Hərbi toplanışa çağırılan işçinin əməkhaqqısının hesablanması

Kənd təsərrüfatı məhsulları vergiƏmək Məcəlləsinin 179-cu maddəsində qeyd olunur ki, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Belə hallardan biri də hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etmək, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunmaq, hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunmaqdır.

Müharibədə iştirak etmiş və Əmək Məcəlləsinin 179-cu maddəsinin tətbiqi ilə bağlı problemlərlə üzləşən, hüquqları pozulmuş işçilər üçün BSC şirkətinin hüquqşünası Nəsrin Cəbrayılova və maliyyə və mühasibatlıq üzrə layihə rəhbəri Zəhra Əliyeva açıqlama veriblər:

Əmək Məcəlləsinin 179-cu maddəsində göstərildiyi kimi, 44 günlük Vətən müharibəsində iştirak etmiş işçilərin iş yeri saxlanılmalı və onlara orta əməkhaqqı ödənilməlidir. Nəzərə alsaq ki, bəzi işəgötürənlər qanunvericiliklə bağlı kifayət qədər məlumatlı olmadığı üçün və ya işçinin orta əməkhaqqının məbləği aylıq əməkhaqqının məbləğindən kəskin fərqləndiyi üçün bu maddəni tətbiq etməkdə maraqlı olmurlar. Ona görə də işçilər bu məsələlərdə diqqətli olmalıdır.

Misal: Məhəmmədov Məhəmməd Məhəmməd oğlu adlı işçi 01.10.2020 – 31.12.2020 müddəti ərzində Vətən müharibəsində iştirak etmiş və bu müddət ərzində ona aylıq əməkhaqqı ödənilmişdir. İşçi müraciət edərək ona aylıq əməkhaqqı deyil, orta əməkhaqqının ödənilməli olduğunu qeyd edərək, məbləğlər arasındakı fərqi işəgötürəndən tələb etmişdir. İşçi bu tələbində haqlıdırmı?

Bildirək ki, Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, əməkhaqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Lakin hazırki halda işçiyə ödənilməli olan əməkhaqqı yox, orta əməkhaqqıdır. Belə ki, Əmək Məcəlləsinin 179-cu maddəsində göstərilir ki, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir.

Banner

Orta əməkhaqqı – işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Aşağıdakı hallarda işçinin iş yeri və orta əməkhaqqı saxlanılır:

• hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;

• hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda.

Yuxarıda qeyd olunanlara əsasən, Məhəmmədov Məhəmməd Məhəmməd oğlu adlı işçiyə müharibədə olduğu müddət ərzində orta əməkhaqqı ödənilməlidir.

Qeyd: Qanunvericiliyə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

Mənbə: vergiler.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun