Nizamnamə kapitalına əmlak qoyuluşu necə rəsmiləşdirilir?

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də hüquqi şəxslərin yeni hüquqi şəxs yaradılması zamanı əmlak formasında nizamnamə kapitalının formalaşdırılması ilə bağlıdır. Bu zaman payçılar yeni yaradılan MMC-yə pay kimi qoyulan əmlaka görə elektron qaimə-faktura təqdim etməlidirmi? Yaradıldıqdan sonra yenidən nizamnamə kapitalının artırılması zamanı aktivlərin təhvili və təslimi zamanı elektron qaimə-faktura verməlidirmi? 

Suallara sərbəst auditor Altay Cəfərov nümunələr əsasında aydınlıq gətirir. 

Misal: “AA” MMC-nin balansında 100.000 manat ilkin dəyəri, yığılmış amortizasiyası 40.000 manat və qalıq dəyəri 60.000 manat olan avadanlıqlar vardır. Şirkətin “VV” MMC törəmə müəssisəsi var. MMC bu əsas vəsaitləri həmin törəmə müəssisənin nizamnamə kapitalına pay qoyacaq. Bu halda “AA” MMC-də 60.000 manat mənfəət vergisi məqsədləri üçün dövriyyə sayılacaqmı? “AA” MMC 60.000 manatlıq elektron qaimə-fakturanı “VV” MMC-yə təqdim etməlidirmi?

Məsələyə aydınlıq gətirmək üçün ilkin olaraq Vergi Məcəlləsinin tələblərinə nəzərə salmaq lazımdır. Məcəllənin 146.1-ci maddəsinə əsasən, aktivlərin verilməsi aşağıdakı hallarda onların vergiyə cəlb olunan təqdim edilməsi sayılmır:

Banner

– şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə);

– şəxs və ya şəxslər qrupu bilavasitə mübadilədən sonra hüquqi şəxsdə iştirak paylarının 100 faizinə sahib olursa.

Vergi Məcəlləsinin 146.2-ci maddəsində göstərlib ki, bu Məcəllənin 146.1-ci maddəsinin müddəaları şamil edilən aktivi alan iştirakçı üçün onun dəyəri aktivi verən iştirakçı üçün onun verilmə vaxtındakı dəyərinə bərabərdir və aktivin balans dəyəri onu alan şəxsə keçir.

Məcəllənin 146.3-cü maddəsinə əsasən, bu Məcəllənin 146.1-ci maddəsində göstərilən mübadilə nəticəsində alınan iştirak payının dəyəri verilən hər hansı borcun məbləği çıxılmaqla verilən aktivlərin dəyərinə bərabərdir.

Vergi Məcəlləsinin 146.4-cü maddəsinə görə, götürülmüş öhdəliklər verilən aktivlərin dəyərindən artıqdırsa, bu maddə həmin artıq məbləğə tətbiq edilmir.

Beləliklə, Məcəllənin 146-cı maddəsinə əsasən mənfəət vergisi məqsədləri üçün “AA” MMC tərəfindən “VV” MMC-nin nizamnamə kapitalına pay kimi qoyacağı 60.000 manat təqdim edilən dövriyyə sayılmayacaq.

İndi isə elektron qaimə-fakturanın təqdim edilib-edilməməsi məsələsinə baxaq.

Vergi Məcəlləsinin 71-1-1.5-ci maddəsində göstərilib ki, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir:

– malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;

Bundan əlavə Məcəllənin 13.2.10-cu maddəsinə əsasən, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir.

Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə görə, gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir.

Məcəllənin 71-ci maddəsinə əsasən, mallar kimə təqdim edilməsindən asılı olmayaraq elektron qaimə-faktura verilməlidir. Həmçinin, 13.2.10-cu maddəyə əsasən mallar üzərində mülkiyyət hüququnun başqasına keçməsi malların təqdim edilməsi sayılır. Yəni, “AA” MMC avadanlıqları “VV” MMC-nin nizamnamə kapitalına pay qoymasının nəticəsi kimi mülkiyyət hüququ “AA” MMC-dən “VV” MMC-yə keçəcək. Buna görə də “AA” MMC 60.000 manatlıq elektron qaimə-fakturanı “VV” MMC-yə təqdim etməlidir.

Eyni zamanda Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən bu əməliyyat gəlir kimi qiymətləndirilir. Amma Məcəllənin 146-cı maddəsinə əsasən belə gəlirlər və bu kimi əməliyyatlar üzrə təqdim edilmə vergiyə cəlb edilən əməliyyat sayılmır.

