Rəqəmsallaşma özəl sektorun inkişafını sürətləndirir

Ölkəmizdə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artım və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması sosial-iqtisadi inkişafın vacib istiqamətlərindən biridir. İşgüzar mühitin təkmilləşməsi üçün səmərəli biznes qaydalarının olması əsas amillərdəndir. Bunun üçün də Azərbaycanda biznesə başlamaq üçün prosedurlar mütəmadi olaraq təkmilləşdirilir. Bu proses isə öz növbəsində aktiv vergi ödəyicilərinin sayının artması ilə nəticələnir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqldığı rəqəmlərə əsasən, 2024-cü il noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.583.592 vergi ödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 5,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,4 faiz, hüquqi şəxslərin sayı isə 7,3 faiz artıb. 2024-cü il noyabr ayının 1-nə aktiv kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artıb.

Biznesin qeydiyyatının sadələşdirilməsi və təkmilləşdirilməsini əhatə edən
islahatlar 2008-ci ildən etibarən başlayıb

Azərbaycanda biznesin qeydiyyatının sadələşdirilməsi və təkmilləşdirilməsini əhatə edən islahatlar 2008-ci ildən etibarən başlayıb və görülmüş işlər nəticəsində ölkəmiz dünyada biznesə başlama indikatoru üzrə ilk onluğa daxil edilib. “Bir prosedurla qeydiyyat” layihəsi isə Korporativ Qeydiyyatçılar Forumunun İcraiyyə Komitəsi tərəfindən 2021-ci ilin mart ayında “Təqdir” kateqoriyasında mükafata layiq görülüb. Dünya üzrə kommersiya qeydiyyatçılarının 60-a yaxın qurumunu özündə birləşdirən Korporativ Qeydiyyatçılar Forumunun “Təqdir” kateqoriyasında mükafat ölkəmizin rəqəmsal texnologiyalar vasitəsilə qeydiyyat prosedurlarının asanlaşdırılması istiqamətində fəaliyyətinin mühüm nailiyyətlərindən biridir.

Banner

Biznes mühitində rəqəmsallaşma artır

Biznes mühitinin təkmilləşdirilməsi üçün əsas amillərdən biri rəqəmsallaşmanın olmasıdır. Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində biznesin rəqəmsal xidmətlərlə təmin edilməsi işləri davam etdirilib. Bu xüsusda, biznesin təsis edilməsi və əməliyyatların başlanılması üçün onlayn xidmətlərin istifadəyə verilməsi, şirkətlər barədə məlumatların onlayn mövcudluğu və kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesləri, o cümlədən kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar ilə bağlı məlumatlandırma təmin edilib.

Biznesin qeydiyyatının təkmilləşdirilməsi sahəsində bir sıra yeniliklər üzərində iş aparılır

Onu da vurğulamaq yerinə düşər ki, biznesin qeydiyyatının təkmilləşdirilməsi sahəsində bir sıra yeniliklər üzərində iş aparılır. Nəzərdə tutulan addımlara qeydiyyata qədər və qeydiyyatdan sonrakı prosesdə iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsinin əhatə dairəsinin genişləndirilməsi daxildir. Benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın və kommersiya hüquqi şəxslərə dair qeydə alınmış məlumatlardakı sonrakı dəyişikliyin (təsisçi dəyişikliyi) proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması imkanının yaradılması da gündəmdədir.

Özəl sektorun inkişafı üçün yeni imkanlar

Rəqəmsal xidmətlər biznes mühiti üçün əhəmiyyətli resursdur və bütövlükdə özəl sektorun inkişafını təmin edir. Bu, həm də qlobal çağırışların həllində vacib məqamdır.

Hazırda biznes iki böyük transformasiyadan keçir. Bunlardan birincisi rəqəmsal transformasiya, digəri isə davamlılıq transformasiyasıdır. Rəqəmsallaşma biznesin daha səmərəli və gəlirli olması ilə yanaşı, onun istehlakçı ehtiyaclarına və dəyişən bazar şərtlərinə uyğunlaşmasını da çevik hala gətirir. Rəqəmsallaşma iqtisadi artımı, rəqabət qabiliyyətini və davamlılığı təşviq edərək, əlverişli biznes mühitinə birbaşa töhfə verir. Rəqəmsal infrastrukturun dəstəklənməsi, rəqəmsal savadlılığın təşviq edilməsi və innovasiya ekosistemlərinin inkişafı ümumi biznes mühitini daha da gücləndirərək, onu sahibkarlar, investorlar üçün daha davamlı, dinamik və cəlbedici hala gətirir.

Rəqəmsallaşma əlverişli biznes mühitinə birbaşa töhfə verir

Rəqəmsal texnologiyalarla səciyyələnən biznes mühiti gələcək çağırışları idarə etmək, yeni imkanlardan yararlanmaq və dayanıqlı qlobal iqtisadiyyata töhfə vermək üçün daha yaxşı mövqeyə malik olur. Bu, həm də ölkəyə investisiya axınına töhfələr verir. Biznes mühitinin davamlı gələcəyi yeni texnologiyalara bağlıdır ki, ölkəmiz də bu sahədə fəal mövqe nümayiş etdirərək, biznes subyektləri üçün elektron yeniliklərin tətbiqini diqqətdə saxlayır.

Mənbə: vergiler.az

Sahibkarlıq fəaliyyəti üçün əlverişli ekosistem yaradılır