Riskli vergi ödəyiciləri ilə əməliyyatlarda əsas vergi riskləri

Mövzunu “ADVOCACY” MMC-nin idarəedici partnyoru Elxan Əskərov şərh edir.

Biznes münasibətlərində kontragent seçimi ənənəvi olaraq qiymət, keyfiyyət, ödəniş şərtləri, çatdırılma müddəti və tərəflərin kommersiya etibarlılığı əsasında aparılır. Lakin müasir vergi inzibatçılığı şəraitində qarşı tərəfin vergi statusu, əməliyyatın faktiki icrası və həmin icranın sonradan sübut edilə bilməsi də biznes qərarının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə “riskli vergi ödəyicisi” institutu sahibkarlar üçün həm vergi, həm hüquqi, həm də kommersiya baxımından ciddi əhəmiyyət daşıyır.

Təcrübədə ən çox verilən suallardan biri belədir: “Əgər şirkətin kontragentlərindən biri sonradan riskli vergi ödəyicisi hesab edilərsə, onunla əvvəllər aparılmış əməliyyatlar da avtomatik olaraq riskli və ya əmtəəsiz hesab edilə bilərmi?”.

Məhkəmə təcrübəsində formalaşan yanaşmalar göstərir ki, məsələyə yalnız kontragentin statusuna əsaslanan formal yanaşma ilə cavab vermək düzgün deyil. Əsas məsələ konkret əməliyyatın real iqtisadi mahiyyəti, faktiki icrası və bu icranı təsdiq edən sübutların mövcudluğudur.

Banner

Riskli vergi ödəyicisi anlayışında nə dəyişib?

“Riskli vergi ödəyicisi” institutu vergi qanunvericiliyinə vergi nəzarətinin effektivliyinin artırılması və əmtəəsiz əməliyyatların qarşısının alınması məqsədilə daxil edilib. Bununla belə, bu sahədə tənzimləmə son illərdə əhəmiyyətli dəyişikliklərə məruz qalıb. 2024-cü ildə qaydalar yenilənib və risk meyarlarının sayı azaldılıb. Hazırkı qaydalara əsasən, vergi ödəyicisinin riskli hesab edilməsinə səbəb ola biləcək hallar üç əsas istiqamətdə müəyyən edilir.

Birinci istiqamət təqdim edilməsi üçün müvafiq iqtisadi resurslar tələb olunan iş və xidmətlərin həmin resurslar olmadan və ya mövcud resursların kifayət etmədiyi halda, eyni zamanda subpodratçı cəlb edilmədən təqdim olunmasıdır. Burada söhbət yalnız işçi sayından getmir, təsərrüfat obyekti, əsas vəsaitlər, avadanlıq, xammal-material ehtiyatları və konkret fəaliyyət növünün xüsusiyyətlərindən irəli gələn digər iqtisadi resurslar da nəzərə alınır.

İkinci istiqamət müvafiq sənədlər əsasında əldə edilməmiş malların təqdim olunmasıdır. Bununla belə, qanunvericilik istehsal, hasilat, söküntü nəticəsində əldə edilmiş mallar, müəyyən qaydada rəsmiləşdirilmiş əmlak və digər xüsusi hallar üçün istisnalar da müəyyən edir.

Üçüncü istiqamət isə əmtəəsiz əməliyyatların aparılmasıdır. Bu dəyişiklik əslində mühüm yanaşmanı ortaya qoyur: risk yalnız formal sənədlərin mövcudluğu ilə deyil, biznesin bəyan etdiyi fəaliyyətlə onun real iqtisadi imkanları arasında uyğunluq əsasında qiymətləndirilir.

