İşçilərin icbari sığortası biznesinizi maliyyə itkilərindən müdafiə edir

birbank biznes

sığorta müqaviləsi,İşəgötürənlər tərəfindən işçilərin bədbəxt hadisə və peşə xəstəliyindən müdafiəsi.

Məlum olduğu kimi işəgötürən tərəfindən işçilər və istehsalat təcrübəsi keçən təcrübəçilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirilməlidir. Bununla əlaqədar olaraq qanunvericilik sərt sanksiyalar və öhdəliklər müəyyən etmişdir.

Belə ki, bu sığorta növünün həyata keçirilməməsi halında fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Qeyd edilən sığorta növünün təmin edilməsi ilə yanaşı işəgötürənlər tərəfindən qanunvericiliyin müəyyən etdiyi vəzifə öhdəliklərinə də riayət edilməsi mütləq hesab edilir. Həmin vəzifələrə aid edilir:

  • icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək – göstərilən sığorta müqaviləsi üzrə hər bir işçi ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq sığorta təminatı nəzərdə tutulduğu üçün sığorta təminatının da əmək müqaviləsi ilə eyni müddətdə davam etməsi mütləqdir. Bununla əlaqədar olaraq, işəgötürən sığorta müqaviləsində hər bir işçi ilə bağlı əlavələr etdikdə, həmin əlavələrə uyğun olaraq sığorta haqqını vaxtında ödəmək öhdəliyi daşıyır.
  • sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində dəyişikliklər edildikdə, onların kateqoriyalarında dəyişikliklərin edildiyi andan 10 iş günü müddətində sığortaçını bu barədə məlumatlandırmaq. Bu o deməkdir ki, işçinin əmək vəzifələrində hər hansı dəyişiklik baş verirsə, bu onun daşıdığı riskə də təsir etdiyi üçün sığorta müqaviləsində həmin düzəlişlərin göstərilməsi mütləqdir. Bu səbəbdən də işəgötürən tərəfindən göstərilən müddətdə sığorta şirkətinə məlumat verilməlidir.
  • sığorta hadisələrinin baş verməsinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək, habelə qanunvericiliyə uyğun olaraq təhlükəsiz əmək şəraitini təmin etmək;
  • Dövlət Əmək Müfəttişliyi və digər səlahiyyətli qurumlarla birlikdə müəyyən edilmiş qaydada sığorta hadisələrinin araşdırılmasını təmin etmək;
  • sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığortaçıya bu barədə məlumat vermək. Bu o deməkdir ki, istehsalatda baş verən bədbəxt hadisə və ya işçinin peşə xəstəliyi tutması nəticəsində işçi əmək qabiliyyətini itirirsə, bu barədə dərhal sığorta şirkətinə məlumat verilməlidir.
  • sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas verən, icbari sığortanın həyata keçirilməsi üçün zəruri olan və əldə edilməsi özündən asılı olan digər sənədləri sığortaçıya təqdim etmək;
  • qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sığorta olunanın ilkin tibbi müayinədən və vaxtaşırı icbari tibbi müayinədən keçirilməsini təmin etmək. Bəzi ixtisas və peşələr mövcuddur ki, işçi həmin vəzifələrin icrasına başlamazdan əvvəl mütləq müayinə olunmalıdır. Bunu təmin etmək isə müvafiq olaraq işəgötürənin öhdəliyindədir.
  • yenidən təşkil olunması, ləğv edilməsi və ya fəaliyyətinə xitam verilməsi barədə sığortaçıya dərhal məlumat vermək;
  • sığorta hadisələrinin baş verməsinin qarşısının alınması və onların araşdırılmasının nəticələri üzrə müvafiq səlahiyyətli orqanın qərarlarını və göstərişlərini yerinə yetirmək;
  • İşçilərə və ya təcrübəçilərə onların hüquq və vəzifələrini, habelə icbari sığortanın şərtləri və qaydalarını izah etmək;
  • sığorta haqlarının hesablanmasının və köçürülməsinin düzgün uçotunu aparmaq, sığorta ödənişi üçün əsas olan sənədlərin qorunub saxlanmasını təmin etmək, sığortaçıya sığorta müqaviləsində müəyyən edilmiş qaydada məlumat təqdim etmək;
  • sığorta hadisəsindən irəli gələn itkilərin azaldılması üçün tədbirlər görmək.

Onu da qeyd edək ki, sığorta etdirmək vəzifəsi daşıyan işəgötürən həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə işçinin və ya təcrübəçinin vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda qanunvericiliyə uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı qanunvericiliklə müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Bu o deməkdir ki, işəgötürən işçi ilə bağlı müvafiq sığorta müqaviləsini bağlamadığı halda belə istehsalatda baş verəcək bədbəxt hadisə və ya peşə xəstəliyi ilə əlaqədar azı sığorta şirkətinin öhdəliyi həcmində öhdəlik daşıyacaqdır.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


İşsizlikdən sığorta ödənişi (ödənilməsi şərtləri və məbləği)