Vergi Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, aktivlərin təqdim olunmasından əldə edilən gəlir – aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.
Bəs bu zaman hesablamalar necə aparılır? Bu suala iqtisadçı ekspert İsmayıl Bağırov aydınlıq gətirir.
Misal 1
Müəssisə balans üzrə qalıq dəyəri 30.000 manat olan avadanlığını 35.000 manata (ƏDV-siz) satıb. Bu halda aktivlərin əldə edilməsindən gəlir aşağıdakı kimi olacaq:
35.000 – 30.000 = 5.000 manat.
Misal 2
Balans üzrə qalıq dəyəri 35.000 manat olan avadanlığını A müəssisəsi əvəzsiz əsasla B müəssisəsinə verib. Avadanlığın bazar qiyməti 40.000 manatdır. Burada iki halı nəzərdən keçirək:
1-ci hal: A müəssisəsi mənfəət vergisi ödəyicisidir. Bu halda 5.000 manat müəssisənin mənfəəti hesab olunur və mənfəət vergisi hesablanarkən nəzərə alınır:
40.000 – 35000 = 5000 manat.
Müəssisə eyni zamanda ƏDV ödəyicisidirsə, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, büdcəyə 7.200 manat ƏDV ödəməlidir:
40.000 x 18% = 7.200 manat.
2-ci hal: A müəssisəsi sadələşdirilmiş verginin ödəyicisidir. Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (Vergi Məcəlləsini 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Bu halda, aktiv əvəzsiz əsasla təqdim edildiyindən hasilat olmadığı üçün sadələşdirilmiş vergitutma obyekti də yaranmır.
Aktivi əvəzsiz əsasla əldə edən B müəssisəsində isə aktivin dəyəri, Vergi Məcəlləsinin 13.2.12-maddəsinə əsasən, satışdankənar gəlir hesab olunur və hansı sistem üzrə vergi ödəyicisi olmasından asılı olmayaraq, mənfəət və ya sadələşdirilmiş vergiyə cəlb edilir.
Vergi Məcəlləsinin 142.2-ci maddəsində göstərilib ki, aktivlərin təqdim olunmasından yaranan zərər – aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin Vergi Məcəlləsinin 143-cü maddəsinə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.
Misal 3
Balans üzrə qalıq dəyəri 3.000 manat olan istifadəyə yararsız avadanlığı müəssisə 2.000 manata (ƏDV-siz) satıb. Beləliklə, aktivlərin təqdim edilməsindən yaranan zərər 1.000 manat təşkil edib:
2.000 – 3.000 = -1.000 manat.
Mənbə: vergiler.az