İnkişaf etmiş, rəqabətqabiliyyətli və qabaqcıl təcrübələrin tətbiq olunduğu vergi sistemi iqtisadi rifahın təmin olunmasında fəal iştirak edir. Sabit fiskal artım, biznes fəaliyyəti üçün güzəştlər və stimullaşdırıcı mühit iqtisadi aktivliyin təmin edilməsinə, bu isə öz növbəsində dayanıqlı inkişafa təkan verir. Lakin vergi sisteminin effektivliyi yalnız fiskal göstəricilərlə məhdudlaşmır. Vergi orqanları tərəfindən göstərilən xidmətlərin əlçatanlığı, rahatlığı və əlverişliliyi də böyük əhəmiyyət kəsb edir.
Vergi ödəyicilərinə xidmət keyfiyyətinin yüksəldilməsi
Azərbaycanda vergi ödəyicilərinə xidmət işinin yüksək səviyyədə təşkili diqqət mərkəzindədir. Bu il 25 illiyini qeyd edən vergi sisteminin müxtəlif inkişaf mərhələlərində xidmət işinin müasir mexanizmlər əsasında təşkilinə xüsusi önəm verilib. Azərbaycanda səmərəli vergi xidmətlərinin təşkili üçün vahid standartlar qəbul edilib və vergi ödəyicilərinə təqdim edilən xidmətlərin standartları qabaqcıl təcrübələrlə uzlaşdırılıb.
Səmərəli vergi xidmətlərinin təşkili üçün vahid standartlar qəbul edilib və vergi ödəyicilərinə təqdim edilən xidmətlərin standartları qabaqcıl təcrübələrlə uzlaşdırılıb
Vergi sistemində xidmət sahəsinin təkmilləşdirilməsi elektronlaşmanın genişləndirilməsi ilə səciyyələnir. 2007-ci ildən ölkəmizdə elektron bəyannamə sistemi tətbiq edilib. Bu məqsədlə 2007-ci ildə İnternet Vergi İdarəsi istifadəyə verilib və bəyannamələrin elektron variantda göndərilməsinə başlanılıb. 2008-ci ildən tətbiq edilən ƏDV-nin vahid depozit hesabı ƏDV-nin hərəkəti və əvəzləşdirilməsi, ƏDV üzrə dövlət büdcəsinə ödənişlə bağlı vergi ödəyicilərinin bütün əməliyyatlarına vergi orqanları tərəfindən səmərəli nəzarət edilməsinə imkan yaradıb. 2011-ci ildən fiziki şəxslərin, 2012-ci ildən isə hüquqi şəxslərin İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyatına başlanıb. E-qeydiyyat sistemi ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə tətbiq olunub və sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipinin davamı olaraq həyata keçirildiyi mühüm layihələrdən biri hesab edilir. Sahibkarlıq subyektlərinin böyük əksəriyyətini təşkil edən fiziki şəxslər üçün elektron qeydiyyat imkanlarının yaradılması bu sahədə böyük dəyişikliklərə səbəb olub. Həmin dövrdən başlayaraq sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesində onlayn qeydiyyatın payı sürətlə artmağa başlayıb. 2012-ci ildən vergi və rüsumların internet üzərindən ödənilməsi üçün texniki imkanlar yaradılıb. Vergi ödəyicilərinin vergi öhdəliklərini yerinə yetirməsi üçün onların düzgün və vaxtında məlumatlandırılması çox vacibdir. Bu baxımdan illər keçdikcə İnternet Vergi İdarəsinin imkanları da genişləndirilib. Burada elektron vergi xidmətlərindən yararlanmaqla yanaşı, vergi sistemində baş verən ən son yenilikləri izləmək və şəxsi uçot sistemindəki əməliyyatlar barədə məlumatlar əldə etmək mümkündür. Vergi sistemində tətbiq edilən elektron xidmətlərdən biri olan elektron qaimə-fakturanın tətbiqi isə qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməsi faktlarının qarşısının alınmasına və vergidən yayınma hallarının azalmasına xidmət edən effektiv mexanizmdir. Ümumiyyətlə, son illər vergi sistemində innovativ əsaslarla vergi nəzarəti mexanizminin formalaşması dövriyyələrin şəffaf izlənilməsinə imkan yaradıb. Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə 2007-ci ildən regionlarda, xüsusən, ayrıca vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılıb. İndi onların sayı 60-dan çoxdur və burada vergi ödəyicilərinə xidmətlər göstərilir. Vergi ödəyiciləri üçün yaradılan xidmət mərkəzləri və elektron xidmətlər sayəsində vergi ödəyiciləri əməliyyatları asanlıqla həyata keçirə bilirlər ki, bu da onların vergi öhdəliklərinə riayət etmələrini asanlaşdırır. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 70-dən çox elektron xidmət göstərilir.
