Vergi borcu və onun hüquqi nəticələri

Vaxtında ödənilməyən vergi öhdəlikləri və bunun doğurduğu hüquqi nəticələr vergi ödəyiciləri üçün aktualdır. Vergi borcunun gecikdirilməsi bəzən sadə bir maliyyə məsələsi kimi görünsə də, əslində, bu proses mərhələli şəkildə ciddi huquqi nəticələrə səbəb ola bilər: gecikməyə görə faizlərin hesablanmasından başlayaraq, inzibati tədbirlər, məhkəmə prosesləri və bəzi hallarda ölkədən çıxışa məhdudiyyətlərə qədər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin rəis müavini Rəsul Hüseynov “İqtisadi zona” proqramının 19 aprel 2026-cı il tarixli buraxılışında Günel Bəhramqızının mövzu ilə bağlı suallarını cavablandırıb. 

– Rəsul müəllim, ilk olaraq ümumi çərçivəni müəyyənləşdirək: vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə proses necə başlayır və vergi orqanları ilk mərhələdə hansı tədbirləri görür?

– Öncə vergi orqanları tərəfindən vergi borcunun yaranmasının qarşısının alınması məqsədilə 2 istiqamətdə məlumatlandırma işləri aparılır. Birinci fəaliyyət borc yaranmazdan əvvəl mütəmadi olaraq aparılır. Vergi ödəyicilərinə onların vergi mükəlləfiyyəti üzrə yarana biləcək öhdəlikləri və həmin öhdəliklərin yerinə yetirilməsi müddətləri barədə mütəmadi olaraq məlumatlandırma, maarifləndirmə işləri həyata keçirilir. İkinci istiqamət isə artıq borc yarandıqdan sonra xəbərdarlıq xarakterli məlumatlandırma xidmətidir ki, burada borc yarandığı tarixdən sonra növbəti iş günü borcluya həmin borcun beş gün müddətində ödənilməsi ilə bağlı elektron və yazılı formada bildiriş göndərilir. Demək olar ki, borcun alınması ilə bağlı bütün tədbirlərin görülməsi üzrə müddət axımı həmin bildirişin ödəyiciyə göndərilməsindən sonra başlayır. Beş gün müddətində vergi ödəyicisi borcunu ödəmədiyi halda artıq digər inzibati tədbirlərə başlanılır. Bildirişdə borcun beş gün müddətinə ödənilməsi tələbi ilə yanaşı, borcu ödəmədiyi təqdirdə görüləcək inzibati tədbirlər barədə məlumat verilir. Vergi orqanı bu bildirişə də məhəl qoymayan ödəyicilərlə bağlı artıq qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrdən istifadə edərək lazımi tədbirləri görür.

Banner

Daha sərt inzibati tədbirlər
borc yarandığı gündən 2 aylıq müddət keçdikdən sonra başlayır

– Vergi borcu gecikdikcə tətbiq olunan maliyyə sanksiyaları və məhdudiyyətlər də dəyişir. Proses hansı mərhələlərdən keçir?

– Yuxarıda qeyd etdiyimiz bildirişdəki beş günlük müddət ərzində borc ödənilmədikdə artıq növbəti iş günündən etibarən həmin borca görə hər ötmüş gün üçün 0,1% miqdarında faizlər hesablanmağa başlayır. Faizlər maksimum bir il müddətində hesablanır. Ondan sonra, növbəti iş günü borcun alınmasını təmin etmək məqsədilə, borclunun bank hesablarına alınmalı və ya dondurulmalı sərəncamlar göndərilir. Aktivləri barədə məlumat təqdim etməsi üçün sorğu göndərilir. Bu tədbirlər, demək olar ki, ilkin tədbirlərdir, daha sərt inzibati tədbirlər isə borc yarandığı gündən 2 aylıq müddət keçdikdən sonra başlayır. Bu, borclunun əmlakının siyahıya alınaraq hərrac və ticarət şəbəkələri vasitəsilə satışı ilə bağlı məhkəmələrə müraciət edilməsi, fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəmələrə müraciət edilməsidir. Son tədbir olaraq isə əsas vergi borcunun məbləğindən asılı olaraq cinayət xarakterli borcların alınmasının təmini tədbiri üsulu kimi artıq şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq istintaq orqanına müraciət edilir.

– Siz bir məsələni qeyd etdiniz ki, bir il müddətində borcun üzərinə faizlərin hesablanması davam edir. Bəs bir ildən sonra nə baş verir?

– Bir ildən sonra faizlərin hesablanması dayanır. Artıq borcla bağlı müəyyən sabit məbləğ yaranır və digər tədbirlər davam etdirilir.

– Borc yarandığı halda borcun hissəvi şəkildə ödənişi ilə bağlı hər hansı bir qayda, qanun varmı? Çünki ödəyiciləri ən çox maraqlandıran məsələlərdən biri də budur ki, borcu tam olaraq ödəyə bilmirəm, amma hissəvi şəkildə müəyyən mərhələlərlə, müəyyən güzəştlərlə ödəyə bilərəm. Bu mümkündürmü?

