Son illər inkişaf etmiş iqtisadiyyatlarda vergi sistemi bir neçə amilin təsiri nəticəsində (biznesin rəqəmsallaşması, qloballaşma, iqlim dəyişikliyi, artan rəqabət və s.) əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Türkiyənin Hacettepe Universitetinin professoru, iqtisadçı alim Ahmet Burçin Yereli müsahibəsində bu sahədə qlobal tendensiyalar barədə danışıb.
– Dünya ölkələrinin vergi siyasətində mövcud trendlər nədən ibarətdir?
– Dünya ölkələri pandemiyadan sonra dəyişən ticarət həyatına uyğun olaraq öz vergi sistemlərində yeni tənzimləmələr aparmağa başlayıblar. Elektron ticarətin həcminin artması və rəqəmsal iqtisadiyyatın böyüməsi ölkələri bu sahədə vergitutma baxımından daha sıx əməkdaşlıq etməyə məcbur edib. Məsələn, ölkələr öz iqtisadi şərtlərini nəzərə alaraq, rəqəmsal xidmət vergisi kimi təcrübələrə müraciət edirlər.
Son illərdə qlobal sistemdə baş verən ən mühüm hadisələrdən biri minimum korporativ vergi dərəcəsinin tətbiqidir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) transmilli şirkətlərdən minimum 15 faiz korporativ vergi ödəməyi tələb edən “Pillar Two” tənzimləməsi 2025-ci ilə qədər 140-dan çox ölkədə qüvvəyə minib. Bu tənzimləmənin əsas məqsədi vergi rəqabətinin zərərli təsirlərini azaltmaq, şirkətlərin öz mənfəətlərini aşağı vergi tutulan ölkələrə köçürməsinin qarşısını almaqdır.
Son illər dünyada artan gəlir və sərvət bərabərsizliyi səbəbindən inkişaf etmiş ölkələr təhrif olunmuş gəlir və sərvət bölgüsünü tənzimləmək üçün yuxarı gəlir qruplarından və şişirdilmiş sərvətə sahib olanlardan daha yüksək vergi tutmağa meyillidirlər. Bu məqsədlə yuxarı gəlir qruplarına yüksək gəlir vergisi dərəcələrinin, ağlabatan olandan daha çox sərvətə malik olanlara isə yüksək sərvət vergisi dərəcələrinin tətbiqi tövsiyə olunur. Məsələn, İspaniyada milyarderlər üçün qlobal minimum verginin tətbiqi müzakirə olunur.
Elektron ticarətdə vergitutmanın uğurunun ən vacib şərti şəffaflıqdır.
Digər mühüm məqamlardan biri də “yaşıl transformasiya” ilə bağlıdır. Hazırda dünyada müşahidə olunan kütləvi miqrasiya hərəkətləri qlobal istiləşmə nəticəsində yaranan iqlim təsirləri nəticəsində yaşanan əsas sosial problemlərdən biridir. Xüsusilə artan regional iğtişaşlar müharibəyə çevrilmə riskini daşıyır, aclıq və quraqlıq təhlükəsi isə insanları daha inkişaf etmiş ölkələrə köç etməyə məcbur edir. Bu məsələlərdə görülməli olan çoxsaylı tədbirlər arasında vergi tədbirləri də yer alır. Vergitutma karbon emissiyalarının azaldılmasında ehtiyat tədbiri olsa da, vergidən azadetmə və güzəştlər alternativ texnologiyaların inkişafında fiskal siyasət alətidir. Qlobal karbon vergisi və səmərəli fəaliyyət göstərən birjalar vasitəsilə qlobal karbon ticarəti sisteminin tətbiqi qlobal istiləşmə ilə mübarizədə mühüm addım olacaq.
– Müasir dövrdə elektron ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi əlaqələrin əhəmiyyətli hissəsini təşkil edir. Bu baxımdan, qlobal miqyasda elektron ticarətin vergi tənzimləmələri necə həyata keçirilir? Bu sahədə qabaqcıl ölkələrin təcrübəsi barədə nə deyə bilərsiniz?