“Riskli vergi ödəyicisi” və “əmtəəsiz əməliyyat” eyni anlayış deyil. Biznes praktikasında bu iki anlayış çox vaxt bir-biri ilə qarışdırılır. Halbuki, hüquqi baxımdan onları fərqləndirmək vacibdir.
Azərbaycan Respublikası Vergi Məcəlləsində əmtəəsiz əməliyyat faktiki olaraq mal, iş və ya xidmət təqdim olunmadan mənfəət və ya gəlir əldə etmək məqsədilə rəsmiləşdirilən uydurma və ya yalan əqd çərçivəsində aparılan əməliyyat kimi müəyyən edilir. Riskli vergi ödəyicisi isə təsdiq edilmiş risk meyarlarına cavab verən şəxsdir. Başqa sözlə, müəyyən vergi riskinin mövcudluğu ilə konkret əməliyyatın faktiki olaraq baş verməməsi avtomatik olaraq eyni hüquqi nəticəyə gətirmir. Məhz bu fərq məhkəmə mübahisələrində xüsusi əhəmiyyət kəsb edir. Kontragentin sonradan riskli elan olunması əvvəlki əməliyyatı avtomatik “yox etmir”. Biznes üçün ən mühüm məsələlərdən biri əməliyyatın aparıldığı tarixdir.

Təsəvvür edək ki, şirkət 2025-ci ilin yanvar ayında başqa bir müəssisədən mal alıb. Əməliyyat zamanı qarşı tərəf fəaliyyətdədir, elektron qaimə-faktura təqdim edir, ödəniş bank vasitəsilə aparılır, mallar faktiki təhvil verilir və həmin tarixdə vergi sistemində kontragentin riskli olması barədə hər hansı xəbərdarlıq görünmür. Bir neçə ay sonra həmin kontragent başqa əməliyyatları və ya öz fəaliyyətində müəyyən edilmiş pozuntular səbəbindən riskli vergi ödəyicisi hesab olunur. Bu halda əsas sual belədir: onun sonradan əldə etdiyi status əvvəl baş vermiş real əməliyyata avtomatik tətbiq edilə bilərmi?

Məhkəmə təcrübəsində bu məsələyə münasibətdə mühüm yanaşma formalaşıb. Əməliyyatın aparıldığı anda kontragent riskli statusda olmayıbsa və alıcının həmin statusun gələcəkdə yaranacağını bilməsi obyektiv olaraq mümkün olmayıbsa, sonradan yaranan status əvvəlki əməliyyatın öz-özlüyündə əmtəəsiz hesab edilməsi üçün kifayət edən fakt kimi qəbul edilməməlidir.

Məhkəmələr bu tip mübahisələrdə elektron qaimə-fakturanın tərtib edildiyi vaxt sistemdə xəbərdarlığın olub-olmamasına da əhəmiyyət verirlər. Bu yanaşma hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Sahibkar qərar qəbul etdiyi anda mövcud olan fakt və hüquqi status əsasında hərəkət edir. Onun gələcəkdə kontragentin hansı vergi statusu əldə edəcəyini əvvəlcədən bilməsi real biznes münasibətlərində həmişə mümkün deyil. Alıcı kontragentinin bütün vergi fəaliyyətinə görə cavabdeh deyil.

Digər mühüm məsələ “kontragent yoxlaması”nın sərhədləridir. Şirkətin qarşı tərəfin dövlət qeydiyyatını, VÖEN məlumatlarını, fəaliyyət statusunu və açıq mənbələrdə mövcud olan digər məlumatları yoxlaması biznes risklərinin idarə olunması baxımından məqsədəuyğundur. Lakin bununla yanaşı, sual yaranır: alıcı qarşı tərəfin bütün daxili mühasibat uçotunu, onun öz mallarını hansı təchizatçıdan aldığını, həmin təchizatçının malları haradan əldə etdiyini və bütün əvvəlki vergi münasibətlərini araşdırmağa borcludurmu?

