Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarının qarşısını almaq məqsədilə yeni nəzarət mexanizmi işə salınacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “2027-ci il dövlət büdcəsi haqqında”qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, işçilərə əməkhaqqı və sair ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindəki məlumatlar əsasında Azərbaycan Mərkəzi Bankının təyin etdiyi elektron ödəniş platforması ilə aparılması planlaşdırılır: “Həmçinin, ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi təmin olunacaq. Bu mexanizmin başlıca üstünlüklərindən biri odur ki, əməkhaqqının yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində qeyd olunan məbləğdə rəsmiləşdirilməsi deyil, həm də real ödənilməsi elektron məlumatlar vasitəsilə izlənilə biləcək”.
Nazir müavini qeyd edib ki, bu yolla əməkhaqqının vaxtında ödənilməməsi, azaldılmış həcmdə verilməsi və ya müəyyən hissəsinin gizli saxlanması kimi halların müəyyən edilməsi və qarşısının alınması üçün daha səmərəli nəzarət sistemi qurulacaq:
“Bundan əlavə, nəzərdə tutulan mexanizm təkcə nəzarət tədbirlərinin möhkəmləndirilməsi ilə məhdudlaşmır. Bu, eyni zamanda əmək münasibətlərinin tərəfləri üçün əməkhaqqı və digər ödənişlər, qanunvericiliklə müəyyən edilmiş tutulmalar, həmçinin şəxsin gəlir tarixçəsinə dair məlumatların elektron formada əldə olunması imkanını yaradacaq”.
Z.Əliyev vurğulayıb ki, bu sistemin həyata keçirilməsi işəgötürənlərin hesabat yükünün yüngülləşdirilməsinə, vergi və sosial sığorta məlumatlarının daha operativ şəkildə formalaşdırılmasına, məzuniyyət və müvəqqəti əmək qabiliyyətsizliyi zamanı orta əməkhaqqının avtomatik qaydada hesablanmasına töhfə verəcək: “Təklif edilən dəyişikliklər əmək münasibətlərində şəffaflığın gücləndirilməsinə, məlumat mübadiləsinə əsaslanan vahid və proaktiv nəzarət mexanizminin yaradılmasına da şərait yaradacaq”.
Mənbə: report.az










