30 dekabr 2023-dən peşəkar mühasib olmalı şəxslər kimlərdir?
Məlum olduğu kimi mühasibat uçotu haqqında qanunvericiliyə əsasən bəzi qurumların mühasibləri üçün peşəkar mühasib olma tələbi 30.12.2023-cü il və 30.12.2024-cü il tarixlərə kimi uzadılıb. Bəs həmin möhlət hüququ bu il başa çatacaq baş mühasiblərin çalışdığı müəssisələr hansılardır?
- Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər;
- Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumlar.
Bu siyahıya daxil olan ictimai əhəmiyyətli qurumlar dedikdə,
- kredit təşkilatları;
- sığortaçılar, təkrarsığortaçılar;
- investisiya fondları və bu fondların idarəçiləri;
- qeyri-dövlət (özəl) sosial fondları;
- qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər;
- maliyyə hesabatlarının tərtibi tarixində müvafiq orqanının müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatları başa düşülür.
- İri, orta sahibkarlıq subyektləri.
Onu da qeyd edək ki, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 01.01.23-cü il tarixədək işə qəbul edilən baş mühasibləri 30.12.2024-cü ildən peşəkar mühasib sertifikatını əldə etməli olacaq. Lakin illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dən sonra işə qəbul edilən baş mühasibləri artıq müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar.
Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov