Müharibə veteranına artıq vergi geri qaytarılırmı?

44 günlük Vətən müharibəsi iştirakçısıyam. Mənə veteran adı və təqaüdü 2026-cı ildən verilməyə başlanıb. Lakin statusum 2022-ci ilin 1 yanvarından təsdiqlənib. Bu ötən illər ərzində işlədiyim yerə veteran statusum ilə bağlı müvafiq arayışı verə bilmədiyim üçün əməkhaqqımdan tutulan gəlir vergisinə güzəşt tətbiq edilməyib. Hazırda veteranam və bilmək istərdim ki, iş yerimə müraciət etməklə 2022-ci ilin 1 yanvarından etibarən əməkhaqqımdan tutulmuş vergiləri geri almaq hüququm varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilib.

Buna əsasən, müharibə veteranı adı aldığınızı təsdiq edən müvafiq təsdiqedici sənəd əsas iş yerinə təqdim olunmaqla muzdlu işdən əldə olunan gəlirlərinizə 400 manat vergi güzəşti tətbiq edilə bilər. Həmçinin, güzəşt hüququnu təsdiq edən müvafiq sənədin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, həmin əsas iş yerində vergi güzəşti 2022-ci il yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir.

Banner

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim olunduğu andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Müharibə veteranı adı almış şəxslərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərinə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqından azadolmaların verilməsi isə qanunvericilikdə nəzərdə tutulmayıb.

Sorğuda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə mühasibatlıq şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə:vergiler.az