Vergi ödəyicilərinin qəbulu əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır
Hörmətli, vergi ödəyicisi!
12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.
Aşağıdakı link vasitəsi ilə onlayn növbə tuta və ya öncədən tutulmuş növbəni ləğv edə bilərsiniz:
- Onlayn növbəyə yazılmaq: https://www.e-taxes.gov.az/ebyn/novbe/
- Onlayn növbənin ləğvi: https://e-taxes.gov.az/ebyn/novbe/ordercancel.html
- Elektron xidmətlər üzrə istifadəçi təlimatı: https://bit.ly/2Wjtb5I
Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə və s.), müraciət edən şəxs elektron xidmətin istifadəçisinin səlahiyyətli nümayəndəsi olduqda müvafiq qaydada təsdiq olunmuş etibarnaməni və onlayn növbəyə yazılma ilə bağlı elektron poçt ünvanına göndərilmiş bildirişi mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.
Nəzərinizə çatdırırıq ki, tibbi maskasız xidmət mərkəzinə müraciət edənlərin qəbulu həyata keçirilmir.
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz xahiş olunur.
Əlavə olaraq bildiririk ki, 12 may 2020-ci il tarixdən vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti bərpa olunduğundan yeni koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülmüş tədbirlər çərçivəsində vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin müvəqqəti dayandırıldığı dövründə vergi ödəyicilərinin müraciətlərinin qəbulunun həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilmiş telefon nömrələri və elektron poçt ünvanları vasitəsi ilə müraciətlərin qəbulu dayandırılır.
Mənbə: taxes.gov.az
Bax: