Müntəzəm və daimi xidmətlərin rəsmiləşdirilməsi

Vergi Məcəlləsinin 71-1.1.3-2-ci maddəsinə əsasən, müntəzəm və daimi əsaslarla göstərilən xidmətlər üzrə elektron qaimə-faktura hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt təqdim edilməlidir.  

Qanunvericiliyin bu tələbini iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

1 yanvar 2026-cı il tarixdən etibarən qüvvəyə minən həmin maddənin təhlili göstərir ki, bu qaydanın tətbiqi üçün 3 əsas şərt tələb olunur.

Birinci şərt xidmətin müntəzəm və daimi xarakter daşımasıdır. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsində “müntəzəm və daimi əsaslar” anlayışı digər maddələrdə də istifadə edilib. Məcəllənin 16.11.1-ci maddəsinə əsasən, təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarla alınan və elektron qaimə-fakturalarla rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən tərəflər arasında bağlanmış müqavilənin və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi ödəniş tapşırığında göstərilməlidir.

Banner

Misal 1

Şirkət yerləşdiyi iş mərkəzi ilə aylıq 1.000 manat məbləğində icarə müqaviləsi bağlayır. Bu halda icarə haqqını ödəyən şəxs ödəniş tapşırığında elektron qaimə-fakturanın rekvizitlərini deyil, müqavilənin nömrəsini və tarixini qeyd edə bilər.

Bu baxımdan, “müntəzəm və daimi əsaslarla göstərilən xidmətlər” dedikdə, uzunmüddətli, dövri xarakter daşıyan və hər ay təkrarlanan xidmətlər başa düşülür. Buna misal kimi vergi ödəyicisinin aylıq internet xidmətindən istifadəsini göstərmək olar.

İkinci şərt xidmətin hər təqvim ayı üzrə göstərilməsidir. Müntəzəm və daimi əsaslarla göstərilən xidmətlər üzrə elektron qaimə-fakturanın hər təqvim ayı üçün ayrıca təqdim edilməsi nəzərdə tutulur. Yəni elektron qaimə-faktura xidmətin göstərildiyi dövr üzrə aylıq əsasda rəsmiləşdirilməlidir.

Üçüncü şərt elektron qaimə-fakturanın təqdim edilmə vaxtıdır. Beynəlxalq daşıma xidmətlərində elektron qaimə-faktura daşıma xidmətlərinin başlanıldığı vaxtadək təqdim edildiyi halda, müntəzəm və daimi əsaslarla göstərilən xidmətlər üzrə elektron qaimə-faktura xidmətlərin göstərilməsinə başlanıldığı vaxt təqdim edilməlidir.

Misal 2

Vergi ödəyicisi qarşı tərəfə aylıq 40 manat məbləğində rabitə xidməti göstərir. Bu halda 2026-cı ilin mart ayı üzrə elektron qaimə-faktura fevral ayında təqdim oluna bilməz, yalnız mart ayının əvvəlində, yəni xidmətin göstərilməsinə başlanıldığı vaxt təqdim edilməlidir.

Təcrübədə mübahisə doğuran məsələlərdən biri müntəzəm və daimi əsaslarla göstərilən xidmətlərin dəyərinin hər ay fərqli olmasıdır. Məsələn, kart prosessinq mərkəzi tərəfindən banklara göstərilən xidmətlər müntəzəm və daimi xarakter daşısa da, hər təqvim ayı üzrə xidmətin dəyəri fərqli ola bilər. Bu, POS-terminallar vasitəsilə aparılan əməliyyatların sayı və məbləğindən asılı olaraq dəyişir və elektron qaimə-fakturada göstərilən məbləğ həmin göstəricilər əsasında formalaşır.

Digər mübahisəli məqam isə beynəlxalq daşıma xidmətlərində olduğu kimi, xidmətin tam şəkildə başa çatmaması ehtimalıdır.

Misal 3

Vergi ödəyicisi mühasibat uçotu üzrə xidmət göstərən konsaltinq şirkəti ilə müntəzəm və daimi əsaslarla əməkdaşlıq edir. Konsaltinq şirkəti tərəfindən 2026-cı ilin aprel ayı üzrə 2.000 manat məbləğində elektron qaimə-faktura təqdim edilib və ödəniş həyata keçirilib. Lakin vergi ödəyicisi aprel ayı ərzində göstərilən xidmətlərin keyfiyyətindən narazı qaldıqda xidmətin tam göstərilməməsi və ödənişin geri qaytarılması ilə bağlı tərəflər arasında mübahisə yarana bilər.

Bəzi həmkarlarımız hesab edirlər ki, qeyd olunan xidmətlər üzrə elektron qaimə-fakturanın öncədən təqdim edilməsi tələbi bir sıra vergi ödəyicilərinin hesabat dövrü üzrə sənədin tarixini süni şəkildə başqa dövrə keçirməsi hallarının qarşısının alınmasına xidmət edir.

Misal 4: Vergi ödəyicisi müqavilə əsasında qarşı tərəfə informasiya texnologiyaları üzrə xidmət göstərir. Müntəzəm olaraq aylıq göstərilən xidmət üzrə 2.000 manat məbləğində ödəniş nəzərdə tutulub. Bəzi hallarda vergi ödəyicisi ƏDV qeydiyyatı üçün müəyyən edilmiş 200.000 manatlıq həddən yayınmaq məqsədilə elektron qaimə-fakturanı qarşı tərəfə növbəti aylarda təqdim edir. Mümkündür ki, vergi ödəyicisi üç aylıq ödənişi bir elektron qaimə-faktura üzrə rəsmiləşdirsin. Nəticədə bəyan edilməli olan vergi öhdəliyi növbəti ayda tanınır.

Misal 5

Fərdi sahibkar qarşı tərəfə mühasibatlıq xidməti göstərir. Xidmətin hər ay göstərilməsinə baxmayaraq, vergi ödəyicisi rüb ərzində yalnız bir dəfə ümumi məbləğ üzrə elektron qaimə-faktura təqdim edir. Nəticədə fərdi sahibkar hər ay üzrə hesablanmalı olan məcburi dövlət sosial sığorta ayırmalarını rüb ərzində bir dəfə bəyan etməklə dövlət qarşısında yaranan öhdəliyini azaltmış olur.

Misal 6

Mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi dekabr ayında müəyyən edir ki, müntəzəm xidmət göstərdiyi vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim edəcəyi halda, 75 faiz güzəşt hüququnun itirilməsi baş verə bilər. Bu halda vergi ödəyicisi həmin xidmətlər üzrə elektron qaimə-fakturanı növbəti ilin əvvəlində təqdim etməklə gəlirin növbəti ilin gəliri kimi tanınmasına şərait yaradır.

Qeyd olunan dəyişiklikdən sonra vergi ödəyicisi müntəzəm və daimi əsaslarla göstərilən xidmətlər üzrə hər ayın əvvəlində, yəni xidmət faktiki olaraq göstərilməzdən əvvəl elektron qaimə-fakturanı təqdim etməli olacaq. Bununla da ayın əvvəlində elektron qaimə-fakturanın tərtib edilməsi ӘDV, mənfəət (gəlir) vergisi, məcburi dövlət sosial sığorta ayırmaları və digər icbari ödənişlərin tanınması üzrə vaxtın süni şəkildə dəyişdirilməsinin qarşısını alacaq.

Mənbə: vergiler.az