İşsizlikdən sığorta ödənişi (ödənilməsi şərtləri və məbləği)

işsizlikdən sığorta ödənişiİşsizlikdən sığorta ödənişi (ödənilməsi şərtləri və məbləği)

Məlum olduğu kimi 2018-ci ildən qüvvəyə minmiş işsizlikdən sığorta haqqı qanunvericiliyinə uyğun olaraq işçilərin əməkhaqlarının 0.5%-i, işəgötürən tərəfindən isə əməkhaqqı fondunun 0.5%-i məbləğində hər ay işsizlikdən sığorta haqqı ödənilir.

Hansı hallar baş verdikdə işsizlikdən sığorta ödənişi verilir?

Bu ödəniş 1) işçi işəgötürən dövlət orqanı və ya hüquqi şəxs ləğv olunduqda, 2) ştat və ya işçilərin ixtisarı baş verdikdə, 3) əmək müqaviləsinə müddətin bitməsinə görə xitam verildikdə, rəsmi qaydada işsiz sayılan şəxslərə verilir.

Bəs bu tutulan məbləğlərin müqabilində hansı təminatlar nəzərdə tutulmuşdur?

Banner
  • Minimum sığorta ödənişi – minimum əməkhaqqı məbləğində – hazırda 345 manatdır. Bu məbləğ ixtisar, müəssisə ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilən və xitam tarixindən əvvəlki 2 il üçün azı 1 illik stajı olan şəxslərə ödənilir. Həmçinin, əmək müqaviləsinin müddəti bitmiş və həmin tarixdən əvvəlki 3 il üçün azı 30 ay stajı olan şəxslərə ödənilir.
  • Aylıq sığorta ödənişi – bu məbləğ müəssisə ləğvi və ya ixtisarla əlaqədar əmək müqaviləsinə xitam verilən, o cümlədən xitam tarixindən əvvəlki 2 il üçün 1 ildən çox stajı olan şəxslərə ödənilir. Ödəniş işçi tam işləyibsə, son 12 aylıq əməkhaqqısının orta aylıq (12-ə bölünməklə tapılır) məbləğinin, natamam işləyibsə, son 24 ay üzrə işlədiyi ayların orta aylıq (işlədiyi aylara bölünməklə tapılır) əməkhaqqısının 50%-i məbləğində ödənilir.
  • Əlavə sığorta ödənişi – Himayəsində 18 yaşa çatmamış uşaq olan, əmək müqaviləsinin xitam tarixindən 2 il ərzində 1 il və ya 1 ildən çox stajı olan şəxslərə hər uşağa görə 5%, maksimal 20% məbləğdə ödənilir.

Sığorta ödənişi ilk 12 ay üçün 6 ay, növbəti 12 ay üçün 3 ay müddətinə verilir. 6 aylıq ödənişdə də azalmalar mövcuddur. Belə ki, ilk 2 ay tam, növbəti 2 ay 80%, sonuncu 2 ay üçün isə 70% ödəniş verilir. İkinci il üçün ödəniş isə 3 ay müddətinə minimum əməkhaqqı məbləğində verilir.

Göründüyü kimi, işsizlikdən sığorta ödənişi üzrə bölgülərin çoxluğuna baxmayaraq yekun nəticədə demək mümkündür ki, işsiz şəxslərə minimum əməkhaqqı məbləğində ödəniş verilir.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


Aksizli malların üzərində vergi nəzarəti