Məhkəmə yanaşması göstərir ki, alıcının üzərinə faktiki olaraq mümkün olmayan belə bir audit öhdəliyinin qoyulması əsaslandırılmış yanaşma hesab edilmir. Alıcının məsuliyyəti, ilk növbədə, özünün iştirak etdiyi əməliyyatın reallığına və düzgün sənədləşdirilməsinə aiddir. Bu isə o demək deyil ki, sahibkar kontragent seçərkən heç bir ehtiyat tədbiri görməməlidir. Əksinə, biznes müəyyən minimum yoxlama mexanizmlərini tətbiq etməlidir. Lakin qarşı tərəfin sonradan müəyyən edilən bütün vergi pozuntularının nəticələrinin avtomatik olaraq alıcının üzərinə keçirilməsi başqa məsələdir.

Alış sənədlərində problem varsa…

Əgər satıcının alış sənədlərində problem olarsa, alıcının əməliyyatı da avtomatik əmtəəsizdirmi? Vergi mübahisələrində tez-tez rast gəlinən hallardan biri budur: vergi orqanı müəyyən edir ki, satıcının təqdim etdiyi mal onun öz alış və ya idxal sənədlərində görünmür. Buradan həmin malın alıcıya, ümumiyyətlə, təqdim edilmədiyi qənaətinə gəlmək olarmı?

Məhkəmə təcrübəsində bu məsələdə də ehtiyatlı yanaşma formalaşıb. Satıcının öz uçotunda və ya alış sənədlərində problemin olması alıcıya faktiki olaraq mal təqdim edilmədiyini avtomatik sübut etmir. Formalaşmış yanaşmaya əsasən, əməliyyatın həqiqətən əmtəəsiz olduğunun müəyyən edilməsi üçün malın faktiki təqdim olunub-olunmaması ayrıca araşdırılmalıdır. Bunun üçün malın mövcudluğu, daşınması, təhvil verilməsi, sonrakı istifadəsi və digər əlaqəli faktlar qiymətləndirilməlidir. Yalnız satıcının alış sənədində uyğunsuzluq olması ilə kifayətlənilməsi hər bir halda yetərli hesab edilmir.

Bu, biznes üçün olduqca mühüm hüquqi fərqdir. Çünki satıcının vergi uçotundakı pozuntu və alıcı ilə onun arasında faktiki olaraq malın təhvil verilib-verilməməsi iki ayrı məsələdir. Ancaq satıcının öz vəziyyəti fərqlidir. Burada alıcı ilə satıcının hüquqi vəziyyətini qarışdırmamaq lazımdır.

Əgər şirkət özü malların satışını həyata keçirirsə, lakin satdığı malların haradan əldə edildiyini izah edə bilmirsə, risk artıq daha yüksəkdir. Şəxs müəyyən malların satışını həyata keçirir, lakin həmin malların nə alışına, nə idxalına, nə də istehsalına dair əsaslandırılmış məlumat təqdim edə bilirsə, bu hal riskli əməliyyatın müəyyən edilməsində ciddi əhəmiyyət daşıya bilər.

Hətta alışın olmadığı halda belə, satışın mövcudluğu müəyyən risk meyarlarının tətbiqi baxımından hüquqi əhəmiyyət kəsb edən fakt kimi qiymətləndirilir. Deməli, biznes üçün iki vəziyyət fərqləndirilməlidir:

– alıcı öz kontragentinin daxili uçotuna görə avtomatik məsuliyyət daşımır;
– amma satıcı özünün satdığı malın iqtisadi və hüquqi mənbəyini əsaslandıra bilməlidir.

“Məhsulu özümüz istehsal etmişik” – demək kifayət edirmi?

Bəzən vergi ödəyicisi satdığı malların alış və idxal sənədlərində görünməməsini həmin malları özünün istehsal etməsi ilə izah edir. Bu mümkündür və qanunvericilik də istehsal nəticəsində əldə edilmiş malları nəzərə alır. Lakin sadəcə “malları özümüz istehsal etmişik” bəyanatı kifayət etmir.

