Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər parlamentdə III oxunuşda qəbul edilib. Artıq mütəxəssislər yeniliklərin detallarını açıqlayırlar.
Gözlənilən dəyişikliklərlə bağlı fikirlərini bölüşən Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev bildirib ki, Vergi Məcəlləsinə 01 yanvar 2022-ci il tarixdən təkllif olunan dəyişikliklər qüvvəyə minərsə vergi ödəyiciləri vergi orqanına aşağıdakı məlumatları da təqdim edəcəklər:
- istehsal olunacaq hazır məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları, həmçinin hesabat dövründə həmin normalara dəyişikliklərlə bağlı dəqiqləşdirilmiş məlumatlar (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla),
-
idxal ediləcək malların saxlanılacağı (boşaldılacağı) yer barədə, yaxud həmin malların saxlanma yeri barədə, yaxud həmin malları sifariş verən şəxslər barədə və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə,
- kreditor və debitor borcları barədə (mənfəət, gəlir vergisinin ödəyiciləri),
- bank ödəniş tapşırıqlarında elektron qaimə-fakturanın seriya və nömrəsi, yaxud müntəzəm alışlar üzrə bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, YGB seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı (invoys) sənədinin tarixi və nömrəsi, yaxud borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi, yaxud avans ödənişi olduğu göstərilməklə tələbnamənin, müqavilə və ya əlavənin tarixi və nömrəsi.
- orta və iri sahibkarlıq subyektləri mühasibat standartları üzrə hazırlanan maliyyə hesabatları (vergi orqanının tələbi ilə).
Əslində bütün sadalanan məlumatlar mühasiblər tərəfindən hazırlanır və ya əldə olunur. Məsələ ondadır ki, artıq onlar bu məlumatların verilməsini təmin etmək üçün həmin məlumatları əsaslandıran əməliyyatların uçotunu düzgün, dürüst və vaxtında aparmalıdırlar. Həmçinin, bilməlidirlər ki, əvvəlcədən təqdim olunan bu məlumatlardakı göstəricilər sonradan təqdim olunan mənfəət (gəlir) bəyannamələrinin 1 №-li Əlavəsinin göstəriciləri ilə uyğunlaşdırılmaqla vergi orqanı tərəfindən kameral yoxlamalar aparılacaqdır. Başqa sözlə, uyğunsuzluqların düzgün əsaslandırılması üçün vergi orqanının məlumat bazası genişləndirilir. Ona görə də mühasiblər tərəfindən rəhbər və icraçı menecerlərə daha məsuliyyətli olmaları və mühasiblərin özlərinin də məsuliyyətinin artacağı barədə xəbərdarlığını etmələri tövsiyyə olunur.
Hesab edirəm ki, mühasiblərin əməyinin qiymətləndirilməsi hazırki tələblərdən irəli gələn məsuliyyətinə adekvat olmalıdır. Mühasib əməyinin dəyərinin yüksək olması mütləqdir, bu əmək ucuz ola bilməz. Artıq rəhbərlər və sahibkarlar mühasibat xidmətinin dəyərinin artırılması və ya uyğunlaşdırılması istiqamətində düşünməli və səy göstərməlidirlər.
Mənbə: vergiler.az