– Elektron ticarət dünya ticarətində getdikcə daha böyük yer tutur. 2025-ci ildə qlobal e-ticarətin həcminin 6,8 trilyon ABŞ dollarını keçəcəyi, 2027-ci ilə qədər isə 8 trilyon dollara çatacağı gözlənilir. 2025-ci ildə qlobal pərakəndə ticarətin beşdəbirinin, 2030-cu ilə qədər isə dörddəbirinin elektron ticarət vasitəsilə həyata keçirilə biləcəyini nəzərə alsaq, bu sahənin nə qədər vacib olduğunu görmək mümkündür. Bundan əlavə, hazırda transsərhəd e-ticarət qlobal e-ticarətin 14 faizinə çatıb. Ölkələr e-ticarət platformalarını vergiyə cəlb etməklə bu sahədə vergi tənzimləmələrinə başlayıblar. Məsələn, Türkiyədə 2025-ci ildə qüvvəyə minən yeni tənzimləmə ilə e-ticarət platformaları vasitəsilə aparılan satış əməliyyatlarından 1 faiz həcmində vergi tutulmağa başlanılıb.
Elektron ticarətdə vergitutmanın uğurunun ən vacib şərti şəffaflıqdır. Dövlət idarələri tərəfindən bütün proseslərin, xüsusən də pul köçürmələri, mal və xidmətlərin köçürülməsinin şəffaf şəkildə həyata keçiriləcəyi platformalar vasitəsilə izlənilməsini və nəzarət edilməsini təmin edəcək infrastruktur yaradılmalıdır. Rəqəmsal biznes modelləri və məsafədən işləmə nəticəsində ortaya çıxan yeni proseslər şəffaf rəqəmsal müqavilələrlə dəstəklənməli, fiziki və hüquqi şəxslər üçün rəqəmsal sənəd və hesabat sistemi tətbiq edilməlidir. Sadələşdirilmiş sənəd və bəyannamə sistemi ilə işləyən vergi və sosial təminat sistemi ilə vergi ödəyiciləri lüzumsuz maliyyə işlərinə və əməliyyatlara məcbur edilmədən öz işlərinə daha çox diqqət ayıra bilməlidirlər.
Elektron ticarətə, fərdi sahibkarlara və kiçik biznesə yeni başlayanlara dəstək olmaq üçün mütləq vergi güzəştləri tətbiq edilməlidir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu məsələyə çox həssas yanaşırlar. Çoxmillətli rəqəmsal şirkətlərin vergitutmasında ədalətli yanaşmanı təmin etmək üçün OECD-nin bu şirkətlərin mənfəətinin vergiyə cəlb edilməsində satış ölkəsini prioritetləşdirən tənzimləməsi (“Pillar One”) mövcuddur. Bu yolla mənfəət əldə edilən ölkəyə vergi ödənilə bilər.
Bir çox ölkələr xarici xidmət təminatçılarını göstərdikləri xidmətlər baxımından əlavə dəyər vergisi öhdəliyi dairəsinə daxil ediblər. Bəzi ölkələrdə isə əlavə dəyər vergisi və rəqəmsal xidmətlər vergisi də platformalara ödənilən satış və ya abunə haqlarına görə rəqəmsal xidmət təminatçılarından toplanır. Beynəlxalq e-ticarət sistemində bu vergilər istehlakçının yerləşdiyi ölkələr tərəfindən yığılır.
İlk növbədə, ibtidai sinifdən başlayaraq, hər kəsə nümunəvi
vergi ödəyicisi obrazının izah edilməsi çox vacibdir.– Son illər kriptovalyuta əməliyyatları xüsusi maraq doğurur. Sizcə, bütövlükdə dünya vergi sistemi bu çağırışla ayaqlaşa biləcəkmi?
– Kriptovalyutalarla bağlı ən əsas problem bu aktivlərin hüquqi baxımdan necə müəyyən edilməsidir. Bəzi ölkələrin hüquq sistemləri kriptovalyutaları “mülk”, digərləri isə “pul” hesab edir. Kripto aktivləri “mülk” kimi qəbul edən hüquq sistemlərində buna daha çox “qeyri-maddi aktivlər”, “qiymətli kağızlar” və ya “əmtəələr” kimi baxılır. Ona görə də vergitutma bu anlayışa uyğun aparılır. Məsələn, ABŞ-də kriptovalyutalar “mülk” hesab edilir və onların satışından və ya mübadiləsindən əldə edilən mənfəət kapital qazancı kimi vergiyə cəlb olunur. Almaniyada da “mülkiyyət” prinsipi qəbul edilib. Burada fiziki şəxslər üçün kriptovalyutalar bir il və ya daha çox saxlandıqda vergidən azad edilir. Lakin fiziki şəxsin kommersiya fəaliyyəti varsa, bu istisna tətbiq edilmir. Salvadorda bitkoin qanuni olaraq “pul” sayılır və buna görə də vergi tutulmur. Portuqaliya da kriptovalyutaları “pul” kimi qəbul edib. Fərdi istifadələr vergiyə cəlb edilməsə də, kommersiya mənfəəti verginin əhatə dairəsinə daxil edilir. Hindistan isə bu aktivlərlə bağlı heç bir tərif vermədən birbaşa olaraq kripto aktivlərini vergi dairəsinə daxil edib. Zərərləri kompensasiya etmədən kripto aktivlərdən əldə edilən gəlirlərdən 30 faiz vergi tutulur.
Kriptovalyutaların vergiyə cəlb edilməsində ən mühüm problem şəffaflıqdır. Bu aktivlərin əldə edilməsi, saxlanması və ötürülməsi kimi bütün əməliyyatlar qeydə alınmalıdır ki, onlara nəzarət etmək mümkün olsun. Bu səbəbdən, bir çox ölkələr kriptovalyutalarla bağlı hesabat öhdəlikləri tətbiq edirlər. Bundan əlavə, kriptovalyuta birjaları məlumatların əməliyyatların aparıldığı ölkələrlə paylaşılmasını təmin etməlidir. Bununla da vergi orqanları kripto aktivlərə sərmayə qoyan vergi ödəyicilərini izləyə və nəzarət edə biləcəklər.
Müxtəlif qurumları təmsil edən bütün vergi ödəyiciləri məlumat mübadiləsi üçün açıq olmalıdır.
– Sizcə, inkişaf etməkdə olan ölkələrdə vergi nəzarəti sistemi hansı şəkildə tənzimlənməlidir?
– İnkişaf etməkdə olan ölkələrdə vergi yoxlaması dövlət gəlirlərinin artırılmasında, qeyri-leqal iqtisadiyyatın azaldılmasında və vergi ədalətinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Bununla belə, həmin ölkələrdə resursların çatışmazlığı, institusional zəifliklər və geniş yayılmış qeyri-rəsmilik kimi müxtəlif problemlərə görə effektiv vergi auditinin qurulması çətinlik yaradır. Ən məqbul çıxış yolu vergi yoxlamaları ilə bağlı hər hansı tədbir görməzdən əvvəl vergi uyğunluğunun təmin edilməsi üçün görüləcək tədbirlərdən başlamaq olardı. Burada ilk addım təhsil sistemi daxilində vergi öhdəliyi üzrə kurikulumun yaradılmasıdır. İlk növbədə, ibtidai sinifdən başlayaraq, hər kəsə nümunəvi vergi ödəyicisi obrazının izah edilməsi çox vacibdir. Bütün vergi öhdəliklərini tam və düzgün yerinə yetirməyin zəruriliyi uşaqlara erkən yaşdan izah edilməlidir.