– Bəli, Vergi Məcəlləsində vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin daha gec müddətə dəyişdirilməsi ilə bağlı müddəalar var. Bu da borclu olan vergi ödəyicisinə şərait yaradır ki, yaranmış öhdəliyi daha gec müddətə istər hissə-hissə, istərsə də birdəfəyə ödəyə bilsin. Sadəcə olaraq, qanunvericilik bunu bəzi tələblərlə şərtləndirib. Öncə, bunun üçün əsas yaranmalıdır. Vergi Məcəlləsinin 85-ci maddəsində həmin əsaslar nəzərdə tutulub. Bu əsaslar təbii fəlakət, təhlükə potensiallı obyektlərdə baş verən qəzalar nəticəsində ödəyiciyə zərərin dəyməsindən, borcunu birdəfəyə ödəyəcəyi təqdirdə ödəyicinin iflasa uğramaq təhlükəsinin olmasından və ya borcu birdəfəyə ödəmə qabiliyyətinin olmamasından, habelə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ödəyici tərəfindən yerinə yetirilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayışın təqdim edilməsindən və nəhayət, borclu vergi ödəyicisinin yalnız mövsümi xarakterli fəaliyyətlə məşğul olmasından ibarətdir. Bu hallar əsas verir ki, ödəyici öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı müraciət etsin. Müraciət edərkən əlavə olunması vacib olan sənədlərin siyahısı Vergi Məcəlləsinin həmin maddəsində təsbit olunub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində sırf bu məsələ ilə bağlı qanunvericilikdə təkmilləşdirilmə, həmin mexanizmin sadələşdirilməsi ilə bağlı hazırda müvafiq layihə üzərində işlənilir.

Vergi borcunun alınması təkcə inzibati tədbirlərlə məhdudlaşmır

– Hansı hallarda vergi borcu artıq inzibati məsuliyyət yaradır və hansı məqamda məsələ artıq cinayət məsuliyyəti səviyyəsinə qədər keçir?

– Bu, çox həssas məsələdir. Dövlət Vergi Xidməti olaraq, borcluları da bu məsələdə daha diqqətli olmağa çağırırıq. Vergi borcunun alınması təkcə inzibati tədbirlərlə məhdudlaşmır. Əsas borcun məbləği, mövcud cinayət qanunvericiliyinə əsasən, 50 min manatdan yuxarı məbləğ təşkil edirsə, bu, artıq cinayət xarakterli borc hesab olunur və buna görə qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulub. Borc məbləğinin həddindən və əməlin törədilmə formasından asılı olaraq, istintaqın nəticələrinə görə, ən yaxşı halda ödəyici vurulmuş ziyanın 2 mislindən 3 mislinə qədər cərimə oluna bilər. Daha ağır halda isə, şəxs beş ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə cəzası ilə cəzalandırıla bilər.

– Biz qeyd etdik ki, borclu vergi ödəyicilərinin ölkədən çıxışına qadağa qoyulmasının tətbiq edilməsi də çox rast gəlinən hallardandır. Vergi borcunun hansı həddə çatması və ya hansı halların yaranması məhkəmə prosesinə səbəb olur? Eyni zamanda, borclu şəxslərə ölkədən çıxışa qadağa hansı şərtlərlə tətbiq edilə bilər?

– Bu, vergi orqanı tərəfindən, demək olar ki, borcun alınması ilə bağlı sıralamada ən gec görülən tədbirlərdəndir. Bu, tədbir görülməmişdən əvvəl ən çox məlumatlandırılma aparılmış və aparılan bir tədbir növüdür. Borcun yaranmasından təxminən 2 aylıq bir müddət keçdikdən sonra artıq vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanı rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırıla biləcəyi barədə onun mobil nömrəsinə qısa mesajlar göndərilir. Bu, ilkin məlumatlandırmadır. Buna məhəl qoymadıqda artıq vergi orqanı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi halda ikinci dəfə onu məlumatlandırır. Daha sonra, borclu məhkəmə tərəfindən də məlumatlandırılır. Çünki vergi ödəyicisinə məhkəmə iclasında iştirak barədə çağırış vərəqəsi göndərilir. Artıq məhkəmənin şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı qərarı vergi orqanına daxil olduqdan sonra ödəyici bu barədə müvafiq kanallar vasitəsilə bir daha məlumatlandırılır. Bu məhdudiyyətin aradan qaldırılması isə, qanunvericilikdə yalnız həmin məhdudiyyətin qoyulmasına əsas verən hallar aradan qalxdıqdan sonra həyata keçirilir. Bunun üçün ya borc məbləği tamamilə ödənilməli, ya da həmin məhdudiyyətin tətbiqinə əsas verən məhkəmə qərarı məhkəmənin digər qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilməlidir. Bu hallarda məhdudiyyət dərhal aradan qaldırılır.

Vergi öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirilməsi
hər bir vergi ödəyicisinin qanunla müəyyən edilmiş vəzifəsidir

– Bu kimi hallarla üzləşməmək üçün vətəndaşlara, vergi ödəyicilərinə nə tövsiyə edirsiniz? Vergi öhdəliklərini necə düzgün planlaşdırmalı və hansı əsas qaydalara riayət etməlidirlər?

– Fürsətdən istifadə edərək, vergi ödəyicilərinin öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirilməsi ilə bağlı çağırış etmək istəyərdim. Çünki vergi öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirilməsi, ilk növbədə, qanunvericilikdə hər bir vergi ödəyicisinin qanunla müəyyən edilmiş vəzifəsidir. İkincisi, öhdəliyi vaxtında yerinə yetirməmək nəinki büdcə daxilolmalarına mənfi təsir edir, öncə vergi ödəyicilərinin özlərinin mənfi hüquqi nəticələrlə üzləşmələrinə gətirib çıxardır. Odur ki, maliyyə itkiləri, müvafiq inzibati məhdudiyyətlərlə üzləşməmələri, habelə, cinayət təqibinə məruz qalmamaları üçün, vergi ödəyicilərini vergi orqanlarının qanuni tələblərinə, xəbərdarlıqlarına diqqətli yanaşmağa və öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməyə çağırırıq.

Mənbə: vergiler.az