Nəticə olaraq aydın olur ki, “AA” MMC “VV” MMC-yə 60.000 manatlıq adi “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturanı təqdim etməlidir. Ancaq bu əməliyyat mənfəət vergisinə cəlb edilən əməliyyat sayılmayacaq.

Bəs “AA” MMC 60.000 manatı elektron qaimə-fakturada hansı bölmədə əks etdirəcək (Nəzərə alaq ki, “AA” MMC ƏDV ödəyicisidir)?

Vergi Məcəlləsinin 165.1.10-cu maddəsinə əsasən, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV sıfır (0) dərəcə ilə tutulur.

Maddədən də aydın olur ki, nizamnamə kapitalına əsas vəsaitlərin pay kimi qoyulması ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatlardır. Odur ki, “AA” MMC təqdim edəcəyi elektron qaimə-fakturada 60.000 manatı ƏDV “0” dərəcəyə cəlb edilən əməliyyatlar bölməsində yazacaq, ƏDV bəyannaməsinin Əlavə 4-də qeyd edəcək.

“AA” MMC 60.000 manatı illik mənfəət vergisi bəyannaməsində dövriyyə kimi yazmalıdırmı?

Göründüyü kimi, “AA” MMC əsas vəsaitləri normal malların, işlərin və xidmətlərin təqdim edilməsi elektron qaimə-fakturası ilə rəsmiləşdirib. Ona görə də vergi orqanları 60.000 manatı normal qaydada təqdim edilmə kimi qəbul edəcək. Ancaq eyni zamanda nizamnamə kapitalına pay qoyuluşu Vergi Məcəlləsinin 146-cı maddəsinə görə mənfəət vergisindən azad edilən əməliyyat yox, ümumiyyətlə, mənfəət vergisinə cəlb edilən əməliyyat deyil. Ona görə də bu əməliyyat çərçivəsində dövriyyələr mənfəət vergisi bəyannaməsində əks edilməli deyil, çünki bu əməliyyat, ümumiyyətlə, vergiyə cəlb edilmir. Nəticədə “AA” MMC illik mənfəət vergisi bəyannaməsində 60.000 manatı qeyd etməyəcək.

Bəs vergi orqanları uyğunsuzluq məktubunu MMC-yə göndərməyəcəkmi?

Əlbəttə, belə olan halda vergi orqanları 60.000 manatlıq vəsaitə “0” dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi göstərildiyinə görə “AA” MMC-yə uyğunsuzluq məktubu göndərəcək. Çünki mənfəət vergisi bəyannaməsində bu məbləğ göstərilməyib. Nəticədə ƏDV bəyannəsində olan dövriyyə ilə mənfəət vergisi bəyannaməsində olan dövriyyələr arasında 60.000 manat fərq yaranır.
Əvvəla qeyd edək ki, “AA” MMC elektron qaimə-fakturanı göndərəndə orada normal qaydada əlavə qeydlərdə bu əməliyyatın nizamnamə kapitalının formalaşdırılması məqsədi daşıdığını hökmən yazmalıdır. Həmçinin, uyğunsuzluq məktubu daxil olanda normal qaydada açıqlamalar təqdim ediləndə problem aradan qalxmalıdır. Yəni, açıqlama verilməlidir ki, elektron qaimə-faktura nizamnamə kapitalının formalaşdırılması məqsədilə Vergi Məcəlləsinin yuxarıda qeyd etdiyim maddələrini əsas gətirməklə təqdim edilib, ƏDV bəyannaməsində “0” dərəcəyə cəlb edilən dövriyyə kimi yazılıb. Məcəllənin digər müvafiq maddələrinə görə ümumiyyətlə, mənfəət vergisinə cəlb edilən əməliyyat olmadığına görə mənfəət vergisi bəyannaməsində göstərilməyib. Yəni, bu qayda qanunvericiliyin tələbləridir və ona əsasən bu formada rəsmiləşdirilməlidir. Bəzi vergi ödəyiciləri üçün bu proses çətin kimi görünürsə, sadə texniki bir mexanizm formasında da bunu həyata keçirmək olar.

“AA” MMC mənfəət vergisi bəyannaməsində 201-ci sətrdə “Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir” 60.000 manatı əks etdirə bilər və eyni zamanda 227.9-cu sətrdə “Təqdim edilmiş əsas vəsaitlərin qalıq dəyəri” 60.000 manat yaza bilər. Belə olan halda uyğunsuzluq məktubu gəlməyə bilər.

Əlbəttə, hər iki variantda nəticə eynidir. Birinci halda ümumiyyətlə qeyd edilmir və vergiyə cəlb edilmə də olmur. İkinci texniki variantda da qeydlər aparılır, nəticədə vergiyə cəlb edilən məbləğ yaranmır.

Mənbə: vergiler.az