Əgər şirkət ciddi həcmdə məhsul satdığını bildirirsə, həmin həcmdə istehsalı həyata keçirmək üçün real iqtisadi imkanlarının olması da əsaslandırılmalıdır. Məsələn, istehsal sahəsinin mövcudluğu, avadanlıqlar, işçilərin sayı, istehsal gücü, xammal, enerji və yanacaq sərfiyyatı, fəaliyyət müddəti və satılan məhsulun həcmi arasında iqtisadi uyğunluq olmalıdır. İstehsal müəssisəsinin yalnız icarə müqaviləsi və obyekt qeydiyyatı təqdim etməsinin bütün hallarda yetərli olmadığı, faktiki istehsal imkanlarının daha dərindən araşdırılmalı olduğu vurğulanıb. Bu yanaşma biznes üçün vacib mesajdır: formal sənəd iqtisadi reallığı əvəz etmir.

“Riskli vergi ödəyicisi” institutu yalnız malların alğı-satqısı ilə bağlı deyil. Xidmət sektorunda da şirkətin təqdim etdiyi xidmətin miqyası ilə onun sərəncamında olan resurslar arasında uyğunluq mühüm əhəmiyyət daşıyır. Məsələn, böyük həcmdə yükdaşıma xidməti təqdim edən şirkətin heç bir nəqliyyat vasitəsi, işçisi və ya digər resursu yoxdursa, təbii olaraq sual yaranır: xidmət faktiki olaraq necə göstərilib?

Lakin burada digər tərəfdən müasir biznes modelləri nəzərə alınmalıdır. Şirkətin bütün resursların mülkiyyətçisi olması tələb edilmir. Biznes icarə, autsorsinq, subpodrat və digər müqavilə modellərindən istifadə edə bilər.

Şirkətin öz nəqliyyat vasitəsinin və ya müəyyən əmək resursunun olmamasının xidmətin avtomatik olaraq əmtəəsiz hesab edilməsinə səbəb olmadığı yanaşması mövcuddur. Əgər xidmət subpodratçı və ya digər qanuni mexanizmlər vasitəsilə faktiki göstərilibsə və bunun sənədləri mövcuddursa, həmin faktlar nəzərə alınmalıdır.

Hazırkı risk qaydalarında da iş və xidmətləri təqdim etmək üçün öz resursları kifayət etməyən şəxsin subpodratçı cəlb etməsi ayrıca nəzərə alınır. Bu səbəbdən, subpodrat modeli istifadə edən şirkətlər üçün müqavilə zəncirinin düzgün sənədləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu status biznesin bir neçə istiqamətdə fəaliyyətinə təsir edə bilər. Bir tərəfdən, riskli status vergi nəzarəti tədbirlərinin aparılması üçün əlavə hüquqi əsas yarada bilər. Vergi Məcəlləsində riskli vergi ödəyicisi statusu növbədənkənar səyyar vergi yoxlamasının aparılması əsaslarından biri kimi nəzərdə tutulur. Digər tərəfdən, əmtəəsiz əməliyyatların vergi nəticələri də ciddi ola bilər. Vergi Məcəlləsinə görə, əmtəəsiz əməliyyat çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.

Əmtəəsiz əməliyyatlarla bağlı riskli vergi ödəyicisi statusunun müəyyən edildiyi hallarda maliyyə sanksiyaları da nəzərdə tutulur. Mövcud qaydalara görə, təqvim ili ərzində belə hala ilk dəfə yol verildikdə əməliyyat məbləğinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə isə 40 faizi həcmində maliyyə sanksiyası tətbiq edilə bilər.

Bundan başqa, riskli status kommersiya münasibətlərinə də təsir göstərə bilər. Kontragentlər belə şirkətlərlə yeni müqavilə bağlamaqdan çəkinə, mövcud müqavilələrin icrası ilə bağlı əlavə təminat tələb edə və ya əməkdaşlıq modelini yenidən nəzərdən keçirə bilərlər. Yəni riskli status yalnız hüquq və mühasibat departamentinin problemi deyil, o, şirkətin “cash-flow”, reputasiya, təchizat zənciri və kommersiya davamlılığına da təsir edə bilər.

