fbpx
Home » Vergi » Qeyri-rezidentlərə göstərilən xidmətlərə ƏDV-nin hesablanması

Qeyri-rezidentlərə göstərilən xidmətlərə ƏDV-nin hesablanması

ƏDV hesablanması,Qeyri-rezidentlərə göstərilən xidmətlərə ƏDV hesablanması


Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində Vergi Məcəlləsinin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracına görə ƏDV sıfır faiz (0) dərəcəsi ilə tutulur. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi vergi ödəyiciləri tərəfindən malların, xidmətlərin ixracına görə həm də ƏDV-nin hansı qaydada hesablandığını və işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi yeri müəyyənləşdirməkdir. Vergi Məcəlləsinin 165.1-ci maddəsinə əsasən, malların ixracı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur. Azərbaycan Respublikasının rezidenti olan ƏDV ödəycisinin respublikamızın hüdudlarından kənarda göstərdiyi xidmətlər, işlər ƏDV-nin vergitutma obyekti deyil.

Vergi Məcəlləsinin müddəalarına əsasən, Azərbaycan Respublikasında göstərilən bəzi xidmətlər də ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur. Burada əsas məsələ həmin xidmətlərin qeyri-rezident şəxslərə göstərilməsidir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində olan xidmətləri rezident ƏDV ödəyicisi Azərbaycan Respublikasında qeyri-rezidentə göstərən zaman həmin əməliyyatlar ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur.

Banner

Ona görə ki, 168.1.5-ci maddədə olan xidmətlərin göstərildiyi yer kimi xidmətləri göstərən şəxsin yox, xidmətləri alan şəxsin qeydiyyatda olduğu yer qəbul olunur. Ona görə də vergi ödəyiciləri bu məsələlərdə çox diqqətli olmalıdırlar. Bəzi hallar var ki, qeyri-rezident 168.1.5-ci maddədə nəzərdə tutulan xidmətləri rezident üçün xaricdə təqdim edir. Amma işlərin təqdim olunma yeri Azərbaycan Respublikası sayılır. Həmin maddədə qeyd edilən xidmətlərin təqdim olunması yeri alıcının yeri sayılır. Ona görə də bu xidmətlər faktiki olaraq xaricdə göstərilsə də, ƏDV-yə cəlb olunacaq.

Misal 1. ƏDV ödəyicisi olan rezident “A” şirkəti, İtaliyada qeydiyyata alınmış və Azərbaycanda daimi nümayəndəliyi olmayan “B” qeyri-rezident şirkətinə Bakı şəhərində hüquq xidmət göstərmişdir. Müqavilə üzrə göstərilmiş xidmətin dəyəri 30.000 manatdır (ƏDV-siz). Bu firmanın hesablamalı olduğu ƏDV-ni müəyyən edək.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində sadalanan işlərin və ya xidmətlərin (o cümlədən hüquq xidmətinin) ƏDV məqsədləri üçün göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer sayıldığına görə bizim misalda da xidmətin alıcısı “B” qeyri-rezident şirkəti İtaliyada qeydiyyatda olduğu üçün xidmətin Bakı şəhərində göstərilməsinə baxmayaraq, ƏDV məqsədləri üçün xidmət “ixrac” olunmuş hesab olunur, yəni İtaliyada göstərilmiş sayılır. Bunun üçün də bu xidmət ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunacaqdır.

Bu halda ƏDV ödəyicisi olan rezident “A” şirkəti tərəfindən “B” qeyri-rezident şirkətinə vergi hesab-fakturası təqdim olunarkən hesablanmış ƏDV məbləği 0 manat ( 30.000 x 0% = 0 manat ) olacaqdır.

Misal 2. Müəssisə ƏDV ödəyicisidir və Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda 2.000 manatlıq məsləhət xidməti, İngiltərə şirkətinə (qeyri-rezidentə) isə 3.000 avroluq hüquq xidməti göstərilib. Bu əməliyyatlar ƏDV-yə necə cəlb olunacaq?

Bu misalda xidmətlərin Bakıda göstərilməsinə baxmayaraq, xidmətlərin alıcısının yerləşdiyi yer Fransa və İngiltərədir. Ona görə də əməliyyatlar xidmətin ixracı kimi nəzərə alınacaqdır. Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda göstərilən 2.000 manatlıq məsləhət xidməti və İngiltərə şirkətinə (qeyri-rezidentə) göstərilən 3.000 avroluq hüquq xidməti sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar hesab olunacaqdır.

Misal 3. Naxçıvan şəhərində qeydiyyatda olan rezident şirkət Türkiyədə çap olunan jurnalda öz reklamını yerləşdirmişdir. Bu halda xidmətin alıcısı Naxçıvan şəhərində qeydiyyatda olduğu üçün Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən, vergitutma məqsədləri üçün xidmətin Azərbaycan Respublikasının ərazisində göstərildiyi qəbul olunur və Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən, qeyri-rezidentə ödənilməli olan məbləğə (ƏDV nəzərə alınmadan) rezident şirkət tərəfindən ƏDV hesablanmalıdır.



Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bax:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!