Müharibə veteranlarının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması

Mən 2022-ci ilin noyabr ayından hərbi rəhbər vəzifəsində çalışıram. 2026-cı ilin iyul ayında veteran adı almışam. Veteranlığım 01.01.2022-ci il tarixindən nəzərə alınıb. Ötən müddət ərzində əməkhaqqımdan tutulmuş gəlir vergisinin geri qaytarılması prosesi necə həyata keçiriləcək? Bunun üçün hansı sənədləri təqdim etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilib.

Buna əsasən, müharibə veteranı adı aldığınızı təsdiq edən müvafiq təsdiqedici sənəd əsas iş yerinə təqdim olunmaqla muzdlu işdən əldə olunan gəlirlərinizə 400 manat vergi güzəşti tətbiq edilə bilər. Həmçinin, güzəşt hüququnu təsdiq edən müvafiq sənədin əsas iş yerinə təqdimedilmə vaxtından asılı olmayaraq, həmin əsas iş yerində vergi güzəşti 2022-ci il yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir.

Banner

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim olunduğu andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Müharibə veteranı adı almış şəxslərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərinə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqından azadolmaların verilməsi isə qanunvericilikdə nəzərdə tutulmayıb.

Sorğuda qeyd olunan məsələ ilə bağlı vətəndaşın aidiyyəti üzrə mühasibatlıq şöbəsinə müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Mənbə: vergiler.az