Amortizasiya ayırmalarının gəlirdən çıxılması

Amortizasiya ayırmaları, İşsizlikdən sığorta, əmək haqqı məbləği, torpaq vergisi,Mikro və kiçik sahibkarlıq subyektlərində və büdcədən maliyyələşən təşkilatlarda bu mövzu ilə bağlı müəyyən suallar yaranır. Suallara EKVİTA şirkətinin vergi məsləhətçisi Meyxanım Ələkbərova aydınlıq gətirir.

Amortizasiya – istismara yararlı müddətdə aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm bölüşdürülməsidir. Vergi uçotu amortizasiyanın hesablanmasını sistematik, bölüşdürülmüş şəkildə həyata keçirilməsini ona görə tələb edir ki, müəssisənin əsas vəsaitin alınmasına sərf etdiyi vəsaiti birdən-birə məsrəf olaraq silməsi müəssisənin real olaraq nə həcmdə mənfəət əldə etməsini qiymətləndirməyə imkan vermir. Belə olduqda müəssisənin ardıcıl illərdəki zərər və mənfəət hesabatında kəskin fərqlər yaranır. Ona görə də əsas vəsaitlərə çəkilən məsrəf birbaşa xərc kimi göstərilmir, amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə tətbiq etməklə hesablanır. Lakin mikro və kiçik sahibkarlıq subyektlərində əsas vasaitlərə sürətli amortizasiya normaları tətbiq edilir. Nəticədə bu kateqoriyadan olan vergi ödəyicilərinin vergiyə cəlb olunan mənfəətləri azalır və onlar dövriyyə vəsaitinə qənaət etməklə öz fəaliyyətlərini genişləndirmək imkanı qazanırlar.

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Misal 1: Tutaq ki, mikro sahibkarlıq subyektinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi avadanlığın cari ilin sonuna qalıq dəyəri 6.000 manat, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərin cari ilin sonuna qalıq dəyəri 5.000 manat, digər əsas vəsaitlərin cari ilin sonuna qalıq dəyəri isə 9.000 manatdır.

Banner

Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, avadanlıq üzrə amortizasiya norması 20%, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə amortizasiya norması 10%, digər əsas vəsaitlər üzrə amortizasiya norması 20%-dir. Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən qeyd olunan amortizasiya normalarına 2 əmsalı tətbiq olunmalıdır. Yəni:

  • avadanlıq üzrə amortizasiya ayırması 6000×20%x2=2400 manat;
  • istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə amortizasiya ayırması 5000×10%x2=1000 manat;
  • digər əsas vəsaitlər üzrə amortizasiya norması 9000×20%x2=3600 manat;
  • cəmi amortizasiya ayırmaları 2400+1000+3600=7000 manat təşkil edir.

Vergi Məcəlləsinin 114.3-2-ci maddəsinə əsasən, kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Misal 2: Tutaq ki, kiçik sahibkarlıq subyektinin sahibkarlıq fəaliyyətində istifadə etdiyi kompüterin cari ilin sonuna qalıq dəyəri 1.000 manat, nəqliyyat vasitəsinin cari ilin sonuna qalıq dəyəri 20.000 manat, binanın cari ilin sonuna qalıq dəyəri isə 60.000 manatdır.

Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası (kompüter) üzrə amortizasiya norması 25%, nəqliyyat vasitəsi üzrə amortizasiya norması 25%, binalar üzrə amortizasiya norması isə 7%-dir. Lakin kiçik sahibkarlıq subyekti olduğu üçün amortizasiya ayırmaları qeyd olunan amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə hesablanacaq. Yəni:

  • kompüter üzrə amortizasiya ayırması 1000×25%x1,5=375 manat;
  • nəqliyyat vasitəsi üzrə amortizasiya ayırması 20.000×25%x1,5=7.500 manat;
  • bina üzrə amortizasiya ayırması 60.000×7%x1,5=6.300 manat;
  • cəmi amortizasiya ayırmaları 375+7.500+6.300=14175 manat təşkil edir.

Nəzərdən keçirdiyimiz halda müəssisə 14.175 manat amortizasiya ayırmasını xərc kimi göstərərək gəlirdən çıxamaq hüququna malikdir.
Vergi Məcəlləsinin 114.10-cu maddəsinə əsasən, dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərin, Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olunmuş illik amortizasiya normalarına uyğun hesablanmış amortizasiyanın yalnız 40 faizi gəlirdən çıxılır.

Misal 3: Tutaq ki, büdcədən maliyyələşən müəssisənin dövlət büdcəsinin investisiya xərcləri hesabına alınmış ilin sonuna qalıq dəyəri 15.000 manat olan nəqliyyat vasitəsi vardır. Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsi üzrə amortizasiya norması 25%-dir. Buna əsasən həmin əsas vəsaitə 15.000×25%=3.750 manat amortizasiya hesablanmışdır. Bu halda müəssisə Vergi Məcəlləsinin 114.10-cu maddəsinə əsasən amortizasiya normasına uyğun hesablanmış amortizasiyanın yalnız 40% faizini, yəni 3750×40%=1500 manatını öz gəlirindən çıxa bilər.

Mənbə: vergiler.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun