Vergi məbləğlərinin tutulma formaları

Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi Məcəlləsinə əsasən, vergi məbləğləri 3 formada tutulur.

Gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması (bilavasitə mənbədən), gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması (bəyannamə üzrə) və vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi (bildiriş üzrə).

İqtisadçı ekspert Radil Fətullayev bildirib ki, gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması dedikdə, ödəyicinin əlinə həmin gəlirin bütöv məbləğinin çatmasından əvvəl verginin tutulması başa düşülür. Bu vergitutma formasına bilavasitə mənbədən tutulma da deyilir. Məsələn, mudlu işlə əlaqədar gəlirlərdən (əmək haqqından) və muzdlu işə aid olmayan gəlirlərdən (icarə haqqı, dividend, royalti və s.) tutulan vergilər ödəmə mənbəyindən bu formada tutulur. Gəliri ödəyən sahibkar vergini ödəmə mənbəyindən tutub ödəməli və Məcəlləyə uyğun şəkildə hesabatını vergi orqanına təqdim etməlidir.

Gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması dedikdə, vergi ödəyicisinin fəaliyyəti üzrə əlinə gəlirin bütöv məbləğinin daxil olmasından sonra tutulma forması başa düşülür. Bu cür formaya bəyənnamə üzrə tutulma forması deyilir. Yəni ödəyici əldə etdiyi gəlir (mənfəət) barədə özü bəyan edir və həmin bəyan etdiyi məbləğ üzrə də vergini tutur. Sadələşdirilmiş vergi və fiziki şəxsin gəlir (hüquqi şəxsin mənfəət) vergisi bu cür formada tutulur.

Vergitutma obyektinin (məsələn, əmlakın) varlığının bildirilməsindən sonra verginin tutulması forması vergi orqanı və ya bələdiyyə tərəfindən verilən bildiriş əsasında tutulma formasıdır. Ona görə də, bu metoda bildiriş üzrə verginin tutulması forması deyilir. Bu zaman vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanı və ya bələdiyyə hesabladığı məbləğ üçün tədiyyə bildirişi təqdim edir və bu bildiriş əsasında vergi ödəyicisi tərəfindən vergi tutularaq büdcəyə ödənilir.

Banner

Vergi Məcəlləsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

Mənbə: vergiler.az