İllər keçdikcə İnternet Vergi İdarəsinin imkanları da genişləndirilib
Rəqəmsal vergi inzibatçılığına keçid
Azərbaycanın vergi sistemində rəqəmsal alətlərin tətbiqi son illər daha da genişlənib və müasir çağırışlara cavab verən rəqəmsal vergi inzibatçılığı formalaşıb. Bu transformasiya elektron xidmətlərin genişləndirilməsi və rəqəmsal həllərin geniş tətbiqi mexanizmləri vasitəsilə reallaşdırılır. Bu müasir inkişaf mərhələsi xidmət keyfiyyətinin və vergi ödəyicilərinin rahatlığının yüksəldilməsi üçün yeni imkanların yaradılması ilə vergi ödəyicilərinin vaxt itkisinin aradan qaldırılması, biznes prosedurlarının sadələşdirilməsi və vergi əməliyyatlarının səmərəliliyinin artırılması ilə səciyyələnir. Son illər innovasiyaların aktiv tətbiqi ilə vergi sistemində yeni rəqəmsal layihələr reallaşdırılır. Vahid bəyannamənin hazırlanması, avtomatlaşdırılmış formada doldurulmasını və vergi ödəyicisinə təqdim olunmasını həyata keçirən elektron sistemin yaradılması, əməkdaşların təlim ehtiyaclarının fasiləsiz təmin edilməsinə, təlim siyasətinin icrası zamanı meydana çıxa biləcək risklərin qarşısının alınmasına, habelə əməkdaşların illik təlim qrafikləri və iştirak etdikləri təlimlər barədə məlumatların ümumiləşdirilməsinə imkan yaradan “Fərdi İnkişaf Portalı” sistemi, müxtəlif hesabatların və infoqrafikaların formalaşdırılmasına imkan yaradan “TAXESBI” hesabatlılıq sistemi bu baxımdan əhəmiyyətli layihələrdir. Süni intellekt və maşın öyrənməsi alqoritmlərinin tətbiqi üzrə sistem (DeepSage) onlayn-kassa, e-qaimə və digər müvafiq məlumatların emal olunması üçün müxtəlif tipli süni intellekt və maşın öyrənməsi alqoritmlərini özündə ehtiva edir. Qeyd olunan alqoritmlər, əsasən, malların kateqoriyaya bölünməsi, məlumatlarda anomaliyaların və uyğunsuzluqların müəyyən edilməsi üçün istifadə olunur. “CRS Reporting (Common Reporting Standard)” sistemi müvafiq servis vasitəsilə daxil olan şəxslərin kimliyinin identifikasiya edilməsi üçün istifadə olunur. “Təqib və izləmə” (“Track and Trace”) sistemi ölkə ərazisində istehsal olunan və ölkəyə idxal edilən alkoqollu içkilər və tütün məmulatları kateqoriyasına aid olan malların izlənilməsi və onlara nəzarətin təşkil edilməsinə imkan verir. Daxilolmaların şəxsi hesab vərəqələrinə işlənilməsi fəaliyyətinin daha səmərəli və qısa zamanda icrasını təmin etmək üçün isə “Robotics” borc modulu sistemi tətbiq edilir.
Rəqəmsal alətlərin tətbiqi son illər daha da genişlənib və müasir çağırışlara cavab verən rəqəmsal vergi inzibatçılığı formalaşıb
Vergi sistemində xidmət sahəsinin əhəmiyyəti vergi ödəyicilərinin vergi prosesinə olan münasibətini yaxşılaşdırmaq, vergi öhdəliklərini düzgün və vaxtında yerinə yetirmələrini təmin etmək və nəticədə vergi gəlirlərinin artmasına kömək etmək baxımından çox vacibdir. Effektiv xidmətlər vergi mədəniyyətini yüksəldir, vergi ödəyicilərinin hüquqlarını qoruyur və vergi idarəçiliyinin şəffaflığını artırır.
Mənbə: vergiler.az