Vergiyə uyğunluqla bağlı atılacaq ikinci addım könüllü uyğunluq üçün iş və əməliyyatların vergi ödəyiciləri üzərində yük yaratmayacaq şəkildə planlaşdırılmasıdır. Xüsusilə zaman və pul xərcləri artdıqca vergi ödəyicisi olmaq istəyi azalır. Bu mərhələdə vergi ödəyicisi prinsipləri nəzərdən keçirilməli və mümkün qədər az xərcli və qısamüddətli vergitutma proseduruna əməl edilməlidir. Bəlkə də atılacaq ən mühüm addım vergi sisteminin sadələşdirilməsi və qanunvericiliyin daha anlaşıqlı olmasıdır. Mürəkkəb vergi hesablamalarına əsaslanan bürokratik təcrübələr vergi ödəyicilərinə, vergi bürokratiyasına, auditor heyətinə və mübahisələr yarandığı halda, vergi məhkəmə sisteminə çətinliklər yaradır.
Vergi ödəyicilərinə vergi ilə bağlı işlərini və əməliyyatlarını müasir rəqəmsal sistem vasitəsilə həyata keçirməyə imkan verən tətbiqlər təqdim olunarsa, rəqəmsal audit üsulları da geniş yayılacaq. Rəqəmsal audit həm xərcləri azaldacaq, həm də müddəti qısaldacaq. Bu təcrübələr, eyni zamanda, vergi ödəyicisinin psixologiyası üçün çox faydalıdır, çünki rəqəmsal audit vergi ödəyicisini narahat etmədən yoxlama aparmağa imkan verir. Müəyyən dövrlərdə vergi auditorlarının ixtisasartırma kurslarının keçirilməsi yolu ilə institusional potensialın gücləndirilməsinə də önəm verilməlidir. Həm texniki imkanların, həm də işçilərin potensialının zaman-zaman artırılması vergi yoxlamalarından gözlənilən effektivliyin təmin edilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Rəqəmsal audit vergi ödəyicisini narahat etmədən yoxlama aparmağa imkan verir.
Auditdə süni intellekt tətbiqləri və riskə yönəlmiş auditə daha çox yer verilməlidir. Bu cür tətbiqlər yoxlamadan keçməli olan sektorların, biznes və peşəkar qrupların və vergi ödəyiciləri qruplarının müəyyən edilməsində çox faydalı nəticələr verir. Qabaqcıl audit sistemində dövlət resurslarının düzgün və səmərəli istifadəsi, vaxta və əməyə qənaət baxımından riskə yönəlmiş auditlər auditin planlaşdırılmasının əsasını təşkil edir. Müxtəlif qurumları təmsil edən bütün vergi ödəyiciləri məlumat mübadiləsi üçün açıq olmalıdır ki, auditorlar şəffaf yoxlama apara bilsinlər. Xüsusilə çarpaz yoxlama baxımından məlumat mübadiləsi son dərəcə vacibdir. Bundan əlavə, beynəlxalq müqavilələr vasitəsilə ölkələr arasında məlumat mübadiləsinin təmin edilməsi zəruridir. Şəffaflıq audit üçün əsas olmalıdır: hər il yoxlanılan sektorlar, peşə qrupları, vergi ödəyicilərinin sayı, müəyyən edilmiş vergi bazası fərqləri, hesablanmış və yığılmış vergi məbləğləri vergi idarəsi tərəfindən illik fəaliyyət hesabatı kimi dərc edilməlidir.
Qeyri-leqal iqtisadiyyata qarşı mübarizə vergi öhdəliklərinin yerinə yetirilməsi potensialının gücləndirilməsi üçün vacib şərtdir. Vergi ödəyərkən başqalarının vergi ödəmədiyini görən vergi ödəyicilərinin uyğunluq niyyəti pozulur. İlk növbədə, vergi ödəyicilərini vergi ilə bağlı proseslərə cəlb edən təcrübələrə diqqət yetirilməli və fiskal alətlərdən istifadə etməklə onların vergi ilə bağlı prosedurları vaxtında yerinə yetirmələri təmin olunmalıdır. Fiskal alətlər vergi uyğunluğunu dəstəkləmək üçün bir üsul kimi vacibdir.
