Vergi borclarının alınması ilə bağlı dəyişikliklərin vergi ödəyicisinə necə təsir edəcək?

Vergi borclarının alınması ilə bağlı dəyişikliklərin vergi ödəyicisinə təsiri barədə mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 65-ci maddəsinə aşağıdakı məzmunda 65.7-2-ci və 65.7-3-cü maddələr əlavə edilib:

  • Vergi orqanının vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vergilər, faizlər və ya maliyyə sanksiyaları üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamı vergi ödəyicisinin bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına verildikdə və bu zaman borc məbləği vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, həmin vəsaitin dondurulmasını təmin edən kredit və ya elektron pul təşkilatı vergi ödəyicisinin müraciəti əsasında bu barədə məlumatı vergi orqanına elektron qaydada təqdim edir. Vergi orqanı təqdim olunan məlumat əsasında digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir (Maddə 65.7-2.).
  • Vergi orqanının vergi ödəyicisinin eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesabına verilmiş vergilər, faizlər və ya maliyyə sanksiyaları üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamları olduqda və bu zaman borc məbləği vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir. (Maddə 65.7-3.)

Hər iki dəyişikliyi vergi ödəyicisinin xeyrinə qiymətləndirmək olar. Təcrübədə vergi orqanı tərəfindən bir neçə bankda hesabı olan vergi ödəyicisinin bütün hesabları üzrə dondurulma aparılmasına rast gəlinir.

Misal

Vergi orqanı tərəfindən vergi ödəyicisinin bir neçə bank hesabı üzrə 30.000 manat borcunun dondurulması ilə bağlı banklara sərəncam daxil olub. Vergi ödəyicisinin bütün hesabları üzrə borcun 105 faizi həcmində məbləğin, yəni 31.500 manatın dondurulması həyata keçirilib.

Banner

30.000 x 105% = 31.500 manat.

Əgər vergi ödəyicisinin 3 bankda hesabı olurdusa, o zaman 31.500 manat yox, 94.500 manat məbləğində vəsaitin dondurulması həyata keçirilirdi:

31.500 x 3 = 94.500 manat.

Yeni dəyişikliyə əsasən, hər hansı hesab üzrə dondurulma həyata keçirildiyi halda, vergi orqanı həmin kredit təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edəcək.

Mənbə: vergiler.az

Lizinqlə əldə edilmiş nəqliyyat vasitəsinin digər müəssisəyə təqdim edilməsi