Vergi Məcəlləsindəki son dəyişiklik və əlavələrdən biri də fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar ilə bağlıdır.
Sərbəst auditor Altay Cəfərov vurğulayıb ki, bu dəyişiklik və bunun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar təhtəlhesab əməliyyatlar zamanı hesabatlılq məsələlərində olan müəyyən boşluqları və çatışmazlıqları aradan qaldırıb.
Məcəllənin 98-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
98.2-ci maddədə göstərilir ki, bu Məcəllənin 98.1-ci maddəsinin məqsədləri üçün gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir.
Maddə 98.2.7. İşəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği.
Bu maddə ilə bağlı bəzi suallar ortaya çıxır:
• Təhtəlhesab məbləğlər hansı formada geri qaytarılmalıdır?
• İşçiyə təhtəlhesab vəsait necə verilməlidir?
• Hansı hallarda qaytarılmayan təhtəlhesab işçinin gəliri sayılır?
• Bu məbləğlərdən vergilər və ya məcburi dövlət social sığorta tutulmaları vardırmı?
Qaydalarla bağlı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixində “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərarı qüvvəyə minib. Qərardan oxuyuruq:
2.6. Vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə nağd pul (avans) 5 (beş) iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilir. Təhtəlhesab şəxslər tərəfindən alınmış avanslara görə məxaric sənədlərində göstərilən müddət ərzində, lakin 5 (beş) iş günündən gec olmayaraq və ya həmin müddətin sonuncu günü onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı (2 nömrəli əlavə) təqdim edilir. Təhtəlhesab şəxsə verilmiş pul vəsaitlərinin müddət gözlənilmədən qaytarılması tələb edilə bilər. Pul vəsaitinin müddət gözlənilmədən qaytarılması tələb edilmədiyi halda, məxaric sənədində göstərilən müddətin sonuncu günündə pul qalığı kassaya qaytarılır”.
Beləliklə, Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən, Məcəllənin tələblərinin yerinə yetirilməsini bir neçə misalla nəzərdən keçirək:
Misal 1: “AA” MMC 6 oktyabr 2020-ci il tarixində təsərrüfat əməliyyatları üçün işçisinə kassadan 500 manat vəsait verib və işçi avans hesabatını 8 oktyabr 2020-ci il tarixində təqdim edib, qaydalara uyğun olaraq bütün sənədlər avans hesabatına əlavə olunub.
Misal 2: “AA” MMC 6 oktyabr 2020-ci il tarixində işçisinə kassadan 500 manat təsərrüfat əməliyyatları üçün vəsait verilib və işçi avans hesabatını 17 oktyabr 2020-ci il tarixində təqdim edib. Qayadlara uyğun olaraq bütün sənədlər avans hesabatına əlavə olunub.
Misal 3: “AA” MMC 6 oktyabr 2020-ci il tarixində işçisinə kassadan 500 manat təsərrüfat əməliyyatları üçün vəsait verib və tələb qoyulub ki, işçi 8 oktyabr 2020-ci il tarixində avans hesabatını təqdim etsin. İşçinin bütün sənədləri 10 oktyabr 2020-ci il tarixində qaydlara uyğun olaraq avans hesabatına əlavə olunub.
Misal 4: “AA” MMC 6 oktyabr 2020-ci il tarixində işçisinə kassadan 500 manat təsərrüfat əməliyyatları üçün vəsait verilib. Amma işçi heç bir hesabat təqdim etməyib və heç bir məbləği geri qaytarmayıb.
Misal 5: “AA” MMC-nin işçisi kassadan heç bir vəsait almayıb və 6 oktyabr 2020-ci il tarixində avans hesabatını təqdim edib. Məbləğ 500 manat olub, qaydalara uyğun olaraq bütün sənədlər avans hesabatına əlavə edilib və kassadan işçiyə 15 oktyabr 2020-ci il tarixində 500 manat qaytarılıb.
Sual: Hər 5 halda təhtəlhesab məbləğlər işçinin gəliri sayılırmı? Hesabatlılıq düzgündürmü?
Birinci misalda işiçi tərəfindən alınmış 500 manat təhətlhesab məbləğ üzrə avans hesabatının təqdim edilməsi tam qaydalara uyğun olaraq yerinə yetirilib.Yəni işçi aldığı vəsaitin avans hesabatını 5 gün ərzində təqdim edib. Odur ki, burada işçi üçün 500 manat gəlir sayılmayacaqdır.
İkinci misalda işçi qaydaların 2.6.-cı bəndini pozub.Yəni aldığı 500 manatın avans hesabatını 5 gündən gec, kassadan aldığı tarixdən 10 gün sonra təqdim edib. İlk baxışda belə görünür ki, avans hesabatını gec təqdim etdiyinə görə bu 500 manat işçinin muzdlu işdən əldə etdiyi gəlir sayılır. Amma Məcəllənin 98.2.7.-ci maddəsinə əsasən, işçinin aldığı avans məbləğini geri qaytarmadıqda bu məbləğ muzdlu işdən gəlir hesab olunur. Yəni işçi aldığı məbləğin ya avans hesabatını veməli, ya da vəsaiti geri qaytarmalıdır. Qaydalara görə son müddət kimi 5 gün qoyulsa da, faktiki olaraq vəsaitin təyinatı üzrə xərclənməsi haqqında avans hesabatı təqdim edildikdə bu, artıq işçinin gəliri sayılmır. Burada da əsas məqam işəgötürənin roludur. Bu kimi hallarda əlavə rəsmiləşdirmə aparılmalı, işəgötürən tərəfindən müddətin yenidən başlanması haqqında əlavə əmr formasında tapşırıq və ya işçi tərəfindən müddətin yenidən başlanması haqqında ərizə verilməlidir.
Üçüncü misaldakı hal da ikinci misalla analoji hal kimi qiymətləndirilir. Yəni qaydalara uyğun olaraq müəssisə avans hesabatının son müddətini 2 gün müəyyənləşdirib, işçi isə avans hesabatını 4 gündən sonra verib. Burada da əsas məsələ vəsaitin təyinatı üzrə düzgün xərclənməsi və işəgötürənin avans hesabatını qəbul etməsidir. Həmin 500 manat məbləğ bir halda işçinin gəliri sayıla bilər ki, müəssisə 8 oktyabr 2020-ci ildə məbləğin geri qaytarılması tələb etdikdə, işçi məbləği geri qaytarmasın.
Dördüncü misalda işçinin təhtəlhesab məqsədlər üçün aldığı 500 manat onun gəliri sayılacaqdır və aylıq əməkhaqqının üstünə gələrək, müvafiq qaydada vergilərə (tutulmalıdırsa) və məcburi tutulmalara, hesablamalara cəlb ediləcəkdir. Ona görə ki, işçi aldığı məbləğin nə avans hesabatını təqdim etmiş, nə də məbləği geri qaytarmışdır.
Beşinci halda isə, ümumiyyətlə, işçinin hər hansı gəlirindən söhbət gedə bilməz. Qaydalar ancaq işçi kassadan təhtəlhesab məbləğ aldıqda tətbiq edilir. Nəzərdən keçirdiyimiz misalda isə işçi öz vəsaitini xərcləyib və sonradan xəzinədən geri alıb. Bu halda işçi ilkin avans hesabatını təqdim edir və sonradan təhtəlhesab məbləği geri alır.
Mənbə: vergiler.az
Bax: