Həyatın yığım sığortası üzrə vergi və sosial sığorta ödənişlərində güzəştlər

Mövzunu “Deloitte Azərbaycan” şirkətinin baş vergi məsləhətçisi Gülnar Balamedova şərh edir.  

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları gəlir vergisindən azaddır.

Eyni zamanda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları məcburi dövlət sosial sığorta haqqına cəlb edilmir.

1. Əməkhaqqının 50 faizinin həyatın yığım sığortasına yönəldilməsi

Misal 1: Qeyri-dövlət sektoruna aid edilən işəgötürəndə çalışan fiziki şəxsə aylıq 5.000 manat əməkhaqqı hesablandığını və onun xeyrinə Azərbaycan Respublikasının sığortaçısı ilə 3 ildən az olmayan müddətə həyatın yığım sığortası müqaviləsinin bağlandığını nəzərdən keçirək. Müqaviləyə əsasən əməkhaqqının 2.500 manatı sığorta haqqı kimi sığortaçıya ödənilir. Bu halda güzəşt tətbiq edilə bilən maksimal məbləğ 2500 manat təşkil edir.

Banner

5000 x 50% = 2500 manat.

İşəgötürən tərəfindən sığortaçıya ödənilən 2.500 manat sığorta haqqı qanunvericilikdə nəzərdə tutulmuş 50 faizlik hədd daxilində olduğundan, həmin məbləğ gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azad edilir.

Əgər sığortaçıya ödənilən məbləğ müəyyən edilmiş həddi aşaraq, tutaq ki, 2.800 manat olarsa, artıq qalan 300 manat məbləğ üzrə güzəşt tətbiq edilmir və həmin hissə ümumi qaydada vergiyə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunur:

2800 – 2500 = 300 manat.

2. Həyatın yığım sığortası və işəgötürənin sosial sığorta öhdəliyi

Təcrübədə rast gəlinən məsələlərdən biri də işəgötürənin ödədiyi sosial sığorta məbləğinin həyatın yığım sığortası üzrə güzəşt limitinə təsiridir. Bəzi hallarda işəgötürən sosial sığorta haqlarından azad olunan hissəyə uyğun olaraq öz hesabına ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqını da işçinin xeyrinə sığortaçıya yönəldə bilər. Bu zaman həmin məbləğ işçinin əldə etdiyi əlavə fayda hesab olunur və işçinin gəlirinin tərkibində nəzərə alınır.

Misal 2. Fərz edək ki, işçinin aylıq gəliri 1000 manatdır. Həyatın yığım sığortasına yönəldilən məbləğ 500 manatdır. 500 manat məbləğə aid işəgötürənin sosial sığorta öhdəliyi 110 manat təşkil edir:

500 x 22% = 110 manat.

Bu halda işəgötürən həmin 110 manatı da işçinin xeyrinə sığortaçıya yönəltdikdə, işçinin ümumi gəliri 1110 manat kimi qəbul edilir:

1000 + 110 = 1110 manat.

Buna uyğun olaraq həyatın yığım sığortası üzrə güzəşt tətbiq edilə bilən maksimal məbləğ 500 manat deyil, 555 manat olur:

1110 x 50% = 555 manat.

Əgər işəgötürən tərəfindən sığortaçıya ümumilikdə 610 (500+110) manat köçürülərsə, yalnız 555 manat hissə üzrə güzəşt tətbiq ediləcək, qalan 55 manat isə vergiyə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunacaq.

Qeyd edək ki, burada həmin 22 faizlik məbləğ işəgötürənin normal qaydada ödəməli olduğu sosial sığorta öhdəliyinin işçinin xeyrinə sığorta müqaviləsinə yönəldilən hissəsidir. Məhz bu səbəbdən o, işçinin gəliri kimi qiymətləndirilir və 50 faizlik limit hesablanarkən ümumi gəlirin tərkibində nəzərə alınır.

3. Həyatın yığım sığortası müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vergitutma

Vergi Məcəlləsinin 116.3-cü maddəsinə əsasən, həyatın yığım sığortası müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.

Bundan əlavə, Vergi Məcəlləsinin 123.4-cü maddəsinə əsasən, həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi əldə olunan gəlirdən ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur.

Misal 3: Fiziki şəxsin xeyrinə 10 il müddətinə həyatın yığım sığortası müqaviləsi bağlanıb. Müqavilənin qüvvədə olduğu dövrdə onun xeyrinə ümumilikdə 30.000 manat sığorta haqqı ödənilib. Lakin müqaviləyə 5-ci ildə vaxtından əvvəl xitam verilib və sığortaçı tərəfindən 36.000 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu halda sığorta ödənişi ilə ödənilmiş sığorta haqları arasındakı fərq 6000 manat təşkil edir:

36000 – 30000 = 6000 manat.

Həmin fərqdən tutulmalı vergi belə hesablanır:

6000 x 10% = 600 manat.

Beləliklə, müqaviləyə vaxtından əvvəl xitam verildikdə sığortaçı tərəfindən ödənilən 36.000 manatın tərkibində olan 6.000 manat gəlirdən ödəmə mənbəyində 600 manat vergi tutulur.

Nəticə etibarilə, həyatın yığım sığortası üzrə nəzərdə tutulmuş vergi və sosial sığorta güzəştləri həm işçi, həm də işəgötürən üçün əhəmiyyətli üstünlüklər yaratsa da güzəştlərin tətbiqi zamanı gəlirin 50 faizlik həddinin düzgün müəyyən edilməsi, o cümlədən işəgötürən tərəfindən işçinin xeyrinə yönəldilən əlavə məbləğlərin nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir.

Onu da deyək ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində həyatın yığım sığortası və pensiya sığortası üzrə nəzərdə tutulan güzəştlər qeyri-dövlət sektoruna aid edilən sığortaedən tərəfindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqlarına münasibətdə tətbiq edilir. Bu səbəbdən güzəştdən istifadə imkanının müəyyən edilməsi zamanı yalnız sığorta müqaviləsinin şərtləri və 50 faizlik hədd deyil, həmçinin sığortaedənin müvafiq olaraq qeyri-dövlət sektoruna aid olub-olmaması da nəzərə alınmalıdır.

Mənbə: vergiler.az