Hamilə və azyaşlı uşağı olan işləyən qadınların hansı güzəştləri var?

iş norması, hamilə işləyən qadınlar,Bəzi hallarda işəgötürənlərlə işçilər arasında hamilə və 3 yaşadək uşağı olan qadınlara güzəştlərin verilməsi ilə bağlı mübahisələr yaranır. Mövzunun hüquqi tərəflərini sərbəst auditor Altay Cəfərov şərh edir.

Qeyd edilən məsələ ilə bağlı Əmək Məcəlləsində müxtəlif güzəşt və azadolmalar, eləcə də işəgötürən üçün müəyyən qadağalar nəzərdə tutulmuşdur. Təcrübədə daha çox rast gəlinən məsələlərə, ən çox istinad edilən maddələrə nəzər salaq:

– qısaldılmış iş vaxtı (maddə 91);

– gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilər (maddə 98);

Banner

– əmək məzuniyyətinin verilməsi qaydası (maddə 131);

– hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri (maddə 240);

– qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər (maddə 241);

– qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması (maddə 242);

– uşağın yedizdirilməsi üçün fasilələr (maddə 244).

Yuxarıda qeyd edilən maddələrdən ikisinə – 91 və 244-cü maddələrə diqqət yetirək.

Qısaldılmış iş vaxtı

Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Əmək Məcəlləsinin maddəsindən aydın olur ki, hamilə qadınlar üçün qısaldılmış iş həftəsi rejimi tədbiq edilməlidir. Həmçinin yaşyarımadək uşağı olan qadınlara bu tədbiq edilir. 3 yaşına kimi uşağı olan qadınlara isə bu qayda ancaq uşağı təkbaşına böyütdükdə tədbiq edilməlidir. Yəni normal iş həftəsi 40 saatdırsa, o zaman bu kateqoriyaya aid olan qadınlar 36 saat iş rejimində işləməlidirlər. Hətta işəgötürən bu müddəti azalda da bilər. Azaldılan 4 saatın həftənin hansı günlərinə aid edilməli olduğunu işəgötürən və işçi birlikdə razılaşdırmalıdırlar. İkitərəfli razılıq əsasında bunu həftənin 4 günündə hər gün üçün 1 saat azaltmaqla və ya həftənin ancaq 1 günündə 4 saat azaltmaqla da tətbiq edə bilərlər.

Praktikada belə hallarda, adətən, həftənin 5 günündə hər gün iş vaxtı 1 saat qısaldılaraq, ümumilikdə 35 saatlıq iş həftəsi tədbiq edilir. Burada qanun pozuntusu yoxdur.

Uşağın yedizdirilməsi üçün fasilələr

Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əməkhaqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

Bu maddə praktikda az tətbiq olunsa da, son zamanlar tədbiq edilməyə başlanmışdır və analar üçün çox vacib güzəştlərdəndir.

Misal: “AA” MMC-nin qadın işçisinin 1 yaşında uşağı vardır. MMC-də iş rejimi həftədə 5 gün, 40 saatdır.

İşçinin ümumi iş norması Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən 4 saat qısaldılmalı, yəni 40 saat yox, 36 saat olmalıdır. Nəzərə alaq ki, həftənin ilk 4 günü hər gün üçün iş vaxtı gündə 1 saat qısaldılaraq, gündəlik 7 saat olmuşdur.

Bu halda 7 saatlıq (nahar ilə birlikdə 8 saatlıq) rejimdə 2 tam 3 saatlıq müddət vardır. Ona görə də uşağı yedizdirməyə görə anaya gündəlik əlavə iki dəfə 30 dəqiqəlik fasilə verilməlidir. 2 fasilənin müddəti 1 saat təşkil edir. Odur ki, bu 1 saatlıq müddəti işçi və işəgötürən razılaşma əsasında iş gününün sonuna salıb, iş saatını daha 1 saat qısalda bilərlər.

Mənbə: vergiler.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun