Sərnişin sığortasında yeniliklər: yeni konsepsiya və ödənişlər

Azərbaycan Mərkəzi Bankı sərnişinlərin fərdi qəza sığortası sahəsində təkmilləşdirmə aparmağı nəzərdə tutur. Hazırda bu istiqamətdə yeni konsepsiya hazırlanır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov məlumat verib. Onun sözlərinə görə, konsepsiya çərçivəsində sığorta şəhadətnamələrinin sayı qanunvericiliyin tələbindən irəli gələrək dəyişə bilər: “Sərnişinlərin icbari fərdi qəza sığortası əsasən şəhərlərarası və beynəlxalq daşımaları nəzərdə tutan bir sığorta növüdür. Burada əhatəliliyin artırılması və sığorta məbləğlərinə yenidən baxılması da bizim hədəfimizdədir. Konsepsiya hazır olduqdan sonra ictimaiyyətə bununla bağlı daha detallı açıqlamalar verəcəyik”.

Sərnişinlərin fərdi qəza sığortasında daxili daşımalar və beynəlxalq sərnişin daşımaları kimi 2 fərqli aspektin olduğunu deyən V.Qurbanov konsepsiyanın daha dolğun olması üçün beynəlxalq konvensiyalarda bu sığorta xidmətlərinin tətbiqi metodları və əldə edilmiş təcrübələrin dəyərləndirməsinə ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə İcbari Sığorta Bürosu (İSB) aidiyyəti dövlət qurumları ilə bu sığorta növündə penetrasiyanın artırılması istiqamətində birgə müzakirələr apardıqlarını açıqlayıb. Sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı İSB-nin ayrıca yeni layihələr hazırladığı bildirilib (https://vergiler.az/news/article/38227.html). Hazırda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə şəhadətnamələrin sayı cəmi 199 ədəddir. Bu isə sərnişindaşımada istifadə edilən ümumi nəqliyyat vasitələrinin sayı ilə müqayisədə çox azdır.

Banner

Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən, 2026-cı ilin yanvar-mart aylarında 508,5 milyon sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çoxdur. Sərnişinlərin 88,8 faizi avtomobil, 10,5 faizi metro, 0,5 faizi dəmir yolu, 0,2 faizi isə hava nəqliyyat vasitəsilə daşınıb. Avtomobil nəqliyyatı ilə daşınmış sərnişinlərin 95,7 faizi avtobus, 4,3 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Burada daxili sərnişin daşımaları da yer aldığı üçün rayonlararası və beynəlxalq sərnişindaşımalarının payını dəqiq demək mümkün deyil, ancaq kifayət qədər iri rəqəmlərin olduğu istisna edilmir. Müqayisə etdikdə isə cəmi 199 sığorta şəhadətnaməsinin alınması bu sahədə ciddi boşluqların olmasından xəbər verir.

Sığorta eksperti Emin Ağabağırov bildirib ki, qanunvericiliyə əsasən, istər quru nəqliyyatı ilə rayonlararası avtobuslarla, istərsə də dəmir yolu, hava və su nəqliyyatı vasitəsilə daşınan sərnişinlər icbari qaydada sığorta olunmalıdırlar: “Burada sığorta məbləğləri hansısa qəza zamanı sərnişinin aldığı xəsarətlərə müvafiq olaraq dəyişə bilir. Maksimum isə 5 min manat zərər ödənişi nəzərdə tutulub. Sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər məhz bu sığorta növünü əldə etməlidirlər. Artıq bununla bağlı şirkətlərə tələblər qoyulub. Bundan sonra sərnişinlərin fərdi qəza sığortası ilə bağlı sığorta şəhadətnamələrinin artacağını gözləyirik”.

İstənilən halda sığortalı daşımaların daha etibarlı olduğunu vurğulayan nəqliyyat eksperti Rauf Ağamirzəyev müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərin bu sığorta növünə təşviq edilməsini vacib sayıb: “Heç kim qəzadan sığortalanmayıb. Sığortalı olanda qəzanın nəticəsini yüngülləşdirmək, yaxud dəyən ziyanı qarşılamaq kimi üstünlük yaranır. Bunun üçün maarifləndirmə işləri aparılmalıdır. Sərnişinlərin sığortalanması daşıyıcıların da maraqlarına uyğun olmalıdır. Yükdaşıma şirkətlərində də eyni vəziyyət hökm sürür. Birgə müzakirələr və maarifləndirmə ilə vəziyyəti yaxşılaşdırmaq mümkündür”.

Yeri gəlmişkən, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqları qanunvericiliklə tənzimlənir. Hesablamalar nəqliyyatdakı oturacaqların sayına uyğun aparılır. 2011-ci ildə təsdiq edilmiş “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləğinin hesablanması Qaydası”nın 1-ci bəndində bununla bağlı müvafiq rəqəmlər əksini tapıb. Sənəddə göstərilib ki, nəqliyyat vasitəsində olan bir sərnişin yeri üzrə illik sığorta haqqı məbləğləri, nəqliyyat vasitəsinin növündən asılı olaraq, aşağıdakı qaydada müəyyən edilir:

– Hava nəqliyyatı vasitələri üçün – 14 manat;

– Su nəqliyyatı vasitələri üçün – 5 manat;

– Dəmiryolu nəqliyyatı vasitələri üçün – 3 manat;

– Avtomobil nəqliyyatı vasitələri üçün – 6 manat.

Qaydanın 1.2-ci bəndinə əsasən, ümumi sığorta haqqını hesablamaq üçün nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayı yuxarıda göstərilən müvafiq sığorta haqqına vurulur. Tutaq ki, rayonlararası sərnişin daşınması üzrə fəaliyyət göstərən avtobusda 44 oturacaq var. Avtomobil nəqliyyatı vasitələrində 1 oturacaq üçün 6 manat sığorta haqqı nəzərdə tutulub. Bu halda həmin avtobusun illik sərnişinlərin icbari fərdi qəza sığortası məbləği 264 manat olacaq:

44 x 6 = 264 manat.
150 nəfərlik təyyarə üçün bu rəqəm 2.100 manat təşkil edəcək:
150 x 14 = 2.100 manat.

Bunun müqabilində sərnişinlərə dəyən ziyana görə 1 nəfər üçün 5 min manat sığorta məbləği müəyyən edilib.

Mənbə: vergiler.az