Muzdlu iş – əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işlə əlaqədar əldə edilən gəlirlərə, əməkhaqqından başqa, işçinin əldə etdiyi hər hansı fayda da daxildir. Bəs muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər dedikdə nə başa düşülür? Suala iqtisadçı ekspert Radil Fətullayev aydınlıq gətirir.
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər iki qismə bölünür:
- sahibkarlıq fəaliyyətindən gəlirlər;
- qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər.
Sahibkarlıq fəaliyyətindən gəlirlər – fərdi sahibkarın və hüquqi şəxsin mənfəət (gəlir) götürülməsi məqsədilə həyata keçirdiyi fəaliyyətdən gəlirlərdir. Bu fəaliyyət iqtisadiyyatın müxtəlif sahələrində malların təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi formasında ola bilər. Məsələn, VÖEN-i olan şəxs (fərdi sahibkar və ya hüquqi şəxs) istənilən müəssisədə hər hansı xidmət göstərərək elektron-qaimə faktura yazaraq gəlir əldə edirsə, deməli, sahibkarlıq fəaliyyətindən gəlir əldə edir. Yaxud hər hansı bir fərdi sahibkar (VÖEN-li fiziki şəxs) mağaza açıb ticarət fəaliyyəti ilə məşğul olursa, oradan əldə etdiyi gəlirlər sahibkarlıq fəaliyyətindən gəlir adlanır.
Vergi Məcəlləsinə görə sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;
- sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;
- əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər;
- bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir (Əvvəllər gəlirdən çıxılmış xərc, zərər və ya şübhəli borcların ödənilməsi, əvvəllər gəlirdən çıxılmış ehtiyat məbləğin azalması).
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər – şəxsin (adi vətəndaş və ya fərdi sahibkarın) özünün sahibkarlıq fəaliyyətində iştirak etmədən əldə etdiyi gəlirlərdir. Məsələn, fiziki şəxsin özünə məxsus hər hansı bir əşyanı sataraq gəlir əldə etməsi, öz əmlakını icarəyə verərək gəlir əldə etməsi, hər hansı bir müəssisənin səhmlərini alıb oradan dividend əldə etməsi, hər hansı bir müəssisənin istiqrazını alıb oradan faiz gəliri əldə etməsi və s. buna bənzər gəlirlər onun üçün qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayılır. Əgər adi bir vətəndaş olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan başqa bir şəxsə xidmət göstərərsə, fəaliyyəti qeyri-sahibkarlıq, əldə etdiyi gəlir də qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi qəbul olunacaq. Eyni şəxs VÖEN alaraq həmin xidməti fərdi sahibkar kimi göstərərsə, bu zaman əldə etdiyi gəlir sahibkarlıq fəaliyyətindən gəlir hesab olunacaqdır.
Vergi Məcəlləsinin 99.3-cü maddəsinə görə qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aşağıdakılar aiddir:
- faiz gəliri;
- dividend;
- əmlakın icarəyə verilməsindən gəlir;
- royalti;
- vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla;
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;
- təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla;
- vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) — əməkhaqqından başqa;
- həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq;
- xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqqlar;
- vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq;
- idman mərc oyunlarından əldə edilən uduşlar.
Mənbə: vergiler.az
Bax:
Məcburi sosial sığortanı kimlər ödəyir?
Sadələşdirilmiş vergi ödəyicisi avans alıb, növbəti ayda ƏDV-yə keçdikdə verginin hesablanması qaydası
Məzuniyyət haqqının hesablanması
Əmək məzuniyyəti ən tez nə zaman verilə bilər?
102.2.5 maddəsindəki güzəşt üçün hansı sənədlər tələb edilir?
İşçilərin attestasiyası hansı qaydada həyata keçirilir?