuzluğu;
  • qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması;
  • mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkumluğun olmaması;
  • müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmaması.

Hüquqi şəxs təsisçilərə dair tələblərə aiddir:

  • Fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə uyğunluğu;
  • mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda yerli hüquqi şəxslərin icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu, xarici hüquqi şəxslərin isə beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və Azərbaycan Respublikasının müvafiq kredit reytinqindən aşağı olmayan reytinqə malik olması.

Lisenziyalaşdırılan şəxslər

Qiymətli kağızlar bazarı üzrə İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarı birlikdə lisenziyalaşdırılan şəxslər kimi çıxış edir. Bu təşkilatlar səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında təsis edilir.

Bu təşkilatların təsisçiləri üçün başlıca tələblərə daxildir:

  • Siyahısı səlahiyyətli orqan tərəfindən müəyyən edilən ofşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri belə zonalarda qeydiyyata alınmış şəxslər lisenziyalaşdırılan şəxslərin səhmdarları ola bilməzlər.
  • vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməlidir (fiziki şəxslər üçün); Daha dəqiq desək.

mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri üçün – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması; investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və mərkəzi depozitarın müşahidə şurasının və icra orqanının üzvləri, ləğvedicisi üçün – məhkumluğun olmaması, mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağa qoyulmaması;

  • fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə (olduqda) uyğun olmalıdır (hüquqi şəxslər üçün);
  • Eyni şəxs Azərbaycan Respublikasında birdən artıq investisiya şirkətinin fəaliyyəti üzrə lisenziyaya malik olan şəxsin səhmlərinin nəzarət zərfinə (50 faiz və yuxarı həddi) birbaşa və ya dolayı yolla sahib ola bilməz.
  • Azərbaycan Respublikasında fond birjası fəaliyyəti üzrə lisenziyaya malik olan şəxsin səhmdarlarının hər biri fond birjasının səhmlərinin 20 faizindən çox hissəsinə birbaşa və dolayı yolla sahib ola bilməz.
  • Səlahiyyətli qurum tərəfindən müəyyən edilən siyahıya daxil olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə qeydiyatdan keçən hüquqi şəxslər olmamalıdır. Bu siyahı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunla konkretləşdirilir.

Göründüyü kimi hər bir sahə üzrə təsisçilər üçün xüsusi tələblər mövcuddur. Yekunda isə qeyd edək ki, bu təşkilatlar iqtisadiyyatda mühüm rol oynayır.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” H.Əliyev.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: