Vergi Məcəlləsinin 106.10-cü maddəsində göstərilib ki, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
Bəllidir ki, bu il ictimai iaşə müəssisələrinə ƏDV qeydiyyatı ilə bağlı güzəşt tətbiq olunur. Həmin vergi ödəyicisinin ardıcıl 12 aylıq dövr ərzində real əməliyyatları 200.000 manatı keçsə də POS-terminal vasitəsilə ödənişləri 0,5 əmsala vurularaq hesablanır. Nəticədə onun dövriyyəsi 200.000 manatı keçmir və ƏDV qeydiyyatına alınmır. Bəs həmin müəssisələrdən əldə edilən dividendlər vergidən azad olunurmu?
Suala vergi eksperti Təhməz Qaçayev nümunələr əsasında aydınlıq gətirir.
Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri vergidən azad edilir. Məcəllənin 106.10-cu maddəsi isə ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin də dividend gəlirlərinin vergidən azad edildiyini göstərir.
Vergi Məcəlləsinin 155.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 155.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.
Misal: “AA” müəssisəsinin 12 aylıq real dövriyyəsi 230.000 manat olub və o, POS-terminal vasitəsilə 150.000 manat ödəniş qəbul edib, 80.000 manat isə nağd qaydada aparılıb. Belə olan halda POS-terminalla qəbul edilən dövriyyə 0,5 əmsalla hesablanır və ƏDV məqsədləri üçün dövriyyə 75.000 manat qəbul edilir:
150.000 x 0,5 = 75.000 manat.
Bu halda “AA” müəssisəsinin ƏDV məqsədləri üçün ardıcıl 12 aylıq dövriyyəsi 155.000 manat olaraq qəbul ediləcək:
80.000 + 75.000 = 155.000 manat.
İndi sualımıza yenidən nəzər salaq. Bu halda “AA” müəssisəsindən əldə edilən dividend gəlir vergisindən azad olunacaq, yoxsa vergiyə cəlb ediləcək?
Ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarda POS-terminal vasitəsilə ödənislərin 0,5 əmsal olaraq qəbul edilməsi ƏDV məqsədləri üçün sadələşdirilmiş vergi tətbiq edən ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri tərəfindən 8% vergi dərəcəsinin tətbiq edilib-edilməməsi və vergi ödəyicisinin sadələşdirilmiş vergi tətbiq edib-edə bilməyəcəyi məqsədləri üçün müəyyən olunub.
Dividend ödənişləri üçün isə belə qayda tətbiq edilmir. Bu halda əldə olunan dividend gəlir üçün real dövriyyə əsas götürülməklə vergiyə cəlb ediləcək. Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulacaq.
Mənbə: vergiler.az










