Mən əmək müqaviləsi ilə çalışıram. Bir müddət əmək qabiliyyətimi itirərək işdən qalmışam. Həmin müddət üçün xəstəlik vərəqəsinə görə ödənilən məbləğdən gəlir vergisi tutulurmu?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi kimi ay ərzində muzdlu işlə əlaqədar alınan digər gəlirlərlə toplanmaqla işəgötürən tərəfindən gəlir vergisinə cəlb olunmalıdır.
“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilib. Buna uyğun olaraq, işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır.
Əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyirinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi
Mənbə: vergiler.az