2024-cü ildə edilmiş dəyişikliklərin mühüm istiqamətlərindən biri riskli vergi ödəyicilərinin siyahısından çıxarılma mexanizminin daha konkret müəyyənləşdirilməsi olub.

Vergi ödəyicisi əlavə izahatlar, əməliyyatın həqiqiliyini təsdiqləyən sənədlər və məlumatlar təqdim etməklə riskə səbəb olan halın faktiki olaraq mövcud olmadığını göstərə bilər. Qaydalara əsasən, vergi ödəyicisi müvafiq müraciət etdikdən sonra məsələ, bir qayda olaraq, 20 iş günü müddətində araşdırılır.

Əmtəəsiz əməliyyat üzrə qanunla müəyyən edilmiş maliyyə sanksiyasının tam ödənilməsi halında da siyahıdan çıxarılma mexanizmi nəzərdə tutulur və bu halda daha qısa baxılma müddəti müəyyən edilib.

Riskli əməliyyatlarla bağlı mübahisələr tamamilə istisna edilə bilməz. Bununla belə, şirkətlər qabaqlayıcı tədbirlərlə öz hüquqi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilərlər.

Beləliklə, bizneslərin aşağıdakı məsələlərə diqqət yetirməsi məqsədəuyğundur:

– müqavilə bağlanmazdan əvvəl kontragentin VÖEN-i, hüquqi statusu, fəaliyyət vəziyyəti və açıq mənbələrdə olan vergi məlumatlarının yoxlanılması;

– elektron qaimə-faktura sistemində risk xəbərdarlıqlarına diqqət yetirilməsi;

– müqavilədə təqdim ediləcək malın, görüləcək işin və ya xidmətin predmetinin mümkün qədər konkret göstərilməsi;

– malın faktiki təhvilini sübut edən təhvil-təslim aktlarının, anbar sənədlərinin, yük və logistika sənədlərinin saxlanılması

– ödənişlərin bank vasitəsilə həyata keçirilməsi və ödəniş təyinatlarının müqavilə münasibətinə uyğun yazılması;

– xidmətlər üzrə işin nəticəsini göstərən hesabatların, aktların, yazışmaların və digər faktiki icra sübutlarının saxlanılması;

– subpodratçı istifadə edilirsə, əsas müqavilə ilə subpodrat münasibətinin və faktiki icranın bir-birinə uyğun sənədləşdirilməsi;

– istehsal fəaliyyəti zamanı xammal, avadanlıq, işçi qüvvəsi, enerji, istehsal gücü və məhsul həcminə dair məlumatların sistemli uçotunun aparılması;

– böyük və qeyri-adi əməliyyatlar üzrə vergi və hüquq funksiyalarının müqavilə bağlanmadan əvvəl prosesə cəlb edilməsi.

Nəticə etibarilə, “riskli vergi ödəyicisi” institutu vergi inzibatçılığı baxımından əmtəəsiz əməliyyatların və vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edən mühüm mexanizmdir. Lakin bu mexanizmin tətbiqi zamanı biznes münasibətlərinin real iqtisadi mahiyyəti də nəzərə alınmalıdır.

Kontragentin riskli vergi ödəyicisi olması özü-özlüyündə onunla aparılmış hər bir əməliyyatın faktiki olaraq baş vermədiyini göstərmir. Digər tərəfdən, biznes də yalnız elektron qaimə-faktura və müqavilənin mövcudluğuna arxalanmamalıdır. Şirkət öz əməliyyatının kommersiya məntiqini, malın hərəkətini, xidmətin icrasını, ödənişi və istifadə etdiyi iqtisadi resursları sonradan sübut edə bilməlidir.

Mənbə: vergiler.az