Vergi ödəyicisinin büdcəyə ödəmələri müəyyən edilərkən əvəzləşdirilən ƏDV məbləğlərinin hesablaması qaydaları Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə uyğun olaraq müəyyən edilir. “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Nihad Səmədov qanunvericiliyin bu tələbini şərh edir.
Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:
– hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə – alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt.
Tutaq ki, ƏDV ödəyicisi olan “A” müəssisəsi digər ƏDV ödəyicisi olan “T” müəssisəsindən mart ayında ƏDV daxil olmaqla 1.416 manat dəyərində xidmət alıb. Xidmət alındığı ay elektron qaimə-faktura əldə edilib və həmin ay 1.200 manat bank hesabına, 216 manat isə ƏDV depozit hesabına köçürülüb. “A” müəssisəsi mart ayında “C” müəssisəsinə ƏDV daxil olmaqla 3.540 manat dəyərində mal satıb və “C” müəssisəsi mart ayında ödənişi icra edib. “A” müəssisəsinin mart ayı üçün olan 540 manat öhdəliyindən 216 manat məbləğ çıxılmalı və 324 manat məbləğində ƏDV büdcəyə köçürülməlidir.
Misal 1
ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətə görə satıcı tərəf 2024-cü ilin may ayında elektron qaimə-faktura təqdim edib və həmin ayda da 17.700 manat müəssisə tərəfindən nağdsız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Bu halda müəssisə may ayında 2.700 manat ƏDV məbləğini əvəzləşdirə bilər.
Misal 2
ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətə görə satıcı tərəf 2024-cü ilin may ayında elektron qaimə-faktura təqdim edib, xidmətin tam dəyəri müəssisə tərəfindən sentyabr ayında nağdız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Bu halda müəssisə sentyabr ayında 2.700 manat ƏDV məbləğini əvəzləşdirə bilər.
Misal 3
ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətin tam dəyəri 2024-cü ilin may ayında nağdsız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Lakin satıcı tərəf sentyabr ayında elektron qaimə-faktura təqdim edib. Bu halda müəssisə 2.700 manat ƏDV məbləğini sentyabr ayında əvəzləşdirə bilər.
Misal 4
ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətin tam dəyəri müəssisə tərəfindən avans olaraq 2024-cü ilin aprel ayında nağdsız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Satıcı tərəf isə xidmətin başa çatdığı gün, yəni sentyabrın 14-də elektron qaimə-faktura təqdim edib. Bu halda müəssisə 2.700 manat ƏDV məbləğini sentyabr ayında əvəzləşdirə bilər.
Mənbə: vergiler.az