Təmir xərcinin gəlirdən çıxılması

birbank biznes

Qeyri-maddi aktivlər,Nəqliyyat vasitələrinin təmirinə çəkilmiş xərcin gəlirdən çıxılmasına vergi ödəyicilərinin yanaşmasında müəyyən fərqlərin olduğu müşahidə edilir. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Tutaq ki, “ZZ” MMC mülkiyyətində olan nəqliyyat vasitələrini vaxtaşırı rəsmi servis mərkəzində texniki baxışdan (yağın dəyişdirilməsi, yağ, hava, yanacaq filtrlərinin dəyişdirilməsi və s.) keçirir və digər cari təmir işlərini gördürür. Müəssəsinin bu xidmətdən istifadə etməsi üçün sevis mərkəzi ilə müqaviləsi vardır. Servis tərəfindən göstərilən xidmət elektron qaimə faktura və təhvil-təslim aktı ilə rəsmiləşdirilir və köçürmələr nağdsız qaydada bank vasitəsilə aparılır. Burada sual yaranır ki, nəqliyyat vasitəsinə çəkilmiş xərc gəlirdən çıxılırmı?

Təmir xərclərinin mühasibat uçotunda əks etdirilməsi Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ı ilə tənzimlənir. Qaydalara əsasən, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər cari təmir məsrəflərinə aid edilir.

Bunlarla yanaşı, əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərtilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.

Buna əsasən, nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi və ona texniki qulluğun (yağın, şinin dəyişdirilməsi və s.) göstərilməsi ilə bağlı çəkilən xərclər təmir xərci olmaqla, Vergi Məcəlləsinin 115.1-ci maddəsinin müddəalarına uyğun olaraq, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artırılır.

Misal: Nəqliyyat vasitəsinin ilin əvvəlinə qalıq dəyəri 25.000 manat, il ərzində təmir xərci 1.750 manat olmuşdur. İlin sonu mənfəət vergisi bəyyannaməsinin xərc hissəsində təmir xərci nə qədər qeyd olunacaq?

25.000×5%=1.250 manat. Yerdə qalan məbləğ isə 1.750-1.250 manat = 500 manat qalıq dəyərinin üzrərinə gəlinərək növbəti ildə amortizasiya olunacaqdır.

25.000+500=25.500 manat

Misaldan da göründüyü kimi, ilin sonu mənfəət vergisi bəyannaməsinin xərc hissəsində təmir xərci 1.250 manat olacaqdır.

Mənbə: vergiler.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun