Bazar münasibətlərinin inkişafında azad və ədalətli rəqabət mühiti mühüm əhəmiyyət daşıyır. Təəssüf ki, bəzi hallarda bazar iştirakçıları rəqabət üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin və qəbul olunmuş işgüzar ənənələrin tələblərinə uyğun olmayan üsullardan da istifadə edirlər. Belə hallar isə digər bazar iştirakçılarının fəaliyyətinə, işgüzar nüfuzuna və maliyyə vəziyyətinə xələl gətirir.
Təcrübə göstərir ki, haqsız rəqabət özünü müxtəlif formalarda büruzə verir. Alıcıların aldadılması, rəqib brendlərin təqlidi, rəqibi nüfuzdan salmaq cəhdləri, kommersiya sirrinin qanunsuz əldə edilməsi və yayılması bunlardan sadəcə bir neçəsidir. Bəs tənzimləyici qurum haqsız rəqabətə qarşı hansı addımları atır? Bazarda ən çox nə kimi pozuntulara rast gəlinir?
Mövzu ilə bağlı sualları Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyevə ünvanlayıb. Müsahibimiz Rəqabət Məcəlləsinin tələblərinin pozulması hallarına və buna qarşı effektiv mübarizə mexanizmlərinə aydınlıq gətirib.
Müştərilərə qarşı aqressiv davranış
“Rəqabət Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətində təhdid, zorakılıq və ya digər qanunsuz təsir vasitələrindən istifadə olunmaqla müştərilərin seçim hüququnun məhdudlaşdırılması yolverilməzdir. Bu cür əməllər istehlakçıların azad və normal bazar şəraitində verəcəyi qərarlara maneə yarada bilər”, – Ş. Nağıyev bildirib. Onun sözlərinə görə, müştərilərə qarşı aqressiv davranış haqsız rəqabətin formalarından biridir. Sahibkar müştəriyə təhdid, zor və ya digər qanunsuz təsir vasitələri ilə təzyiq göstərərək onun seçim və qərarvermə azadlığını məhdudlaşdırdıqda bu hal haqsız rəqabət hesab olunur: “Tutaq ki, satıcı müştərini başqa satıcıdan məhsul almaması üçün qanunsuz təsir vasitələrilə öz məhsulunu almağa məcbur edir. Bu, müştərilərə qarşı aqressiv davranış hesab edilir və haqsız rəqabətə səbəb olur”.
Rəqibin nüfuzdan salınması
Agentlik rəsmisi vurğulayıb ki, rəqibin işgüzar nüfuzu, maliyyə vəziyyəti, habelə onun elmi-texniki və istehsal imkanları haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud bunun təşkili qanunvericiliklə qadağandır. Eyni zamanda, bazar iştirakçılarını rəqibin məhsulundan imtina etməyə yönəldən əsassız çağırışların edilməsi də hüquqi məsuliyyət yaradır. Rəqibin təklif etdiyi məhsulun xammal mənşəyi, xassələri, keyfiyyəti, tətbiq edilən texnologiyalar və təhlükəsizlik göstəriciləri barədə dezinformasiya xarakterli məlumatların dövriyyəyə buraxılması Rəqabət Məcəlləsinin tələblərinə əməl edilməməsi deməkdir. Bu cür hallar bazarda sağlam rəqabət mühitinə zərər vurur və istehlakçı hüquqlarının pozulması ilə nəticələnir.
Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi
Məhsulun xalis texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, rəqibin mallarının, onların formasının, xarici tərtibatının və ya qablaşdırılmasının icazəsiz təqlid edilməsi azad rəqabət prinsiplərinə ziddir. Ş.Nağıyev bildirib ki, rəqibin əqli mülkiyyət hüquqlarını pozmaqla məhsulun eynilə təkrarlanması, başqasının adından, firma adından və ya əmtəə nişanından qanunsuz istifadə olunması yolverilməzdir. O, həmçinin əlavə edib ki, hüquqi əsas olmadan rəqibin coğrafi göstəricisindən faydalanmaq, onun domen adını mənimsəmək, yaxud istifadəçiləri yanıldacaq dərəcədə oxşar internet səhifəsi dizaynı tətbiq etmək haqsız rəqabət forması kimi dəyərləndirilir.
Müştərilərin çaşdırılması və ya aldadılması
Məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və digər xüsusiyyətləri, eləcə də təsərrüfat subyekti və onun sahibkarlıq fəaliyyəti barədə müştərini çaşdıra və ya aldada biləcək məlumatlardan istifadə etmək qadağandır. Bundan başqa, məhsulun satışı və ya onunla bağlı danışıqlar zamanı müştərinin sərbəst seçim hüququna təsir edən qanunsuz reklam üsullarından istifadə edilməsi də yolverilməzdir. Ş.Nağıyev diqqətə çatdırıb ki, rəqibin məhsulu ilə müştərini çaşdıra biləcək formada müqayisə aparılması, bu müqayisənin reklam və ya media məhsulu kimi təqdim edilməsi də qanun pozuntusu hesab olunur. Həmçinin məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətəuyğun olmayan məlumatların, o cümlədən fərqləndirici nişan, marka və ya işarələrin istifadəsi və bunun əsasında reklamın yayımlanması qadağandır.
Məhsulun standartlara və ya texniki reqlamentlərə uyğunluğu barədə yanlış məlumat verilməsi, yaxud məhsulun təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi də Rəqabət Məcəlləsinin tələblərinin pozulması hesab edilir.
Kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və yayılması
Şöbə müdiri qeyd edib ki, qanunvericilikdə və ya tərəflər arasında bağlanan müqavilədə xüsusi hallar nəzərdə tutulmadıqda rəqibin istehsal, texnoloji, idarəetmə və maliyyə fəaliyyətinə dair məlumatların qanunsuz yolla əldə olunması, yayılması və ya istifadəsi qadağandır. Şəxsi və ya üçüncü tərəflərin maraqları naminə kommersiya sirri təşkil edən bu cür məlumatlardan faydalanmaq rəqib subyektin bazar mövqeyinə zərbə vurur və onun maraqlarına xələl gətirir. Bu səbəbdən, qanunla qorunan kommersiya sirrinin sızdırılması və ya biznes mühitində ədalətsiz üstünlük qazanmaq üçün istifadə edilməsi Rəqabət Məcəlləsinin tələblərinə görə hüquqi məsuliyyət yaradır.
Haqsız rəqabətə səbəb olan digər hərəkətlər
Məcəllədə haqsız rəqabətə səbəb olan digər hərəkət hallarına geniş yer verilib. Belə ki, haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi, Azərbaycan Respublikasının ərazisində qorunan əmtəə nişanları ilə təchiz edilmiş məhsulun bazar payının və ya süni yolla artırılmış qiymətlərinin saxlanılması məqsədilə həmin əmtəə nişanının sahibi olan təsərrüfat subyektləri tərəfindən ölkə hüdudlarından kənarda qeydiyyata alınmış eyni və ya oxşar əmtəə nişanı ilə təchiz edilmiş məhsulun rəqib təsərrüfat subyektləri tərəfindən idxalının məhdudlaşdırılması, rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya səbəb ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi, öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək və ya rəqibə digər formada zərər vurmaq məqsədilə rəqibin işçilərinə qanunsuz vasitələrlə təsir göstərilməsi, rəqibin sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir edilməsi, Rəqabət Məcəlləsi ilə qadağan olunmuş hərəkətlərin (hərəkətsizliyin) digər şəxslər tərəfindən törədilməsi məqsədilə ödənişlərin sifariş və ya təşkil edilməsi haqsız rəqabət hərəkətləri hesab edilir.
Haqsız, qeyri-dəqiq və gizli reklam
Haqsız, qeyri-dəqiq və gizli reklam kimi halların hər biri birbaşa istehlakçıların aldadılmasına və çaşdırılmasına gətirib çıxarır. Ş.Nağıyev vurğulayıb ki, Rəqabət Məcəlləsinin tələblərinə əsasən, belə reklam növlərindən istifadə olunması haqsız rəqabətə yol açan qanunsuz hərəkətlər sırasına daxildir.
Haqsız reklam dedikdə, əmtəələr arasında müqayisə aparılması, rəqibin işgüzar nüfuzunun aşağılanması, həqiqətəuyğun olmayan iddiaların irəli sürülməsi və ya mühüm məlumatların gizlədilməsi başa düşülür. İstehlakçıda yanlış təəssürat yaradan və qanunvericiliyin tələblərinə zidd yayımlanan hər bir material bu kateqoriyaya daxildir. Qeyri-dəqiq reklam əmtəənin istehsalçısı, mənşəyi, xüsusiyyətləri, qiyməti, əldə edilməsi və istifadə şərtləri barədə təhrif olunmuş məlumatları əks etdirir. Bura, həmçinin məhsulun sertifikat və lisenziyaları, tədqiqat nəticələri, eləcə də lotereya və digər tədbirlərin şərtləri haqqında uydurma informasiyaların verilməsi aiddir.
Gizli reklam isə materialın məzmunca reklam xarakteri daşımasına baxmayaraq, “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi olmadan təqdim edilməsidir. Belə məlumatlar istehlakçının şüuruna gizli təsir göstərmək və diqqəti birbaşa reklam obyektinə yönəltmək məqsədi daşıyır. Rəqəmsal platformalarda reklam məzmununun bu şəkildə təqdim olunması istehlakçılar üçün reklamla adi məzmun arasındakı sərhədi müəyyənləşdirməyi çətinləşdirə bilər. Bu baxımdan, rəqəmsal platformalarda reklam fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxslərin statusu və onların reklamla bağlı öhdəlikləri də xüsusi əhəmiyyət daşıyır.
Məhz bu kontekstdə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa “rəqəmsal platforma təsirçisi” anlayışının daxil edilməsi mühüm yeniliklərdən biridir. Qanuna əsasən, rəqəmsal platforma təsirçisi – maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxsdir.
Haqsız rəqabətin qarşısının alınması üçün görülən işlər
Haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2026-cı ilin yanvar-iyul ayları ərzində 37 araşdırma aparıb və 23 iş qaldırıb. Ş.Nağıyev bildirib ki, 14 təsərrüfat subyekti aşkar olunmuş pozuntunu könüllü qaydada aradan qaldırıb. Aparılan araşdırmalardan 25-i əmtəə nişanından qanunsuz istifadə edilməsi, 12-si isə digər haqsız rəqabət halları ilə bağlı olub. Qaldırılan işlərin 18-i əmtəə nişanından qanunsuz istifadə, 5-i isə digər haqsız rəqabət pozuntuları üzrə qeydə alınıb.
Mənbə: vergiler.az










