Dövlətin xeyrinə imtina olunan mallar üzrə gömrük ödənişləri tutulmayacaq.
Dövlətin xeyrinə imtina edilmiş mallara görə bütün gömrük ödənişlərinin alınmaması nəzərdə tutulur.
Bu müddəa Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə salınmış Gömrük Məcəlləsinin 332.4-cü maddəsinə təklif olunan dəyişiklikdə yer alıb.
Mövcud qaydaya görə, dövlətin xeyrinə imtina edilmiş mallardan gömrük rüsumları və vergilər tutulmur. Dəqiqləşdirmə xarakteri daşıyan qanun layihəsi isə həmin mallar üzrə təkcə gömrük rüsumları və vergilərin deyil, ümumilikdə bütün gömrük ödənişlərinin alınmamasını nəzərdə tutur.
Qeyd edək ki, Gömrük Məcəlləsinin 224-cü maddəsinə əsasən, gömrük ödənişləri anlayışına müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilən və gömrük orqanlarının tutduğu gömrük rüsumları, vergilər, eləcə də gömrük yığımları və dövlət rüsumları daxildir.
Mənbə: marja.az










