Əməkhaqqının tərkib hissələri barədə təlimat. Hansı hallarda əməkhaqqına əlavələr edilməlidir?

birbank biznes

əmək münasibətləri, Əməkhaqqının tərkib hissələri, əməkhaqqına əlavə, mükafatlar, vəzifə maaşıƏməkhaqqının tərkibi hansı hissələrdən ibarətdir?

Əməkhaqqı əmək müqaviləsinin və bununla bərabər əmək münasibətlərinin başlıca məsələlərindən biridir. Əməkhaqqı təqdim edilmə əsasına görə işəmuzdvaxtamuzd ola bilir. Həmçinin əlavə əsasları da tətbiq edilə bilər.

Əməkhaqqına işçinin tarif (vəzifə) maaşı, əməkhaqqına əlavəmükafatlar daxildir. Mükafat bir qayda olaraq görülən işin uğurla və keyfiyyətlə yerinə yetirilməsinə, yaxud müəyyən dövrün yekunlarına görə, həmçinin digər əsaslara görə ödənilə bilər. Mükafatın minimum məbləği müəyyən edilməmişdir.

İşçinin vəzifə maaşı ilə bağlı tələblərə əsasən demək mümkündür ki, bu məbləğ ölkə üzrə minimum əməkhaqqı məbləğindən az ola bilməz. Həmçinin əmək vəzifələri dəyişdiyi halda yeni vəzifə və təcrübə əsasları nəzərə alınmaqla, işçinin əməkhaqqısına yenidən baxılmalıdır.

Əməkhaqqına əlavələr isə müxtəlif formalarda ola bilər. Bu formalara aiddir:

  • İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə bir saatlıq (günlük) normanın 2 misli məbləğdən az olmayaraq əlavə;
  • Öz işi ilə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq qədər əlavə;
  • Əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqısına qarşılıqlı razılıqla müəyyən edilən əlavə;
  • Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqlarına qanunvericiliklə nəzərdə tutulan əlavə;
  • İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün vaxtamuzd sistemdə 2 qat, işəmuzd sistemdə vaxtamuzd sistemin saatlıq maaşından az olmayaraq əlavə;
  • Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə ödənilir.

Yekunda isə onu qeyd edək ki, qısaldılmış iş günündə işləyənlər üçün əməkhaqqı tam iş günündə olduğu kimi, natamam iş günündə işləyənlər üçün isə həmin iş gününə mütənasib olaraq əməkhaqqı ödənilir. Əməkhaqqına əlavələrin ödənilməsi mütləq qaydada qarşılıqlı razılıqla müəyyən edilir, həmçinin kollektiv müqavilə və ya sazişlərlə tənzimlənir.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


İşsizlikdən sığorta ödənişi (ödənilməsi şərtləri və məbləği)