Qeyri-leqal iqtisadiyyatla mübarizənin əsas məqsədi daha çox vergi toplamaq deyil, pul vəsaitlərinin hərəkətini qeydə almaq olmalıdır. Nağd pul köçürmələrinin avtomatik qeydə alınmaması qeyri-rəsmi iqtisadiyyatı yaradır və bunun nəticəsində yaranan nizamsızlığa qarşı mübarizə daha bahalı, uzun və daha çətin olur. Bu sahədə beynəlxalq əməkdaşlıq son dərəcə vacibdir. Bunun üçün lazımi addımlar atılmalı və ikiqat vergitutmadan yayınma müqavilələri, vergi “cənnət”lərinə qarşı tədbirlər və transfer qiymətləri tətbiqi ilə bağlı qaydalar hazırlanmalıdır.
Azərbaycan OECD Qlobal Forumunun 2024-cü il tarixli ikinci raund qiymətləndirmə hesabatında vergi məlumatlarının mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq standartlara uyğunluğunu nümayiş etdirib.
– Bu il Azərbaycanın müasir vergi xidmətinin yaranmasının 25 illiyi qeyd olunur. Bu aspektdən, ölkəmizin vergi sisteminin beynəlxalq vergi sisteminə inteqrasiyasını necə qiymətləndirirsiniz?
– Son illər Azərbaycanda vergi sisteminin şəffaflıq və ədalətli vergitutma prinsiplərinə uyğun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycan 2022-ci ilin dekabrında OECD-nin Baza eroziyası və mənfəətin dəyişdirilməsi (BEPS) üzrə İnklüziv Çərçivəsinə qoşulub. 2023-cü ilin noyabrında BEPS ilə bağlı vergi müqaviləsi tədbirlərinin həyata keçirilməsi üçün Çoxtərəfli Saziş imzalanıb. Bu saziş ikiqat vergitutmanın aradan qaldırılmasına yönəlmiş mövcud vergi sazişlərinin yenilənməsini nəzərdə tutur. Müqavilə 2025-ci il yanvarın 1-dən qüvvəyə minib. Azərbaycan OECD Qlobal Forumunun 2024-cü il tarixli ikinci raund qiymətləndirmə hesabatında vergi məlumatlarının mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq standartlara uyğunluğunu nümayiş etdirib. Bu, ölkənin vergidən yayınma ilə mübarizə və beynəlxalq əməkdaşlığa sadiqliyini əks etdirir.
Ötən illərdə Azərbaycan vergi siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq və vergi inzibatçılığını daha effektiv etmək üçün Dünya Bankı, OECD və BVF kimi təşkilatlardan texniki dəstək alıb. Vergi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasında mühüm irəliləyişlər əldə etdiyi üçün bu islahatlar ölkənin beynəlxalq iqtisadi inteqrasiyasını gücləndirir və investisiya mühitini yaxşılaşdırır.
Əldə etdiyim məlumatlara görə, son illər Azərbaycanda vergi ödəyicilərinin sayı durmadan artır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025-ci il aprelin 1-nə olan məlumatına əsasən, ölkədə ümumilikdə 1.614.737 vergi ödəyicisi qeydiyyata alınıb. Onların təxminən 87 faizi fiziki şəxslər, 13 faizi isə hüquqi şəxslər və digər qurumlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayında 5,4 faiz artım müşahidə olunub. Bundan əlavə, ölkədə aktiv vergi ödəyicilərinin sayı da artır. 2025-ci ilin 1 may tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,2 faiz artaraq 816,7 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 3,8 faiz artaraq 54,8 min təşkil edib. Bu məlumatlar Azərbaycanda iqtisadi fəallığın və qeydiyyatdan keçmiş biznesin artımını əks etdirir. Bütün bunlar ölkənin iqtisadi inkişafı və vergitutma bazasının genişlənməsi baxımından müsbət hal sayıla bilər.
Mənbə: vergiler.az