Rieltorlar, mühasiblər və vergi məsləhətçiləri üçün təlim keçirilib

Rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslər üçün cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdən irəli gələn öhdəliklərə dair təlim keçirilib.

Təlimdə daxili nəzarət və komplayens sistemlərinin təşkili, müvafiq qayda və prosedurların hazırlanması, məsul şəxsin müəyyən edilməsi, əməkdaşların təlimlərə cəlb olunması və müstəqil auditin təşkili məsələləri diqqətə çatdırılıb.

Həmçinin müştərilərin eyniləşdirilməsi və verifikasiyası, benefisiar mülkiyyətçinin müəyyən edilməsi, müştəri risklərinin qiymətləndirilməsi, siyasi nüfuzlu şəxslərlə bağlı gücləndirilmiş tədbirlərin tətbiqi və şübhəli əməliyyatlar barədə Maliyyə Monitorinqi Xidmətinə məlumatların təqdim edilməsi qaydaları izah olunub.

Risk əsaslı yanaşma çərçivəsində müştəri, coğrafi, əməliyyat və xidmət riskləri, yüksək risk faktorları və şübhəli əməliyyatların müəyyənləşdirilməsi meyarları praktiki nümunələrlə təqdim edilib.

Banner

Təlim iştirakçılarına qanunvericiliyin tələblərinin pozulmasına görə nəzərdə tutulan inzibati məsuliyyət və öhdəliklərin icrası ilə bağlı metodiki vəsaitlər barədə də məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.

Mənbə: vergiler.az