Vergi Məcəlləsinə ixracyönümlü fəaliyyət və turizm sektoru üçün yeni güzəştlər təklif olunur

Vergi Məcəlləsinə təqdim olunan mühüm dəyişiklik ixracyönümlü fəaliyyətin stimullaşdırılması ilə bağlıdır. Bu istiqamətdə ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün əlavə vergi təşviqlərinin tətbiqi nəzərdə tutulur.

Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təklif olunan təşviqlər malların ixracını ilə yanaşı, həm də xidmətlərin ixracını əhatə etməklə, yerli sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ixrac potensialının artırılmasına yönəlib.

“Vergi öhdəlikləri müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, gecikdirilmiş günlər üçün hesablanan faiz dərəcələrinin 2 dəfə azaldılması təklif olunur. Burada həmçinin maliyyə sanksiyalarının qısa müddətdə ödənilməsini stimullaşdırmaq məqsədilə əlavə təşviq elementləri də nəzərdə tutulub. İnvestisiya fəallığını yüksəltmək məqsədilə layihədə bir sıra sahələrə əlavə vergi güzəştləri əksini tapıb. Turizm sektoru üçün bu il 2 mühüm yeniliyimiz olacaq. Sektorun vergi dəstəklənməsinin davam etdirilməsi məqsədilə regionlarda otel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisi üzrə güzəştinin müddətinin uzadılması nəzərdə tutulur. Həmçinin bu sektorda fəaliyyət göstərən müəssisələr üçün xarici turistlərə xidmətlər üzrə gəlir və mənfəət vergisindən azadetmənin tətbiqi təklif edilib”, – Orxan Nəzərli qeyd edib.

Banner

Mənbə: vergiler.az