Kənd təsərrüfatı sahəsində hansı vergi güzəştləri mövcuddur?

Mövzunu iqtisad elmləri üzrə fəlsəfə doktoru, vergi eksperti İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə (o cümlədən sənaye üsulu ilə) – heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi, yəni onlardan ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən məhsulların əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi, yəni bitkiçilik məhsullarının təbiətdə olduğu ilkin formasını saxlamaqla, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən əldə edilməsi nəzərdə tutulur. Həmçinin balıq kürüsünün istehsalı və emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları Vergi Məcəllənin məqsədləri üçün kənd təsərrüfatı məhsullarına bərabər tutulur.

Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət – 2014-cü il yanvarın 1-dən 13 il müddətinə vergidən azad edilib. Həmçinin Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin əldə etdiyi gəlirlər də vergidən azad olunub.

Misal 1: Mənfəət vergisi ödəyicisi olan hüquqi şəxs 2023-cü ildə 50.000 manatlıq kənd təsərrüfatı məhsulu olan taxıl istehsal edib. Həmin məhsuldan buğda şəklində təqdim edərək 10.000 manat mənfəət, buğdadan istehsal etdiyi unun satışından isə 45.000 manat mənfəət əldə edib. Bu halda məhsuldan buğda şəklində təqdim edərək əldə etdiyi 10.000 manat məbləğində qazanc mənfəət vergisindən azaddır, un satışından əldə etdiyi 45.000 manat mənfəətdən isə 9.000 manat mənfəət vergisi hesablayacaq:

Banner

45000 x 20% = 9000 manat.

Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin, həmçinin Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən fiziki şəxslərin bu fəaliyyətlər üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan şəxslərin bu sahə üzrə dividend gəlirləri – 2023-cü il yanvarın 1-dən 4 il müddətinə mənfəət və gəlir vergisindən azad edilib.

Misal 2: Qəbələ rayonunda kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan hüquqi şəxsə dövlət tərəfindən dövlət büdcəsi vəsaiti hesabına 20.000 manat subsidiya verilib. Mənfəət vergisinin hesablanması qaydasına baxaq.

Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsinə əsasən, hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar 2023-cü il yanvarın 1-dən 4 il müddətinə mənfəət vergisindən azad edildiyi üçün hüquqi şəxsə ayrılan 20.000 manat subsidiya məbləği mənfəət vergisinə cəlb edilməyəcək.

Misal 3: Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan MMC-nin səhmdarı olan fiziki şəxs Əliyev Nihadın həmin MMC-də olan səhmlərinə görə 20.000 manat kənd təsərrüfatı məhsullarının istehsalı üzrə dividend gəliri olub. Gəlir vergisinin hesablanmasına baxaq.

Vergi Məcəlləsinin 102.1.11-1-ci madəsinə əsasən fiziki şəxs Əliyev Nihadın kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxsdən səhmlərinə görə kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdiyi dividend gəlirləri – 2023-cü il yanvarın 1-dən 4 il müddə gəlir vergisindən azad edildiyi üçün fiziki şəxsin 20.000 manat dividend gəlirlərindən ödəmə mənbəyində vergi tutulmayacaq.

Qeyd edək ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlir dedikdə — digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri nəzərdə tutulur.

Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr – 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azad edilib.

Misal 4: Əlavə dəyər vergisi ödəyicisi olan hüquqi şəxs maldarlıq fəaliyyəti ilə məşğul olur. 2020-ci ildə hüquqi şəxs 60.000 manat məbləğində maldarlıq fəaliyyətindən əldə etdiyi məhsulu təqdim edib və bu məhsulun istehsalı ilə bağlı olan xərci 10.000 manat olub. Təqdim olunan məhsulun 30.000 manatı inək satışından, 20.000 manatı isə inəklərin kəsilərək ətlərindən hazırlanmış kolbasa məhsullarının satışından (bununla bağlı istehsal xərci 3.000 manat), 5.000 manatı süd satışından, 5.000 manatı isə pendir və qatıq satışından (bununla bağlı istehsal xərci 1.000 manat) olub. Bu halda müəssisənin diri şəkildə inəklərin və onlardan alınan südün satışından əldə etdiyi 35.000 manat məbləği (30.000 + 5.000) həm əlavə dəyər vergisindən, həm də mənfəət vergisindən azaddır. İnəklərin kəsilərək ətlərindən hazırlanmış kolbasa məhsullarının və onlardan alınan süddən hazırlanmış pendir və qatığın topdansatışından əldə olunan 25.000 manatdan (20.000 + 5.000) ƏDV hesablanacaq, ümumi dövriyyədən istehsal xərci çıxıldıqdan sonra qalan 21.000 manat ((20000 – 3000) + (5000 – 1000)) mənfəətdən isə 4.200 manat (21000 x 20%= ) mənfəət vergisi hesablayacaq.

Misal 5: Quşçuluq müəssisəsi əsas fəaliyyətlə yanaşı balansında olan daşın¬maz əmlakın icarəyə verilməsindən gəlir əldə edir. Bu halda quşçuluq müəssisəsi əsas fəaliyyət üzrə ƏDV-dən azaddır, əmlakın icarəyə verilməsindən əldə etdiyi gəlir isə Vergi Məcəlləsinin 155.1-ci maddə¬si¬nin müddəalarına uyğun olaraq, ardıcıl 12 aylıq dövr ərzində 200.000 manatdan artıq olduqda həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Beləliklə, quşçuluq müəssisəsi ƏDV qeydiyyatına alındığı təqdirdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı əsas fəaliyyəti üzrə ƏDV-dən azad olunacaq, əmlakın icarəsindən əldə etdiyi gəlirləri isə ƏDV-yə cəlb olunacaq. Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən, heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib.

Vergi Məcəlləsinin 218-1.1.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 13 il müddətinə sadələşdirilmiş vergidən azad edilib.

Misal 6: Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs quşçuluq məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olur. 2018-ci ildə hüquqi şəxs 70.000 manat məbləğində quşçuluq fəaliyyətindən əldə etdiyi məhsulu təqdim edib. Təqdim olunan məhsulun 40.000 manatı diri şəkildə quş satışından, 30.000 manatı isə quşların kəsilib konservləşdirilərək satışından əldə olunub. Bu halda müəssisənin diri şəkildə quşların satışından əldə etdiyi 40.000 manat sadələşdirilmiş vergidən azaddır. Quşların kəsilib konservləşdirilərək satışından əldə olunan 30.000 manatdan isə 600 manat (30.000 x 2% = 600 ) sadələşdirilmiş vergi hesablayacaqdır.

Qeyd edək ki, Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 13 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

Mənbə: vergiler.az