Fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV öhdəliyi necə müəyyən edilir?

2026-cı ilin yanvar ayında vergi uçotuna alınan fərdi sahibkar Yasamal rayonunda məişət mallarının pərakəndə satışı ilə məşğul olur. 2026-cı ilin may ayınadək onun POS-terminal vasitəsilə nağdsız qaydada apardığı əməliyyatlar 250.000 manat, nağd qaydada isə 70.000 manat məbləğində olub. Bu halda fərdi sahibkar ƏDV qeydiyyatına alınmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 155.1-1-ci maddəyə əsasən, bu Məcəllənin 155.1- ci maddəsinə uyğun olaraq, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.

Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) həmin Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.

Buna əsasən, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ardıcıl 12 aylıq dövrün istənilən aylarında ümumi dövriyyəsi 320.000 manat olsa da ƏDV məqsədləri üçün POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar nəticəsində hesablanan dövriyyəsi 125.000 manat (250.000 x 0,5) və ƏDV qeydiyyatının məqsədləri üçün nəticədə ümumi dövriyyəsi 195.000 manat (125.000 + 70.000) məbləğində olduğundan, həmin fərdi sahibkarın ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaranmır.

Banner

Əsas: Vergi Məcəlləsinin 155.1-ci və 155.1-1-ci maddələri

Mənbə: vergiler.az