Taksi fəaliyyəti üçün VÖEN açdırmışdım, ancaq avtomobilin istehsal tarixi bu fəaliyyəti həyata keçirməyə imkan verməyidi üçün işə başlaya bilmədim. Bu səbəbdən, VÖEN-i dondurmaq istəyirəm. Bunun üçün nə etməliyəm?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Sorğuya cavab olaraq bildirilib ki, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.
Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan prosedurlarla bağlı ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Fiziki şəxslərin fəaliyyətinin onlayn dayandırılması videotəlimatı: https://youtu.be/fo9rBr6-4V8
Elektron xidmətlərdən istifadə zamanı yaranan hər hansı sual və ya çətinliklə bağlı Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
Mənbə: vergiler.az










