Vətəndaşın VÖEN-i var və özünə məxsus daşınmaz əmlakını “BB” MMC-yə 2000 manata icarəyə verib. Bu halda həmin fiziki şəxs üçün vergitutma və hesabatlılıq necə olmalıdır? Fiziki şəxsin VÖEN-i olduğuna görə o, icarədən gəlirləri barəsində illik gəlir vergisi bəyannaməsi verməlidirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda, vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3.3-cü, 124-cü və 149-cu maddələri
Mənbə: vergiler.az